Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2014 - №17

 

Nəsillərin müəllimi Arif müəllim

 

Bu il akademik Məmməd Arif Dadaşzadənin anadan olmasının 110 ili tamam olur 

Haqqında söhbət edəcəyimiz alim filologiya elmləri doktoru, əməkdar elm xadimi, akademik, ictimai xadim, xalqına ləyaqətlə xidmət etmiş Məmməd Arif Dadaşzadədir. Belə şəxsiyyətlərin elmi irsi xalqımızın milli sərvətidir. Milli maddi-mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsinə dövlətimiz daimi qayğı göstərir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük alim Məmməd Arifin anadan olmasının 110 illiyinin qeyd olunmasına dair imzaladığı sərəncam bu qayğının bariz ifadəsidir. Sərəncamda deyilir: "2014-cü ilin iyun ayında görkəmli Azərbaycan ədəbiyyatşünası və tənqidçisi, tanınmış pedaqoq və ictimai xadim, respublika Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, akademik Məmməd Arifin (Məmməd Arif Məhərrəm oğlu Dadaşzadənin) anadan olmasının 110 illiyi tamam olur". Sərəncamda Azərbaycan Milli Elmlər Akademiyasına tapşırılıb ki, Təhsil Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, akademik Məmməd Arifin 110 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin".

Azərbaycan Dövlət  Universitetində bizə ən çox dərs deyən, bizimlə ünsiyyətdə olan, geniş rus ədəbiyyatı tarixi kursunu aparan  Məmməd Arif müəllim idi. O, bizə üç semestr dərs dedi, bütün tələbələr təəssüf edirdi ki, kaş kurs tamamlanmayaydı. Uca boyu, düz qaməti, ağır təbiəti, olduqca səliqəli geyimi ilə, sözün həqiqi mənasında, bir şəxsiyyət kimi seçilirdi. Sifətindən zəhm tökülürdü,  ədalətli adam idi. Nitqi çox dolğun və mükəmməl olan Arif müəllimin ifadə etdiyi cümlədən söz çıxarmaq, yaxud ora nəsə əlavə etmək mümkün deyildi. Mühazirəsi dərin məzmuna malik olurdu. O illərdə dərs vəsaiti yox idi, ölkə müharibədən, demək olar ki, təzə çıxmışdı. Ona görə də tələbənin oxumalı olacağı yeganə mənbə müəllimin müharizəsi idi. Odur ki, bütün tələbələr müəllimin dediklərini yazıya almağa çalışırdı. Bir dəfə tələbələrdən biri mühazirə zamanı yadda saxlaya bilmədiyi bir fikri təkrar etməyi müəllimdən xahiş etdi.

Arif müəllim çox sakitcə dedi: - Siz mənim sözlərimin hamısını yaza bilməzsiniz, nəyi  tuta bilirsiniz, onu yazsanız, bəsdir.

 Tələbə yenidən dedi:

- Müəllim, axı, imtahanda soruşacaqsınız.

Arif müəllim çox əsəbiləşdi  və  dedi:

- Mən səhv edərəm, dediyimin hamısını sizdən soruşaram.

 Obyektiv adam olduğundan, inana bilmərəm ki, hətta Arif müəllimə çox yaxın olan adam belə cəsarət edib, deyə ki, bilməyən tələbəyə qiymət yaz və Məmməd Arif müəllim  də onun  xahişini nəzərə ala.

İmtaham  zamanı yaxşı oxuyan bir yoldaşımızın cavabı onu qane etmədiyi üçün Arif müəllim ona "3" qiymət yazdı, həmin oğlan narazı qaldığını müəllimə bildirdi: 

"Müəllim, mən heç "4" qiymət almamışam, siz mənə "3" qiymət  yazırsınız". Arif müəllim halını pozmadan dedi: "Təbrik edirəm". Bununla da söhbət tamamlandı.

Arif müəllim imtahan  zamanı obyektiv olduğundan, kimin neçə qiymət alması ilə maraqlanmırdı. Mən imtahan verəndə qiymətimi yazdı və dedi:

- Ele et ki, mənim verdiyim qiymət qiymətlər arasında tək qalmasın. Dedim:

- Müəllim, hamısı ondandır, tək deyil.

