17
yaşlı Minirə Nəcəfzadə Azərbaycan Milli
Konservatoriyasının tərkibində fəaliyyət göstərən
Respublika İncəsənət Gimnaziyasının XI sinif şagirdidir.
Minirə orta məktəb təhsilini əla qiymətlərlə oxumaqla
bərabər, Azərbaycan və xarici ölkə bəstəkarlarının
yaradıcılığına müraciət edərək onların dərin məzmunlu
əsərlərini ustalıqla ifa edir.
I sinfi bitirərkən onun fitri istedadı 2003-2004 tədris
ili üzrə məktəbin Kirxada keçirilən yekun hesabat
konsertində, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət
Simfonik Orkestrinin müşayiəti və respublikanın əməkdar
incəsənət xadimi, maestro A.Əliyevin dirijorluğu ilə
çalınan İ.Berkoviç - "Fortepiano ilə simfonik orkestr
üçün Konsert" əsərinin ifası zamanı özünü ilk dəfə
büruzə verib.
II sinifdə oxuyarkən "Fortepiano və orkestr üçün
konsertlərin ən yaxşı ifası" müsabiqəsinin ən gənc
ifaçısı olan Minirə "Pyeslərin ən yaxşı ifası"
müsabiqəsinin II dərəcəli diplomlarına layiq görülüb.
Dünyaşöhrətli violonçel ifaçısı Yo-Yo Ma 2006-cı ilin
may ayında Azərbaycan Milli Konservatoriyasının müəllim
və tələbələri ilə keçirilən "Master-klass" tədbirində
III sinif şagirdi M.Nəcəfzadənin fortepianoda ifa etdiyi
"Niyazi - Xoreoqrafik vals" əsərini respublikamızın
incəsənət xadimlərindən A.Məlikov, F.Əlizadə, S.Kərimi
və başqaları ilə birgə dinləyib. Konsertin sonunda Yo-Yo
Ma Minirə ilə bağlı fikirlərini belə ifadə edib: "Bu
istedadlı qızın ifasını dinləməklə belə qənaətə gəlirəm
ki, əgər onun özünü büruzə verən yaradıcılıq potensialı
inkişaf etdirilərsə, gələcəkdə Azərbaycanın ümidverən
musiqiçilərindən ola bilər".
V sinifdə oxuyarkən Minirə Dövlət Proqramı çərçivəsində
xüsusi istedada malik olan uşaqların potensialının üzə
çıxarılması üzrə keçirilən tədbirin və həmçinin Paris
şəhərində keçirilən N.Rubinşteyn adına IX beynəlxalq
musiqi müsabiqəsində 2-ci yeri tutması münasibətilə
verilən Fəxri fərmanlar ilə, VI sinifdə isə İtaliyanın
Gioia del Colle şəhərində keçirilən Pietro Argento adına
XII beynəlxalq musiqi müsabiqələrin qalibi "Laureat II
yer" diplomuna və "Pietro Argento" medalına layiq
görülməsilə əlaqədar Azərbaycan Milli Konservatoriyası
tərkibində Respublika İncəsənət Gimnaziyasının direktoru
tərəfindən "Tərifnamə" ilə təltif olunub.
Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının
qərarı ilə Azərbaycan Milli Konservatoriyası tərkibində
Respublika İncəsənət Gimnaziyasının V sinif şagirdi
Nəcəfzadə Minirə İlham qızı beynəlxalq müsabiqələrdə
yüksək nailiyyətlər qazandığına, respublikanı layiqincə
təmsil etdiyinə görə Fəxri fərman ilə təltif edilib.
2008-ci ilin aprel ayında Fransanın Paris şəhərində
keçirilən N.Rubinşteyn adına IX, 2009-cu ilin may və
2011-ci ilin iyun aylarında İtaliyanın Gioia del Colle
şəhərində keçirilən Pietro Argento adına XII, XIV
beynəlxalq musiqi müsabiqələrinin qalibi olaraq "Laureat
II yer" diplomlarına, həmçinin iki dəfə "Pietro Argento"
medalına layiq görülüb. 2010-cu ilin may ayında
İspaniyanın Palma de Mallorka şəhərində keçirilən XVII
beynəlxalq musiqi müsabiqəsinin "Laureat I yer" zirvə
mükafatını əldə etməklə Azərbaycanı uğurla,
müvəffəqiyyətlə təmsil edərək dövlətimizin adını və
bayrağını ucaldıb. Həmin ilin noyabrında İngiltərənin
Nyukastl şəhərində keçirilən gənc fortepiano
ifaçılarının beynəlxalq musiqi müsabiqəsinin I dərəcəli
diplomu ilə də mükafatlandırılıb.
2011-ci ilin noyabrında İsveçin Stokholm şəhərində
keçirilən "Rondo" II beynəlxalq musiqi müsabiqəsində
"Laureat III yer" diplomuna layiq görülüb.
2012-ci ilin iyul ayında Maltanın Valletta şəhərində
keçirilən beynəlxalq musiqi müsabiqəsi zamanı yarışaraq
ən yüksək nominasiya "Laureat I yer" mükafatını alıb.
2013-cü ilin martında Maltada yenidən keçirilən
beynəlxalq musiqi müsabiqəsində Xüsusi priz mükafatı və
həmin ilin may ayında ABŞ-ın Nyu-York şəhərində
keçirilən "International Piano and Strings - 2013"
beynəlxalq musiqi müsabiqəsində "Laureat I yer" əldə
edib.
2014-cü ildə Almaniyanın Köln şəhərində keçirilən
"Clavicologne" və Fransanın Paris şəhərində keçirilən
N.Rubinşteyn adına XII beynəlxalq musiqi müsabiqələrində
"Laureat I yer" olaraq yüksək nailiyyətlər qazanıb.
Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında
Fərmana uyğun olaraq, 2010-cu ildə Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanın
gənc istedadlarının "Qızıl kitab"ına adı yazılaraq,
Prezident təqaüdünə layiq görülüb.
Gələcəyin ümidverən pianoçusu ümumdünya müsabiqələrində
nailiyyətlər əldə etməklə, professional musiqi
ifaçılığının sirlərinə dərindən yiyələnərək,
Azərbaycanın adını yüksəklərə qaldırmaq arzusundadır. |