Hər
il olduğu kimi, bu ildə də ümummilli lider Heydər
Əliyevin doğum günü şəhərimizin idarə və
müəssisələrində, təhsil, səhiyyə, mədəniyyət ocaqlarında
və bütün əmək kollektivlərində yüksək səviyyədə qeyd
edildi.
Müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyev
dövlətçiliyin əsas atributlarından biri kimi milli ordu
quruculuğuna çox böyük diqqət yetirmiş, hər kəsin bu
sahəyə qayğı və həssaslıqla yanaşmasını tövsiyə
etmişdir.
Ulu öndərin tövsiyələrinə uyğun olaraq gənclər arasında
milli orduya sevgini və inamı artırmaq, gələcəyin
nümunəvi əsgərini yetişdirmək, sözün əsl mənasında
vətənpərvər olmağı təbliğ etmək məqsədilə Sumqayıt
məktəblərində şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsi
işinə xüsusi önəm verilir, "Azərbaycanın dövlətçilik
tarixi" mövzusunda silsilə tədbirlər çərçivəsində
konfranslar, müxtəlif idman oyunları, yarışlar və hərbi
paradlar keçirilir.
Bu tədbirlərin yekunu olan mayın 6-da ulu öndərin
abidəsi önündə təşkil olunmuş paradda Sumqayıt şəhərinin
tam orta məktəblərini təmsil edən 47 məktəbin "Şahin"
komandaları, ibtidai siniflərdə təhsil alan balaca
"hərbçilər" də olmaqla 3 mindən çox məktəbli iştirak
etmişdir. Paradda yuxarı sinif şagirdləri ilə yanaşı,
milli ordunun texnika və əsgərləri, hərbi orkestr,
texniki yaradıcılıqla məşğul olan uşaqların
düzəltdikləri tank və digər hərbi texnika və 20 atlı
dəstə də iştirak etmişlər.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov,
şəhərin ayrı-ayrı idarə və təşkilatlarının,
hüquq-mühafizə orqanlarının rəhbərləri, müharibə
veteranları, təhsil işçiləri, məktəblilər, ümumiyyətlə,
10 minlərlə şəhər sakini paradı izləmişdir.
Məktəblilərin paradı ulu öndər Heydər Əliyevin əzəmətli
abidəsi önündən keçərək şəhərin küçələri boyunca
müxtəlif istiqamətlərdə hərəkət etmişdir ki, bu da şəhər
sakinlərində, ictimaiyyətdə böyük ruh yüksəkliyi
yaratmış, gənclərimizin hərbi-vətənpərvərlik ruhunu daha
da artırmışdır.
Sumqayıt Şəhər Təhsil Şöbəsinin Mətbuat xidməti |