Heydər Əliyev Fondunun yaranmasının 10 illiyi ilə bağlı
mayın 12-də Həştərxanda təntənəli tədbir keçirilmişdir.
AzərTAc müxbiri xəbər verir ki, Heydər Əliyev Fondunun
yaradılmasının 10 illiyi münasibətilə Həştərxan Dövlət
Filarmoniyasında fondun ötən dövrdə Bakı ilə yanaşı,
respublikamızın regionlarında gördüyü işləri, həmçinin
Həştərxanda həyata keçirdiyi layihələri əks etdirən
fotosərgi nümayiş etdirilmişdir.
Vilayətin qubernatoru Aleksandr Jilkin Heydər Əliyev
Fondunun yaranmasının 10 illiyi münasibətilə Həştərxanda
tədbirin keçirilməsini əlamətdar və gözəl hadisə
adlandırmışdır. Ulu öndərin adını daşıyan fondun
yaranmasının 10 illiyinin dünya şöhrətli siyasi xadimin
anadan olmasının 91-ci ildönümü ilə eyni vaxta təsadüf
etdiyini deyən Aleksandr Jilkin fondun Həştərxanda
həyata keçirdiyi layihələrdən danışmışdır. O
bildirmişdir ki, Heydər Əliyev aondunun gördüyü işlər
artıq bütün dünyada yüksək qiymətləndirilir.
Həştərxan vilayətinin qubernatoru Azərbaycan Prezidenti
İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyevaya və fondun vitse-prezidenti Leyla
Əliyevaya vilayətə göstərdikləri diqqətə və həyata
keçirilən birgə layihələrə görə minnətdarlığını
bildirmişdir. Həştərxanda Azərbaycan diasporuna böyük
rəğbətin olduğunu deyən qubernator hazırda fondun
dəstəyi ilə şəhərdə uşaq bağçasının inşa olunduğunu
diqqətə çatdırmışdır.
Tədbirdə çıxış edən Azərbaycan Prezidenti
Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin
müdiri Əli Həsənov bildirmişdir ki, Rusiya Federasiyası
ilə qarşılıqlı faydalı əlaqələr və mehriban qonşuluq
münasibətləri Azərbaycanın xarici siyasətinin prioritet
istiqamətlərindən biridir. Əli Həsənov demişdir: "Bu gün
Azərbaycan-Rusiya əməkdaşlığı yüksələn xətt üzrə inkişaf
edir və hər iki dövlətin maraqlarına tam müvafiqdir.
Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində fəal
qarşılıqlı əlaqə saxlayır, ticari-iqtisadi, siyasi,
mədəni və başqa sahələrdə sıx əməkdaşlıq edirlər. Hər
iki dövlətin rəhbərlərinin birgə səyləri sayəsində XXI
yüzilliyin əvvəlində Azərbaycan-Rusiya münasibətləri
strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır".
Heydər Əliyev Fondunun fəaliyyətindən danışan Prezident
Administrasiyasının şöbə müdiri qeyd etmişdir ki, fondun
yaradılması təşəbbüsünün müəllifi məhz Azərbaycan
xalqının ümummilli lideri idi. Əli Həsənov
vurğulamışdır: "Ulu öndər hələ Azərbaycan Prezidenti
olduğu dövrdə istəyirdi ki, respublikada Azərbaycan
xalqına xidmət edən, xarici ölkələrlə mədəni əlaqələrin
genişləndirilməsi üzrə iş aparan, Azərbaycanın tarixi
reallıqlarını dünya birliyinə çatdıran bir fond
fəaliyyət göstərsin. Heydər Əliyevin vəfatından sonra bu
nəcib ideyanı Azərbaycanın birinci xanımı, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikası
parlamentinin deputatı Mehriban xanım Əliyeva
gerçəkləşdirdi".
Heydər Əliyev Fondunun təhsil və səhiyyə, elm və
mədəniyyət, ekologiya və idman, mədəniyyətlərarası və
konfessiyalararası dialoq sahələrində həyata keçirdiyi
genişmiqyaslı layihələrdən danışan Əli Həsənov demişdir:
"On ildə fondun təşəbbüsü və bilavasitə dəstəyi ilə
təkcə Azərbaycanda deyil, həm də onun hüdudlarından çox
uzaqlarda - Avropa və Asiyanın müxtəlif ölkələrində
çoxsaylı layihələr reallaşdırılmışdır. Uşaq evlərinin və
məktəblərin tikintisi, tarixi-mədəni abidələrin,
pravoslav və katolik kilsələrinin bərpası xalqlar
arasında qarşılıqlı anlaşmanın və qarşılıqlı etimadın
möhkəmlənməsinə, bəşəriyyətin mədəni irsinin qorunub
saxlanmasına və zənginləşməsinə xidmət edir.
Bu gün dünyanın dörd ölkəsində Heydər Əliyev Fondunun
nümayəndəlikləri fəaliyyət göstərir. Ümummilli liderin
nəvəsi Leyla xanım Əliyevanın rəhbərlik etdiyi Rusiya
nümayəndəliyi fondun ən fəal nümayəndəliklərindən
biridir. Bu nümayəndəlik Rusiyanın Azərbaycanlı Gənclər
Birliyi ilə birlikdə Azərbaycan xalqının tarixi-mədəni
irsinin və ənənələrinin təbliğinə yönəlmiş bir sıra
mühüm sosial-mədəni layihələr həyata keçirir,
respublikamız haqqında həqiqətləri Rusiya və dünya
ictimaiyyətinə çatdırır, Azərbaycan-Rusiya
münasibətlərinin möhkəmlənməsinə sanballı töhfələr
verir".
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
Böyük Vətən müharibəsində qələbənin əldə olunmasının
ildönümü münasibətilə təbriklərini tədbir
iştirakçılarına çatdıran fondun nümayəndəsi İlqar
Mustafayev ötən 10 il ərzindəki icra olunan
layihələrdən, bu qurumun dəstəyi ilə keçirilən
beynəlxalq tədbirlərdən danışmışdır. O qeyd etmişdir ki,
Heydər Əliyev Fondunun layihələri ümumilikdə bütün dünya
ictimaiyyəti tərəfindən çox müsbət qarşılanır. Fondun
prioritetləri, dünyanın bir sıra ölkələrində
reallaşdırdığı layihələrindən danışan İ.Mustafayev
fondun təhsilə dəstək layihəsi çərçivəsində Rusiyada
gördüyü işləri xatırlatmışdır.
Sonra 9 May Qələbə günü münasibətilə və Azərbaycan ilə
Həştərxan vilayəti arasında əlaqələrin dərinləşməsindəki
töhfələrinə görə bir neçə nəfərə Heydər Əliyev Fondunun
qiymətli hədiyyələri təqdim olunmuşdur.
Tədbir Azərbaycanın və Həştərxanın rəqs kollektivlərinin
çıxışları, ölkəmizin tanınmış incəsənət ustalarının
ifaları ilə davam etmişdir. Heydər Əliyev Fondunun
yaradılmasının 10 illiyi münasibətilə Həştərxanda
keçirilən tədbirlər ulu öndərin adını daşıyan parkda
təşkil edilmiş atəşfəşanlıqla yekunlaşmışdır. |