Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2014 - №17

 

Ən yaxşı müəllimlərimiz

 

Hökümə XƏLƏFLİ,
Heydər Əliyev adına liseyin ibtidai sinif müəllimi

1976-cı ildə Bakı şəhərində anadan olub. 1994-cü ildə Bakı Pedaqoji Kollecini fərqlənmə diplomu ilə bitirib. 2004-cü ildə Təhsil Nazirliyinin Kollegiyasının müvafiq qərarı ilə "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2005-ci il tarixli sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2009-cu il tarixli sərəncamı ilə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olub. 1999-cu ildən başlayaraq təhsil islahatları çərçivəsində keçirilən bir sıra konfransların fəal iştirakçısıdır. Təhsil Nazirliyinin və QHT-nin tərəfindən təhsilin inkişafına, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılmasına xidmət edən, müxtəlif mövzularda keçirilən təlimlərin və layihələrin iştirakçısı olmuş, "Fəal təlim", kurikulum islahatlarının tətbiqi, "Kiçik məktəblilərə İH-nın tədrisi metodikası", "Kliniki müdafiə" və digər mövzularda təşkil olunmuş təlimlər üzrə respublikamızın müxtəlif bölgələrində təlimçi kimi fəaliyyət göstərmişdir. Bundan başqa, şagirdlər üçün bir sıra tədris materiallarının hazırlanmasında məsləhətçi kimi iştirak etmişdir.

 

 


Akif HÜSEYNLİ,
Heydər Əliyev adına liseyin coğrafiya müəllimi

1954-cü ildə Cəbrayıl rayonunda anadan olub. 1976-cı ildə akademik Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun təbiət-coğrafiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Akif Hüseynli 40-dan çox elmi əsərin, o cümlədən Təhsil Nazirliyinin təsdiq etdiyi orta və ali məktəblər üçün 6 dərslik və dərs vəsaitinin, bir neçə proqramın müəlliflərindən biri, orta ümumtəhsil  məktəblərinin 7-10 siniflərində tədris edilən "Coğrafiya" və 4-cü sinifdə tədris olunan "Həyat bilgisi" dərsliklərinin rəyçisidir. Yetirmələri arasında Prezident təqaüdçüləri, Türkiyə, İngiltərə, Koreya kimi ölkələrin nüfuzlu universitetlərində təhsil alanlar çoxdur. Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2009-cu il tarixli sərəncamı ilə 2008-2009-cu tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qalibidir.

 


 Rafiq SÜLEYMANLI,
Heydər Əliyev adına liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi

1949-cu ildə Ağdam şəhərində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyat fakültəsini bitirib. Hazırda Xətai rayonu üzrə Azərbaycan dili və ədəbiyyat fənnindən ştatdankənar metodistdir. Ənənəvi təlim üzrə yazılmış 6-11-ci siniflərin Azərbaycan dili dərsliyinin rəyçisidir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin tapşırığı ilə 8-9-cu sinif "Azərbaycan dili" dərsliklərini metodiki cəhətdən işləmişdir. Kurikulum tələblərinə əsaslanaraq yazılmış 5-ci sinif "Azərbaycan dili" dərsliyi üzrə iş dəftərinin redaktorudur. Təhsil Nazirliyinin "Dərslikləri qiymətləndirmə üzrə ekspert qrupu"nun üzvüdür. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Azərbaycan dilindən hazırladığı vəsaitin rəyçisidir. 2013-cü ildə çap olunan orfoqrafiya-orfoepiya lüğətinin həmmüəlliflərindən biridir. Azərbaycan dili üzrə kurikulum hazırlayan işçi qrupunun üzvüdür. 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. 2009-cu ildə Təhsil Nazirliyi tərəfindən keçirilən "Ən yaxşı müəllim" müsabiqəsinin qalibidir. Yetirmələrindən bir çoxu 2009-2013-cü illərdə müntəzəm olaraq respublika üzrə olimpiadanın və "Heydər Əliyev məktəblilərin gözü ilə" inşa  yazı müsabiqəsinin qalibləri olub. Bundan başqa, bir çox layihələrin və treninqlərin fəal iştirakçısıdır. 

 


Atlas MUSTAFAYEVA,
Heydər Əliyev adına liseyin kimya müəllimi

1947-ci ildə Qazax rayonunda anadan olub. 1970-ci ildə indiki Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirib. Pedaqoji fəaliyyəti dövründə müxtəlif mükafatlara layiq görülüb. Belə ki, 1980-ci ildə "Azərbaycan SSRİ qabaqcıl maarif xadimi", 1981-ci il avqustun 16-da "Müəllim-metodist", 1983-cü ildə SSRİ maarif əlaçısı, 1987-ci ildə "Azərbaycan SSR Ali Sovet Rəyasət Heyətinin Fəxri Fərmanı" ilə təltif olunub. 2002-ci ildə XX əsr "Azərbaycan Qadınları" ensiklopedik toplusunda həyat və iş fəaliyyəti haqqında qısa məlumat verilib. 2005-ci ildə Azərbaycan Respublikası "Təhsil" Mərkəzinin keçirdiyi sorğu və müsabiqənin nəticələrinə əsasən "Abdulla Şaiq" mükafatı ilə təltif olunub. Dövri mətbuatda iş fəaliyyəti haqqında dəfələrlə yazılar verilib. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.

 

 

 


Qabil SƏMƏDOV,
Heydər Əliyev adına liseyin coğrafiya müəllimi 

1975-ci ildə Cəlilabad rayonunda anadan olub. 1997-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya fakültəsini bitirib. Əmək fəaliyyətinə 1998-ci ildə Bakı şəhərində 240 nömrəli orta məktəbdə coğrafiya müəllimi kimi başlayıb. 1999-cu ildən təhsildə aparılan islahatlarla əlaqədar keçirilən treninq kurslarında iştirak edib və müvafiq sertifikatlar alıb. 40-dək elmi-metodiki məqaləsi xarici ölkələrin, eləcə də Azərbaycan MEA-nın elmi jurnallarında dərc olunub. Qabil Səmədovun tərtibatı ilə Azərbaycanda ilk dəfə olaraq 2 cildlik "Coğrafiya Ensiklopediyası" tərtib edilib və 35000 tirajla çap edilərək ölkənin tədris müəssisələrinə verilib. 2009-cu ildə coğrafiya elmləri üzrə fəlsəfə doktoru  elmi dərəcəsi alıb. 2009-2010-cu tədris ilində keçirilən "Ən yaxşı  müəllim" müsabiqəsinin qalibi olub. Coğrafiya fənnindən kurikulum işçi qrupunun üzvü kimi fənn standartlarının hazırlanmasında yaxından iştirak edib. "Öyrədənlərin öyrədəni" təlim kursunu təlimçi kimi bitirib. 2013-2014-cü tədris ilində 6-cı sinifdə coğrafiyadan dərs deyəcək müəllimlərə yeni təhsil proqramı üzrə təlimlər keçib.

 

 

Niyazi RƏHİMOV, 
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov