Mayın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində
və Azərbaycan Dövlət Neft Akademiyasında SABAH
qruplarının təqdimatı keçirilib. Təhsil Nazirliyinin
nümayəndələri hər iki ali təhsil müəssisəsində
tələbələrə, həmçinin professor-müəllim heyətinə SABAH
qruplarının yaradılmasının əhəmiyyəti barədə danışıblar.
Təqdimatda bildirilib ki, SABAH qrupları öz ixtisası
üzrə peşəkar mütəxəssis kimi yetişmək istəyən tələbələrə
geniş imkanlar açır. SABAH qruplarına daxil olan
tələbələr həm yüksək səviyyəli təhsil almaq şansı
qazanacaqlar, həm də təhsil müddətində əlavə təqaüd,
yataqxanada pulsuz yerləşdirilmə, qidalanma kimi bir
sıra maddi imtiyazlara malik olacaqlar.
Dövlət sifarişi ilə və ya ödənişli təhsil almasından
asılı olmayaraq, SABAH qruplarında oxuyan bütün
tələbələr SABAH təqaüdləri alacaqlar.
Sürətlə qloballaşan dünyada müasir baxışlar, yüksək
təhsil, bir neçə dil biliyi tələbənin gələcəkdə iş
tapmaq, uğurlu karyera qurmaq şansını əhəmiyyətli
dərəcədə artırır. Bunu nəzərə alaraq, SABAH qruplarında
tələbələrin istəklərinə uyğun çevik tədris proqramı
tətbiq olunacaq. Təhsil müddətində xarici ölkə
universitetləri ilə mübadilələr, əsas işəgötürənlərlə
mütəmadi əlaqələrə böyük önəm veriləcək.
SABAH qrupunun məzunu öz ixtisasını ana dili ilə yanaşı,
ingilis dilində də mükəmməl biləcək.
Qrupun fərqlənən tələbələri xarici ölkələrə təcrübəyə
göndəriləcək.
SABAH qrupları 33 ali təhsil müəssisəsində yaradılmaqla
52 ixtisası əhatə edəcək. Hər bir ixtisasın SABAH qrupu
həmin ixtisas üzrə ən yaxşı göstəricilərə malik ali
təhsil müəssisəsində yerləşəcək.
Nümunə: "İqtisadiyyat" ixtisası Azərbaycanın paytaxtı və
bölgələrini əhatə edən 20 ali təhsil müəssisəsində
tədris olunur. Bu ixtisas üzrə baza məktəb kimi
Azərbaycan Dövlət İqtisad Universiteti seçilib.
"İqtisadiyyat" ixtisası üzrə SABAH qrupuna düşmək üçün
seçim mərhələlərinə qatılan ən yaxşı 25 tələbə seçiləcək
və Azərbaycan Dövlət İqtisad Universitetinə köçürülərək
təhsillərini burada davam etdirəcəklər.
SABAH qrupuna tələbələr il ərzində qiymətlərinin orta
göstəricisi 61-dən aşağı olmayan I kurs tələbələri
arasından seçiləcək. SABAH-a qəbul olmaq istəyən tələbə
bunun üçün 3 mərhələdən keçməlidir - iyunun 12-dək
www.sabah.edu.az
saytında elektron qeydiyyata düşmək, iyulun 1-dən
15-dək 25 məntiq və 25 xarici dil olmaqla 50 sualdan
ibarət "SABAH" imtahanı vermək və sonda müsahibədən
keçmək. Bu mərhələləri daha yüksək nəticə ilə keçənlər
SABAH qrupunun tələbələri olacaq və ikinci kursdan
etibarən ixtisaslarına uyğun baza ali təhsil
müəssisəsində təhsillərini davam etdirəcəklər.
SABAH qrupları seçilmiş ixtisasın ən yaxşı tələbələrinin
və bu ixtisası ən keyfiyyətli tədris edən müəllimlərin
görüşdüyü məkan olacaq.
Qeyd edək ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində
riyaziyyat və informatika müəllimliyi, tarix və
coğrafiya müəllimliyi, ibtidai sinif müəllimliyi olmaqla
3 ixtisas üzrə SABAH qrupları yaradılacaq. Azərbaycan
Dövlət Neft Akademiyasında isə SABAH qrupları neft-qaz
mühəndisliyi, neft-qaz qurğuları mühəndisliyi,
elektroenergetika mühəndisliyi və kimya mühəndisliyi
ixtisaslarını əhatə edəcək.
SABAH qrupları ali təhsil müəssisəsində yerləşən "SABAH
Mərkəzi" vasitəsilə idarə olunacaq.
Mərkəzlərin işinə isə birbaşa Təhsil Nazirliyi nəzarət
edəcək.
www.edu.gov.az |