Mayın
7-də Sumqayıt Dövlət Universitetinin həyətində
tələbələrin iştirakı ilə "Qızıl-91" flaşmob təşkil
olunub.
Mərasimdən əvvəl iştirakçılar universitetin foyesindəki
Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, ona
dərin ehtiramlarını bildirdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin
səsləndirilməsi ilə açıq elan olundu.
Akt zalının foyesində təşkil olunmuş sərgidə istedadlı
tələbələr öz əl işlərini və rəsm əsərlərini nümayiş
etdirdilər.
Sonra Sumqayıt Dövlət Universitetində ümummilli lider
Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə
əlaqədar olaraq "Əsrə bərabər illər" mövzusunda
elmi-praktik konfrans keçirildi.
Konfransı giriş sözü ilə SDU-nun rektoru Elxan Hüseynov
açaraq ümummilli liderin zəngin həyat və fəaliyyətindən,
müasir müstəqil dövlətimizin yaradılmasından və
möhkəmləndirilməsindən, onun dövlətimiz və xalqımız
qarşısındakı tarixi xidmətlərindən, qayğısından söhbət
açdı.
Rektor E.Hüseynov ümummilli lider Heydər Əliyevin bütün
sahələrdə olduğu kimi təhsil sahəsindəki əvəzsiz
xidmətlərindən də bəhs etdi. O bildirdi ki, Azərbaycanda
elmin, təhsilin maddi-texniki bazası və kadr potensialı
əsasən XX əsrin sonlarında formalaşmışdır. Heydər Əliyev
1970-80-ci illərdə minlərlə gənci SSRİ-nin ən nüfuzlu
ali məktəblərinə göndərməklə yüksək ixtisaslı kadr
ordusunun yaradılmasına səbəbkar olmuşdur.
Ümummilli liderin mənəvi-siyasi irsinin ən layiqli
davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycanın çağdaş tarixinin yeni şanlı səhifələri
yazılır.
Rektor E.Hüseynov Prezident İlham Əliyevin təhsil
sahəsindəki qayğısından danışaraq bildirdi ki, "Təhsil
Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül
istiqamətlərindən biridir" konsepsiyası cəmiyyətin
inkişafında yeni zəmin yaratmaqla yanaşı, dövlət
başçısının bu uzaqgörən fikirlərini bir daha
təsdiqləyir: "Biz maddi dəyərlərimizi, iqtisadi
potensialımızı insan kapitalına çevirməliyik. Çünki
insanın savadı, biliyi onun gələcək həyatını müəyyən
edir, ölkənin hərtərəfli inkişafına xidmət edir".
Rektor qeyd etdi ki, Azərbaycanın inkişafı yolunda ölkə
başçısı İlham Əliyevlə yanaşı onun xanımı, Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri Mehriban Əliyevanın da rolu
danılmazdır.
2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu
təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya,
ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr
həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal
iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz
töhfəsini verir.
Tarix hər bir insan fəaliyyətinin qiymətini verir.
Xoşbəxt o xalqdır ki, tarixin ən çətin, mürəkkəb
dönəmində onu qorumaqla yanaşı, inkişaf etdirməyin
yolunu göstərən şəxsiyyətlər yetişdirə bilir. Bu mənada
Azərbaycan xalqı çox xoşbəxtdir. Onun Heydər Əliyev kimi
dahi şəxsiyyəti və İlham Əliyev kimi davamçısı var!..
Konfransda tarix fakültəsinin dekanı, professor Adil
Baxşəliyevin "Heydər Əliyev Azərbaycan dövlətçiliyinin
memarıdır" mövzusunda məruzəsi, məruzə ətrafında isə
fəlsəfə kafedrasının müdiri, professor Həsən Sadıqov
"Heydər Əliyev və Azərbaycançılıq ideyaları", biznesin
təşkili və idarəedilməsi kafedrasının müdiri, dosent
Qalib Hüseynov "Heydər Əliyev və Azərbaycanın iqtisadi
inkişafının əsasları" mövzularında çıxışları dinlənildi.
Sonda filologiya fakültəsinin tələbələri Altun Rəcəbli
və Nurlan Səmədlinin hazırladıqları Heydər Əliyevin
həyat və fəaliyyətini əks etdirən "Qızıl-91" sənədli
filmi nümayiş olundu.
Qeyd edək ki, Sumqayıt Dövlət Universiteti müasir
Azərbaycanın banisi və qurucusu Heydər Əliyevin anadan
olmasının 91-ci ildönümü ilə əlaqədar bir sıra silsilə
tədbirlər həyata keçirmişdir.
SDU-nun Mətbuat xidməti |