Mayın 3-də Qafqaz Universitetində respublikamızın
ümumtəhsil məktəbləri şagirdlərinin VII İnformatika
Layihə Olimpiadası (İLO) keçirildi. Azərbaycan
Beynəlxalq Təhsil Mərkəzi "Nano Elektronica Estet
Kompani" şirkətinin təşkilatçılığı ilə baş tutan
olimpiadanın açılış mərasimində Beynəlxalq Təhsil
Mərkəzinin, Qafqaz Universitetinin, ölkənin elm və
təhsil ictimaiyyətinin nümayəndələri ilə yanaşı mayın
2-də "Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya"
mövzusunda keçirilmiş IV Beynəlxalq konfrans
çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyənin Fatih
Universitetinin rektoru, professor Şerif Ali Tekalan,
Turqut Özal Universitetinin rektoru, professor
Abdulkadir Şengün, Süleyman Şah Universitetinin rektoru,
professor Hüseyn Ekiz də iştirak edirdilər.
Universitetin əsas tədris korpusunun foye və dəhlizində
olimpiada iştirakçılarının təqdim etdikləri layihələrin
nümayiş olunduğu stendlərdən ibarət sərgi açılmışdı.
Rəmzi açılış lenti kəsildikdən sonra tədbir
iştirakçıları və qonaqlar sərgini gəzib stendlərdə
nümayiş etdirilən layihələrlə tanış oldular. Məlumat
verildi ki, "Lazım olsa super bir veb səhifə
hazırlayaram, mən də film çəkə bilərəm, animasiya yarışı
olsaydı qatılmaq istərdim, proqram yazmaq mənlikdir,
uşaqlıqdan maraqlı qurğular hazırlamaq xəyalımdır" kimi
fikirlər bir çox gəncimizdə var. Əgər siz də
bunlardansınızsa onda bu yarış sizin üçündür" devizi
altında təşkil olunmuş olimpiada informasiya
texnologiyaları və kompüter sahəsində ən bacarıqlı
şagirdləri üzə çıxarmaq və bir araya gətirmək arzusundan
doğmuşdur. Yarışda ölkəmizin müxtəlif bölgələrində
yerləşən məktəblərdən şagirdlər iştirak edirdilər.
Yarışın məqsədi isə şagirdləri öz ideyalarını kompüterdə
tətbiq edərək maarifləndirici və tərbiyəvi əhəmiyyətli
layihələr hazırlanması və bunun vasitəsi ilə onların həm
kompüter biliklərinin artmasına yardımçı olmaq, həm də
kompüterdən daha yaxşı məqsədlər üçün yararlanmağa
təşviq etməkdən ibarət idi.
Olimpiadanın finalına 5 nominasiya üzrə 52 layihə təqdim
olunmuşdu. Onlardan 14 layihə qısa filmə, 9-u
animasiyaya, 11-i veb səhifəyə, 7-si proqramlaşdırmağa,
11-i isə robota aid idi.
Yüzlərlə ziyarətçi olan sərgidə Beynəlxalq Təhsil
Mərkəzinin Türk liseyləri şagirdlərinin hazırladığı
yanğınsöndürən maşın və Sumqayıtdakı "Təfəkkür" liseyi
şagirdlərinin təqdim etdikləri işığın polyarlaşması və
maşınqayırmada tətbiqi layihələri daha çox diqqəti cəlb
edirdi. Elə həmin gün layihələr ixtisaslı müəllimlər və
İKT üzrə mütəxəssislər tərəfindən qiymətləndirilərək
qaliblər müəyyənləşdirildi, onlara diplom və hədiyyələr
təqdim olundu.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |