"Demokratik İnkişaf Platforması" və "Təhsil
Tədqiqatları Mərkəzi" ictimai birliklərinin Azərbaycan
Respublikası Təhsil Nazirliyinin maliyyə yardımı ilə
həyata keçirdikləri "Təbiət fənləri üzrə Avropanın
innovativ təcrübə texnologiyalarının Azərbaycan
ümumtəhsil məktəblərində tətbiqinə dəstək" layihəsi
aprelin 3-də başa çatıb.
Layihə çərçivəsində ərazisi işğal altında olan
rayonların Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu
ərazisində fəaliyyət göstərən 67 ümumi təhsil məktəbinin
92 nəfər fizika, kimya və biologiya müəllimi təlim
kursundan keçirilib və onlara müvafiq sertifikatlar
verilib.
Layihə laboratoriya şəraiti olmadığı hallarda təbiət
fənləri üzrə praktik eksperimentlərin həyata
keçirilməsinə aid alternativ Avropa texnologiyasından
istifadə qaydalarının öyrədilməsini reallaşdırıb.
"Kopernik" Elmi Mərkəzində işlənib hazırlanmış bu
texnologiyadan hazırda inkişaf etmiş dünya ölkələrinin
təhsil sistemi geniş şəkildə yararlanır.
Təhsil Nazirliyinin yardımı ilə həyata keçirilən bu
layihə müvafiq istiqamətdə Azərbaycanda icra edilən 4-cü
layihədir. Artıq bu təcrübə texnologiyasının öyrədilməsi
istiqamətində Azərbaycanda 390 nəfər müəllim müvafiq
kurs təlimlərindən keçirilib.
Layihənin sonuncu mərhələsində təlimlərdə iştirak etmiş
müəllimlərin işlədikləri ümumtəhsil məktəblərində
innovativ təcrübə texnologiyası əsasında apardıqları
dərs məşğələlərinin effektivlik səviyyəsi, bu
texnologiyanın fənlərə şagird marağının artırılmasında
rolu, müvafiq məktəb rəhbərliyinin və fənn
müəllimlərinin bu texnologiyanın tətbiqinə münasibətləri
canlı olaraq müşahidə edilib, öyrənilib və müşahidələrin
nəticələri müvafiq təhsil ictimaiyyəti nümayəndələrinin
iştirakı ilə müzakirə edilib.
Müşahidələr zamanı müəyyən edilib ki, təlimlərə cəlb
edilmiş müəllimlər təlimlər bitəndən sonra layihə
çərçivəsində alternativ təcrübə texnologiyası barədə
yeni bilik və bacarıqlara yiyələnə biliblər və bu
texnologiyanın tətbiqi nəticəsində şagirdlərin fənnə və
elmə marağını yaratmaq tamamilə mümkündür.
Layihə çərçivəsində təlimləri başa vuran 92 nəfər
müəllimin işlədikləri məktəblərdə fəaliyyət göstərən
digər həmkarlarını da həmin təcrübə texnologiyası
əsasında təlimatlandırmaları barədə həmin müəllimlər və
məktəb rəhbərləri ilə müzakirələr aparılıb və təlimati
məsləhətlər verilib.
Müraciətlərdə layihə çərçivəsində nəşr edilən və
paylanan metodiki vəsaitin fizika, kimya və biologiya
müəllimləri üçün qiymətli mənbə olduğu vurğulanıb.
"Təhsil Tədqiqatları Mərkəzi" İB-nin Mətbuat xidməti |