Mayın
13-də Təhsil Nazirliyinin nümayəndələri Azərbaycan
Memarlıq və İnşaat Universitetində, həmçinin Azərbaycan
Texniki Universitetində SABAH qrupları ilə bağlı
təqdimat keçirib.
Nazirliyin Aparat rəhbərinin müavini Yaqub Piriyev ilə
Tələbələrə dəstək və mübadilə proqramları sektorunun
müdiri Sülhəddin Gözəlov SABAH qruplarının
yaradılmasının əhəmiyyətini açıqlayıblar.
Təqdimatda bildirilib ki, SABAH qrupları müəyyən ixtisas
üzrə peşəkar mütəxəssis olmaq istəyən hər bir tələbəyə
yeni imkanlar açır. Bu qrupa qəbul olan tələbə oxuduğu
ixtisasın ən yüksək səviyyədə tədrisinin təşkil olunduğu
ali təhsil müəssisəsinə köçürüləcək. Həmin qruplara da
keyfiyyətli tədris bacarığı ilə seçilən müəllimlər dərs
deyəcək. Başqa sözlə, müəyyən ixtisas üzrə ən yaxşı
tələbələr və müəllimlər vahid məkana gətiriləcək.
SABAH qrupunda təhsil alan tələbələr üçün xüsusi proqram
əsasında tədris təşkil ediləcək. Bu zaman ingilis
dilinin və əsas fənlərin tədrisinə əhəmiyyətli yer
veriləcək. Təhsil müddətində tələbələrin şirkət
rəhbərləri, ictimaiyyət nümayəndələri, rəsmi şəxslərlə
görüşlərinin təşkili də planlaşdırılıb. Bu, SABAH
qrupunun tələbələrinin gələcək karyera imkanlarını
əhəmiyyətli dərəcədə genişləndirəcək.
SABAH qruplarının üstünlükləri tələbələrdə böyük maraq
doğurub. Təqdimatda bildirilib ki, SABAH qruplarında
təhsil alan tələbələr ödənişli və ya dövlət hesabına
oxumasından asılı olmayaraq xüsusi təqaüd alacaqlar.
Aztəminatlı tələbələr isə yataqxana və yeməklə təmin
olunacaqlar.
Təqdimatdan sonra Təhsil Nazirliyinin nümayəndələri
tələbələrin çoxsaylı suallarını cavablandırıblar.
Qeyd edək ki, mayın 12-dən iyunun 12-dək
www.sabah.edu.az internet saytı vasitəsilə
SABAH qruplarına elektron ərizə qəbulu keçirilir. İyulun
1-dən 15-dək isə 25 məntiq və 25 xarici dil olmaqla 50
sualdan ibarət imtahan mərhələsi olacaq. Bu mərhələləri
uğurla başa vuranlar müsahibəyə dəvət olunacaq.
www.edu.gov.az |