Mayın
8-də ADMİU-da ümummilli lider Heydər Əliyevin anadan
olmasının 91-ci ildönümünə həsr edilmiş "Qloballaşma
prosesi və Heydər Əliyev fenomeni" mövzusunda
elmi-nəzəri konfrans keçirildi.
Konfransı giriş sözü ilə açan rektor, professor Fərəh
Əliyeva Azərbaycan tarixində qüdrətli dövlət xadimi,
misilsiz xidmətləri və dühası ilə dünya miqyasında
tanınan ulu öndər Heydər Əliyevin Azərbaycan
mədəniyyətinə, incəsənətinə və milli-mənəvi
dəyərlərimizə qayğısından söz açdı. Bildirildi ki,
mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər
Əliyevin qayğısından bəhrələnməsin. Musiqimiz,
teatrımız, kino sənətimiz, heykəltaraşlıq, rəssamlığımız
və mədəniyyətimizin digər sahələri də bugünkü
inkişafında ulu öndərin çox dəyərli ideyalarından və
qayğısından bəhrələnib. Heydər Əliyev Azərbaycan
mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını
qoydu. Mədəniyyətimiz, milli mənəvi dəyərlərimiz
beynəlxalq aləmdə tanındı. Danılmaz faktdır ki,
Azərbaycan mədəniyyətinin görkəmli xadimləri Heydər
Əliyev dövründə olduğu qədər heç zaman tanınmamışdır.
Ulu öndər mədəniyyətimizi yaradan, onu inkişaf etdirən
insanların əməyini yüksək qiymətləndirir, onların daim
qayğısını çəkirdi.
Qeyd olundu ki, xalqımızın milli-mənəvi dəyərlərinin
kökləri çox qədim zamanlara gedib çıxsa da, XX əsrdə
onun mədəni həyatında yeni bir dövr başlamışdır ki, bu
da Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür. Ulu
öndər deyirdi: "Hər bir xalq bir çox xüsusiyyətləri ilə
tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir.
Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü
mədəniyyətdir".
Fərəh Əliyeva ulu öndərin təhsil və mədəniyyət
sahəsindəki konsepsiyalarının tarixi uzaqgörənliklə
formalaşdırılmasını xüsusilə diqqətə çatdıraraq
vurğuladı ki, Heydər Əliyevin mədəniyyət konsepsiyası
çox dərin və geniş anlayışdır. Bu gün Azərbaycanın
təhsil və mədəniyyət sahəsində Heydər Əliyev tərəfindən
əsası qoyulan müasir siyasətin və idarəçiliyin aparıcı
istiqamətləri keçmişi, milli-mədəni sərvətləri qoruyub
saxlamaq, indiki nailiyyətləri dəstəkləmək və inkişaf
etdirmək, gələcəyə inamla baxmaqdır.
Heydər Əliyev ideallarını yeni tarixi şəraitdə onun
layiqli davamçısı, Prezident İlham Əliyev uğurla davam
etdirir. Həmçinin Heydər Əliyev Fondunun Azərbaycan
mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılması yönündə
uğurlu fəaliyyətini ulu öndərin mədəniyyət
konsepsiyasının davamı kimi dəyərləndirmək lazımdır.
Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətində elm,
təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişaf
etdirilməsi də əhəmiyyətli yer tuturdu. Fond da öz
növbəsində bu sahələrdə layihələrin həyata
keçirilməsinə, xüsusilə də milli-mənəvi dəyərlərin
qorunmasına və təbliğinə yardım edir. Qürurverici haldır
ki, bu gün Azərbaycan mədəniyyət sahəsində bir çox
beynəlxalq tədbirlərə ev sahibliyi edir.
Konfransda qeyd olunmuşdur ki, müasir Azərbaycan
dövlətinin qurucusu olan, həyatını xalqına xidmətə həsr
edən ümummilli lider Heydər Əliyevi daim qəlblərdə
yaşadan, xatirəsini əbədiləşdirən, bu böyük insanın
adının hər zaman dərin ehtiramla anılmasına səbəb olan
amillərdən biri humanizm prinsiplərinə söykənən nəcib
əməlləridir. Siyasi uzaqgörənliyi, müdrikliyi, qətiyyəti
və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi
olan Heydər Əliyev öz xeyirxahlığı, sosial ədalət
prinsiplərinə sadiqliyi, milli-mənəvi dəyərləri daim uca
tutması, cəmiyyətin tərəqqisi naminə göstərdiyi titanik
fəaliyyəti ilə də yaddaşlarda əbədi iz qoyub. Çıxış edən
incəsənət xadimləri ulu öndərin mədəniyyətə olan
qayğısından geniş söz açdılar.
Konfransda "Heydər Əliyevin mədəniyyət konsepsiyası",
"Heydər Əliyev və ifaçılıq sənəti", "Heydər Əliyev və
Azərbaycan teatrı", "Milli mədəniyyətin hamisi",
"Əvəzolunmaz lider, uzaqgörən şəxsiyyət", "Heydər Əliyev
irsində milli muğam problemləri" mövzusunda məruzələr
dinlənildi. |