Universiteti bitirdikdən sonra bir neçə il kənddə  müəllim işlədim, qəzetdə - Azərbaycan EA-nın Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasına qəbul haqqında elan oxudum. Mən də Bakıya gəlib həmin instituta  sənəd verdim. Böyük müsabiqə  var idi. İmtahan təyin olunduğu vaxtdan xeyli gec başladı. Bir qədər gözlədikdən sonra sənəd verənlərdən birini - əlbəttə, mən onu tanımadığım üçün adını unutmuşam,  Arif müəllimin çağırdığını dedilər. Arif müəllim ona dedi: kağız, qələm götür:

- Bu institutun adını yaz!

- Doğulduğun rayonun adını yaz!

 Bu tərzdə Arif müəllim bir neçə söz və ifadə yazdırdıqdan sonra oğlandan soruşdu: Sən haranı bitirmisən, səni orta məktəbdə kəsməli idilər.

Sonradan aydın oldu ki, Arif müəllimin oğlana yazdırdığı  həmin sözlər ərizədə səhv yazılan sözlərdir, Arif  müəllim səhvlərə görə oğlanı imtahana buraxmadı, komissya üzvləri təklif etdilər ki, sual  verək, bəlkə yaxşı cavab verəcək. Arif müəllim isə "mən bu biliyə malik olan adama sual verib, özümü təhqir etmərəm" - deyərək qəti etiraz etdi.

Məmməd Arifin fəaliyyəti təkcə müəllimliklə məhdudlaşmırdı. O, hər şeydən əvvəl, bacarıqlı elm təşkilatçısı, ictimai xadim idi. Nizami adına Ədəbiyyat və Dil İnstitutunun  direktoru, Azərbaycan  Elmlər Akademiyasında ictimai elmlər bölməsi üzrə akademik katib, sonra isə 1960-cı ildən ömrünün axırına qədər isə vitse-prezident kimi vəzifələrdə çalışmışdı.

Akademik Məmməd Arif Dadaşzadə qüdrətli, hərtərəfli filoloq alim kimi Azərbaycan və rus ədəbiyyatının mükəmməl bilicisi idi. Azərbaycan ədəbiyyatı tarixinə aid elə bir fundamental tədqiqat əsəri təsəvvür etmək olmaz ki,  Məmməd Arif orada aparıcı adam olmasın. O, qüvvətli, obyektiv tənqidçi kimi "Azərbaycanın Belinskisi" adını qazanmışdı. Məmməd Arifin tənqidi fikri obyektiv və kəsərli tənqid idi. "Cəfər Cabbarlının yaradıcılıq yolu" adlı sanballı  tədqiqatı ilə yazıçının yaradıcılıq xüsusiyyətini təfsilatı ilə açıb oxucunun nəzərinə çatdırırdı. Bu tədqiqat əsərini oxuduqdan sonra C.Cabbarlının necə istedad sahibi olduğunu aydınlığı ilə dərk etmək mümkündür. Bu tədqiqat əsəri Arif müəllimin doktorluq dissertasiyası  işi kimi formalaşdırılmışdır. Həm də bu əsərin müdafiə günü çox əlamətdar bir təbii hadisəyə - günəşin tutulması vaxtına (1954) təsadüf edir. Bu illərdə mən kənd məktəbində müəllim işləyirdim. Bakıya gəlmişdim. Əziz müəllimim- Arif Dadaşzadənin mübarək  müdafiə məclisində iştirak edirdim. Müdafiənin gedişində yavaş-yavaş hava qaralmağa başladı. Müzakirəni yarımçıq saxladılar, adamlar  günün tutulmasını müşahidə etdikdən sonra hava açıldı, müdafiə şurası öz işini davam etdirdi.

Akademik Məmməd Arifin sayını hesablamaq  çətin olduğu tədqiqat işləri arasında mənim, elecə də oxucuların diqqətini çəkən "Səməd Vurğunun dramaturgiyası" əsəridir. Bu tədqiqatdan sonra Arif müəllimin bir fikri oxucular arasında aforizmə çevrilib: "Səmədi Səməd edən Vaqifdir, Vaqifi Vaqif edən Səməddir".

Məmməd Arif Dadaşzadə, yuxarıda deyildiyi kimi, rus ədəbiyyatının gözəl bilicisi idi. Ona görədir ki, Məmməd Arif Azərbaycan Dövlət Universitetində rus ədəbiyyatı kafedrasına rəhbərlik etmişdir. Onun rus ədəbiyyatı klassiklərindən A.S.Puşkin, V.Q.Belinski, L.Tolstoy, A.P.Çexov və başqaları haqqında  yazdığı kitablar  oxucunu heyran etməyə bilmir. Arif müəllimin V.Q.Belinski haqqında dediyi bir fikir indi də hafizəmdə qalır: "Belinski  elə ürəklə çıxış edirmiş ki, ona o dövrdə Belinski "neistıviy Vissarion" (dönməz Vissarion) deyərlərmiş. Bu fikri Arif müəllimin özü haqqında da söyləmək olar.

Ədəbiyyatşünaslıq sahəsində  Məmməd Arifin sözü inam mənbəyi idi, məcazi mənada  desək, ədəbiyyatşünaslıqda möhür rolu oynayırdı. Müəyyən bir problemin izah olunmasında razılığa gələ bilməyəndə, Məmməd Arifə müraciət etməyə ehtiyac duyurdular. Yaxşı yadımdadır, keçən əsrin 70-ci illərində Azərbaycan  ədəbiyyatşünaslığında özlərinin dəst-xətti, kəsərli sözü olan iki müqtədir alim Əziz Mirəhmədov və Yaşar Qarayev arasında romantizm haqqında mübahisə - elmi polemika gedirdi, mübahisə mətbuatda da öz əksini tapırdı. Həmin elmi mübahisədə yenə də  Məmməd Arifə müraciət etməyin lazım olduğu qənaətinə gəlirlər. Əziz Mirəhmədovun fikirləri bu cəhətdən  maraqlıdır:

"...Mən yenə Məmməd Ariflə məsləhətləşməyi lazım bilirəm, çünki o, tərəqqisevər romantiklərdən çoxu haqqında yazmış və onların spesifik yaradıcılıq simasını, bu sənətkarları bir-birindən  və Sabirdən fərqləndirən sifətləri çox aydın səciyyələndirmişdir" (Bax: Sovet ədəbiyyatşünaslığının aktual problemləri, "Elm" nəşriyyatı. Bakı 1974, səh.159).

Məmməd Arif müqtədir tərcüməçi idi. Azərbaycan oxucuları rus ədəbiyyatının korifeylərindən L.Tolstoyun "Hərb və sulh", N.Ostrovskinin "Polad necə bərkidi", M.Qorkinin "Dankonun ürəyi", "Makar Çudra", dünya ədəbiyyatından  M.Servantesin "Don Kixot" və s. kimi bədii əsərlərini Məmməd Arifin tərcüməsində oxuyurlar. Adı qeyd olunan əsərlərin həcmini, mövzusunu təsəvvürə gətirdikdə, Məmməd Arifin yaradıcılığına bələd olmayan adamlar da onun xidmətləri barədə müəyyən qənaətə gələ bilər.

Məmməd Arif müxtəlif vəzifələrdə çox gərgin iş aparmaqla bərabər, orta məktəbdə  ədəbiyyatımızın keyfiyyətlə tədris olunmasına da lazımı qayğı göstərmişdir. O, uzun müddət X sinif üçün ədəbiyyat dərsliyinin müəllifi olmuşdur. Eyni zamanda Maarif Nazirliyi nəzdində  Tədris Metodik şuraya rəhbərlik etmişdir.

Bu isə o deməkdir ki, Məmməd Arif Dadaşzadə görkəmli ədəbiyyatşünas kimi müxtəlif tarixi, nəzəri problemlərə aydınlıq gətirməklə yanaşı,  özündən sonrakı nəsillərə çatdırılmasına da qayğı göstərmişdir. 

Şəmistan MİKAYILOV,
pedaqogika üzrə elmlər doktoru, professor, Prezident təqaüdçüsü

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov