Mayın
6-da Bakı Humanitar Kollecində ümummilli lider Heydər
Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş
mədəni-maarif və musiqi şöbəsi tələbələrinin
hazırladıqları musiqili hesabat tədbiri keçirilib.
İştirakçılar əvvəlcə ulu öndər Heydər Əliyevin əziz
xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra
kollecin foyesində dekorativ - tətbiqi incəsənət və xalq
sənəti ixtisası üzrə təhsil alan tələbələrin əl
işlərindən ibarət sərgiyə baxış olub.
Tədbirin aparıcıları olan bədii yaradıcılıq işi üzrə
təhsil alan IV kurs tələbəsi Röyal Allahverdiyeva və II
kurs tələbəsi Hicran Bayramova müstəqil Azərbaycanın
memarı, ümummilli lider Heydər Əliyevin həyatı və dövlət
quruculuğu sahəsindəki fəaliyyətindən danışıblar.
Tələbələrin ulu öndərə aid hazırladıqları film nümayiş
olunub. Aparıcılar mədəni-maarif və musiqi şöbəsi
haqqında məlumat verərək bildiriblər ki, şöbədə
instrumental ifaçılıq (fortepiano), xalq çalğı alətləri,
xanəndəlik, bədii yaradıcılıq, dekorativ-tətbiqi
incəsənət və xalq sənəti ixtisasları üzrə kadrlar
hazırlanır.
Konsertdə fortepiano, qarmon, skripka, kanon
ifaçılarından IV Respublika muğam müsabiqəsinin
diplomantı Dürdanə Keytiyeva, tələbələrdən Rüstəm
Əyyublu, Şamo Nəbiyev, Əliş Cəfərli, Esmira Mikayılzadə
Azərbaycan muğamlarını məharətlə ifa ediblər. Həmçinin
tədbirdə kollecin məzunları, hazırda respublikanın
nüfuzlu ali təhsil müəssisələrində təhsil alan tələbələr
də iştirak edərək xalq mahnılarını ifa ediblər.
Tədbirdə iştirak edən mədəni-maarif və musiqi şöbəsinin
müdiri Rasim Mehdiyev ulu öndər Heydər Əliyevin
müstəqil Azərbaycanın memarı və qurucusu kimi misilsiz
xidmətlərindən danışıb. Tədbirin təşkilində əməyi olan
Mətanət Şiriyeva və Məhəmməd Dəvəliyə təşəkkür
bildirilib.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |