Yüksək
məzmunlu tədbirləri ilə həmişə müəllim, şagird və
valideynləri heyrətləndirən Təhsil Nazirliyinin
tabeliyindəki İ.Hacıyev adına "Tərəqqi" liseyi ulu öndər
Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünü də
orijinal bir tədbirlə qeyd etdi. Mayın 8-də liseydə
ümummilli liderə həsr olunmuş silsilə tədbirlərin davamı
kimi "Tərəqqi" intellektual oyununun final mərhələsi
keçirildi.
Əvvəlcə tədbir iştirakçıları liseyin binasının ikinci
mərtəbəsinin foyesində yaradılmış sərgi-stendlərlə tanış
oldular. Burada ulu öndər Heydər Əliyevin mənalı ömür
yolundan və zəngin dövlətçilik fəaliyyətindən bəhs edən
kitablar, fotoşəkillər nümayiş olunurdu.
Tədbiri giriş sözü ilə açan liseyin direktoru Məhbubə
Məmmədova ulu öndərin anadan olduğu günün ölkəmizdə
böyük bayram kimi qeyd olunduğunu söyləyib bununla
əlaqədar rəhbərlik etdiyi tədris ocağında da silsilə
tədbirlər keçirildiyini, bu dahi insanın ideya irsini
məktəblilərə dərindən öyrətdiklərini diqqətə çatdırdı.
Sonra M.Məmmədova ümummilli liderin xalqımız
qarşısındakı tarixi xidmətlərindən söz açaraq bildirdi
ki, məhz onun yenilməz iradəsi və müdrik siyasəti
sayəsində Azərbaycanın müstəqilliyinin əbədi və dönməz
olması təmin edilmiş, ölkəmizi sürətli inkişaf yoluna
çıxaran islahatlara başlanmışdır. Ulu öndərin
ideyalarının və təməlini qoyduğu quruculuq işlərinin
hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən
qətiyyətlə davam etdirildiyini deyən M.Məmmədova bu dahi
insanın həyat və fəaliyyətini daim örnək götürmələrini,
zəngin irsini səylə və dərindən öyrənmələrini şagirdlərə
tövsiyə etdi.
Söz məktəblilərə verildi. İsa Axundova "Heydər Əliyev
irsini öyrənirik", Solmaz Rzayeva "Heydər Əliyev və
Azərbaycan iqtisadiyyatı", Lamiyə İlyaszadə "Heydər
Əliyev və Azərbaycan mədəniyyəti", Fidan Sultanlı
"Heydər Əliyev və Azərbaycan təhsili" mövzularında
məruzələr etdilər.
İntellektual oyunun finalı başlamazdan əvvəl onun elmi
rəhbəri, liseyin tarix müəllimi Sevda Yarmetova, oyunun
yaradıcısı Fərid Quluzadə çıxış edərək məktəb mərhələsi
artıq arxada qalmış "Tərəqqi" intellektual oyununun
yaranma ideyası, yeni layihənin lisey rəhbərliyi
tərəfindən dəstəklənməsi, əhəmiyyəti və keçirilmə
qaydası, iştirakçı komandalar haqqında məlumat verdilər.
Əvvəlki mərhələlərin, yarımfinal oyunlarının nəticələri
ilə bağlı təqdimat oldu.
İntellektual oyunun finalında əvvəlki mərhələlərin
qalibləri olmuş "Zəka" və "Kometa" komandaları
yarışdılar. "Günün mövzusu", "Humanitar və "Təbiət"
bölmələrini əhatə edən yarışda komandalara hər bölmə
üzrə 5 sual təqdim olundu. Oyunun şərtinə görə hər suala
bir dəqiqə vaxt verilir və düzgün cavablar 5 balla
qiymətləndirilirdi. Yekunda daha çox bal yığmış "Zəka"
komandası qalib elan olundu.
Qaliblərə fəxri fərmanlar, bütün iştirakçılara isə
sertifikatlar təqdim edildi.
Tədbiri yekunlaşdıran liseyin direktoru Məhbubə
Məmmədova qalibləri təbrik edib, tədbirin
hazırlanmasında və intellektual oyunun təşkili və
keçirilməsində əməyi olan müəllimlərə minnətdarlığını
bildirdi.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |