| 
						
						Prezident İlham Əliyev Fəxri xiyabanda ulu öndər Heydər 
						Əliyevin məzarını ziyarət edib  
						
						
						 Mayın 
						10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, 
						görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və 
						ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci 
						ildönümüdür. Qədirbilən Azərbaycan xalqı, bütün dünyada 
						Heydər Əliyevi tanıyanlar və sevənlər on birinci ildir 
						bu dahi şəxsiyyətin doğum gününü onsuz qeyd edirlər. 
						
						Hər il ümummilli liderimizin ad günü ərəfəsində olduğu 
						kimi, mayın 10-da da səhər tezdən respublika 
						ictimaiyyətinin nümayəndələri, ölkəmizin müxtəlif rayon 
						və şəhərlərindən Bakıya gəlmiş insanlar, Azərbaycan 
						paytaxtının qonaqları axın-axın Fəxri xiyabana üz tutur, 
						ulu öndər Heydər Əliyevin məzarı önünə əklillər, 
						təzə-tər güllər qoyur, onun əziz xatirəsini dərin 
						ehtiramla yad edir, ruhuna dua oxuyurlar. 
						
						Xalqımızın xilaskar oğlunun doğum günündə Azərbaycan 
						Respublikasının Prezidenti İlham Əliyev və xanımı 
						Mehriban Əliyeva, ailə üzvləri, ulu öndərin doğmaları, 
						yaxınları onun məzarını ziyarət etmək üçün Fəxri 
						xiyabana gəldilər. 
						
						Prezident İlham Əliyev ümummilli liderimiz Heydər 
						Əliyevin məzarı önünə əklil qoydu, ulu öndərin ruhu 
						qarşısında baş əydi. 
						
						Azərbaycan Respublikasının Dövlət himni səsləndi. 
						
						Prezident İlham Əliyevin xanımı Mehriban Əliyeva və ailə 
						üzvləri ümummilli liderin abidəsi önünə gül dəstələri 
						qoydular. 
						
						Sonra dövlətimizin başçısı və ailə üzvləri ulu öndərin 
						ömür-gün yoldaşı, oftalmoloq-alim, akademik Zərifə xanım 
						Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və 
						tanınmış həkim, alim Tamerlan Əliyevin məzarlarını 
						ziyarət etdilər və gül dəstələri qoydular. 
						
						Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət 
						edilməsi mərasimində Baş nazir Artur Rasizadə, Milli 
						Məclisin sədri Oqtay Əsədov, Prezident 
						Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, 
						komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları 
						iştirak edirdilər.  
						
						
						AzərTAc 
 
						
						Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin 
						anadan olmasının 91-ci ildönümü münasibətilə paytaxtda 
						təşkil edilmiş Gül bayramında iştirak edib 
						
						
						 Azərbaycan 
						xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim 
						Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü 
						münasibətilə Heydər Əliyev Sarayının qarşısındakı parkda 
						və sarayın arxasındakı Şəhər Mərkəzi Parkında Gül 
						bayramı keçirilmişdir. 
						
						Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə 
						üzvləri Gül bayramında iştirak etmişlər. 
						
						Heydər Əliyev Sarayının qarşısındakı park və sarayın 
						arxasında yerləşən Şəhər Mərkəzi Parkı öz görkəmini tam 
						dəyişmiş, paytaxt sakinləri və qonaqların sevimli 
						istirahət yeri olan bu ərazi bu gün möcüzəli gül bağına 
						çevrilmişdi. Hər il məhz Heydər Əliyev Sarayının 
						qarşısındakı parkda təşkil olunan gül bayramı bu il də 
						ənənəvi təntənəsini yaşadı və öz ərazisini daha da 
						genişləndirdi. 
						
						Mayın 10-da Gül bayramına Heydər Əliyev Sarayının 
						arxasında yerləşən Şəhər Mərkəzi Parkı da qoşuldu, ərazi 
						güllərdən ibarət olan maraqlı kompozisiyalarla 
						bəzədildi. Paytaxt sakinlərinin, şəhərimizin 
						qonaqlarının sevimli bayramlarından olan Gül bayramı 
						ənənə üzrə ən sevimli istirahət məkanlarından birində 
						baş tutur. Parkda müxtəlif çiçəklərdən gül xalıları, 
						maraqlı kompozisiyalar yığılmışdır. Bakı Şəhər İcra 
						Hakimiyyətinin təşkil etdiyi bu bayramda çiçək və 
						bitkilərdən, yarpaqlardan hazırlanan rəngarəng 
						kompozisiyalar görünüşü və ifadəliyi ilə seçilir, 
						gözəlliyin hədsiz imkanlarını nümayiş etdirir, hər kəsdə 
						xoş ovqat yaradır. 
						
						Burada diqqəti parkın mərkəzində müstəqil dövlətimizin 
						qurucusu, xalqımızın dahi oğlu, anadan olmasının 91-ci 
						ildönümünü qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin 
						ucalan əzəmətli abidəsi cəlb edir. Abidənin postamenti 
						güllərlə bəzədilmişdir. Xalqımızın ümummilli liderinin 
						abidəsinin ucaldığı parkda Gül bayramının təşkil 
						olunması dahi Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti 
						olmaqla yanaşı, həm də paytaxt sakinlərinin xoş 
						istirahətinin təşkili baxımından da gözəl addımdır. 
						
						Parkda rəngbərəng güllərdən hörülən, yazın gəlişinə həsr 
						olunan kompozisiyalar nümayiş etdirilir. Gül bayramında 
						hər yan göz oxşayır, hər tərəf al-əlvan rəngə 
						bürünmüşdür. Rənglər o qədər əlvandır ki, istər-istəməz 
						insanda xoş ovqat yaradır. Fəvvarələr də güllərlə əhatə 
						olunmuşdur. Minlərlə çiçəyin, gülün bir arada toplandığı 
						bu məkanda heç nə bir-birini təkrarlamır. Elə buraya 
						toplaşan uşaqlar da güllər kimi saf və ətirlidir. 
						Onların gülləri xatırladan müxtəlif libaslarda bayrama 
						təşrif buyurmaları bu gözəl gündə insanların ovqatını 
						daha da artırır. 
						
						Əzəmətli kompozisiyalardan biri də Heydər Əliyev Sarayı 
						qarşısında qurulmuşdur. Bu kompozisiyanı ulu öndərin 
						portreti bəzəyir. 
						
						Dövlətimizin başçısı, xanımı və ailə üzvləri parka 
						toplaşan uşaqlarla səmimi söhbət etdilər, xatirə şəkli 
						çəkdirdilər. 
						
						Bu il Gül bayramının daha bir maraqlı məqamı ondan 
						ibarət oldu ki, yüzlərlə uşaq bu ərazidə yürüş etdilər. 
						
						Prezident İlham Əliyev Bakının müxtəlif ərazilərində 
						yaradılacaq müvəqqəti avtomobil duracaqlarının sxemi ilə 
						tanış oldu. Bildirildi ki, Dövlət Yol Polisi və Bakı 
						Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat 
						İdarəsinin birgə işi nəticəsində müəyyən olunmuş 
						küçələrin sağ və sol hissələrində avtomobillər üçün 
						bircərgəli dayanacaqlar yaradılacaqdır. Ödəniş etmək 
						üçün dayanacaqlarda xüsusi bankomatlar 
						quraşdırılacaqdır. Bu sistem şəhərdə tıxacların 
						qarşısının alınmasına xidmət edəcəkdir. 
						
						Ümummilli lider Heydər Əliyevin xatirəsinin bahar 
						çiçəkləri ilə anılması əlbəttə ki, ulu öndərə xalqımızın 
						dərin hörmət və ehtiramını nümayiş etdirir. Parkda 
						müxtəlif dibçək və kəsilmə güllərindən, qurudulmuş gül 
						və bitki kollarından, göz oxşayan eksponatlardan ibarət 
						sadə və eyni zamanda, orijinal üslublu kompozisiyalar 
						qurulmuşdur. Hər tərəf baharın xoş ovqatına bürünmüşdür. 
						
						Artıq Bakıda ənənə halı alan Gül bayramı dünyanın ən 
						nadir gözəlliklərini bir arada toplamaqla ulu öndər 
						Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, ümummilli 
						liderin doğum gününün bu cür möhtəşəm formada qeyd 
						olunması ilə yadda qalır, özü də ən xoş hisslərlə.  
						
						
						 AzərTAc |