Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2014 - №17

 

Təhsilin uğurları

Təhsil Nazirliyi təsirli tədbirlər həyata keçirir

 

Hər bir iş sahəsində uğurlu başlanğıc davamlı prosesə çevrilərsə, səmərəli nəticə ilə yekunlaşır və yeni perspektivlərin müəyyənləşməsinə kömək edir. Ötən bir il ərzində yeniləşmə həyata keçirilən təhsil sahəsində də izi görünən başlanğıcın davamlı prosesə çevrilməsinə səy edildiyi açıq duyulmaqdadır.

Məndən soruşurlar ki, Təhsil Nazirliyinin son birillik fəaliyyətində yeniləşən nələri görürsünüz? Öncə qeyd etmək istərdim ki, bir-biri ilə əlaqəli 2 cəhət diqqətimi çəkir:

- Təhsil naziri Mikayıl Cabbarovun ölkə Prezidenti cənab İlham Əliyevin göstəriş və tələblərinə dönmədən əməl etmə səyi;

- Layihələndirmə və əməli işlərdə bu tələbləri reallaşdırma cəhdi.

Təhsilə dövlət dəstəyi, Prezident qayğısı, Heydər Əliyev Fondunun, digər müvafiq nazirlik və qurumların təhsilin yüksələn xətt üzrə inkişafına təkan verməsi sahəsində fəallıqlarının sistemli və kompleks xarakteri güclənmişdir.

İlk növbədə hüquqi bazanın yaradılması təhsilin yeni keyfiyyət mərhələsinə keçilməsinə geniş imkanlar açmışdır. Mən onlardan bir neçəsini yada salmaq istərdim: ümumi təhsil sahəsində həyata keçiriləcək islahatların əsas prioritetlərinin müəyyənləşdirilməsi, eləcə də, ali təhsil sahəsində həyata keçiriləcək islahatların əsas prioritetlərinin müəyyənləşdirilməsi, Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu, ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarının, məktəbəqədər təhsil müəssisələrinin inkişafı Proqramının təsdiqi, ölkənin müasirləşdirilməsi siyasətinin əsaslarını özündə ehtiva edən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının, "Azərbaycan Respublikasında təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nın qəbulu və digər müvafiq hüquqi proqram və sərəncamlar təhsilin yeniləşən cəmiyyətdə fəaliyyətinin metodoloji əsasını müəyyənləşdirir, qarşıda dayanan hədəfləri göstərir, inkişafın strateji istiqamətlərini meydana qoyur. Bu sənədlər dövlətin təhsil siyasətini yeniləşən cəmiyyətin tələbləri səviyyəsində qurmağı müəyyənləşdirir və bizi razı salan odur ki, Təhsil Nazirliyi öz yenilikçi fəaliyyətində müasirləşmə tələblərini yerinə yetirmək üçün təsirli tədbirlər həyata keçirir. Təbii ki, bu tədbirlərin müəyyən qismi hələ ideya olaraq layihələndirilir. Məsələn, müəllimlərin əməkhaqqı məsələsinə diferensial yanaşılması, təhsilin məzmununun təkmilləşdirilməsi mexanizminin tapılması, gənc direktor kadrlarının müasir proqramlarla hazırlanması, tədris ilinin 2 həftəyədək artırılması və digər tədbirləri göstərmək olar.

Artıq ictimaiyyətin diqqətini cəlb edən və razılıqla qarşılanan tədbirlər, fikrimcə, öz səmərəli nəticələrini verməkdədir. Bu sıradan müəllimlərin işə qəbul edilməsində yeni formalardan istifadə edilməsi, məktəblərə məktəbin cari təsərrüfatı üçün vəsaitlərin verilməsi, neqativ hallara qarşı mübarizənin genişləndirilməsi və bu kimi digər yanaşmalar əksəriyyətin razılığı ilə qarşılanır. Mən nüfuzlu ali məktəblərdə təhsil almaq üçün məzunların xarici ölkələrə göndərilməsinin əvvəlki illərə nisbətən say çoxluğuna nail olunmasını da həm bu günün, həm də gələcək işlərimizin uğurlarından hesab edirəm.

Ali və orta-ixtisas məktəblərində kredit sisteminin tətbiqi üzrə aparılan yeni mahiyyətli işləri də təhsildə beynəlxalq inteqrasiyanın güclənməsinə, təlim prosesində şəffaflığın əldə edilməsinə kömək edəcək vasitələrdən sayıram.

Bəlli olduğu kimi, hər hansı müəssisədə, kollektivdə qazanılan nailiyyətlərin təşkili, ilk növbədə, onu idarə edən şəxsdən asılıdır. Bu baxımdan neqativ hallara yol vermiş məktəb direktorlarının kənarlaşdırılması, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və onların sağlam mənəvi inkişafa cəlb edilməsi digərləri üçün örnəyə çevrilə bilər.

Bir il ərzində təhsil nazirinin işə ağıllı, ciddi yanaşması nəticəsində xalq arasında təhsilin keyfiyyətinin daha da yüksələcəyinə inam yaranmışdır.

Mən bir cəhətə də diqqət yetirmək istərdim. Bu, təhsil nazirinin demokratik, hüquqi vətəndaş cəmiyyəti şəraitində fəaliyyət göstərməyə həvəsli olmasıdır. Heç şübhəsiz, onun nazirliyin müvafiq əməkdaşlarını qeyri-hökumət təşkilatları ilə əlbir işə cəlb etməsi, hər ay jurnalistlərlə mətbuat konfransını keçirməsi, texnoloji imkanlardan istifadə edərək, maarifləndirmə, aşkarlama, şəffaflıq xidmətlərinin göstərilməsi vətəndaş cəmiyyəti amalından irəli gəlir.

Pedaqoji ictimaiyyət təhsil nazirinin Təhsil Şurasının hesabat yığıncağındakı iştirakını və dərin məzmunlu, yönəldici istiqamətli nitqini böyük məmnunluqla qarşıladı. Eləcə də nazirin mətbuatda müsahibələri, Azərbaycan müəllimlərinin XIV qurultayındakı nitqi, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı hadisələrə real münasibəti, səmimiliyi və nikbinliyi ilə diqqətimizi cəlb etmişdir.

Sonda əmin olmaq istədiyimi bildirirəm ki, qarşıda dayanan böyük vəzifələrin yerinə yetirilməsində, problemlərin həllində, neqativ halların aradan qaldırılmasında, Strategiyanın müəyyənləşdirdiyi bütün hədəflərə çatmaqda nazirlik uğurlu addımlarını daha da artıracaq, sağlam, şəffaf təhsilə inamı bərpa edəcəkdir.  

Əjdər AĞAYEV,
Azərbaycan Təhsil Şurasının sədri, professor

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov