Mayın 2-də Azərbaycan Müəllimlər İnstitutunda
"Azərbaycanda inklüziv təhsilin tətbiqi problemləri və
onların aradan qaldırılması yolları" mövzusunda
Respublika elmi-praktik konfrans keçirilib. Konfrans AMİ
və "Sosial hüquqların araşdırılması" İctimai Birliyinin
(SHAİB) birgə əməkdaşlığı ilə "World Vision
İnternational" Beynəlxalq Humanitar Təşkilatının maliyyə
dəstəyi ilə "Azərbaycan Müəllimlər İnstitutu nəzdində
İnklüziv Təhsil Mərkəzində təlimlərin təşkili və
inklüziv təhsil sisteminin inkişafı" adlı layihə
çərçivəsində həyata keçirilib.
Konfransın plenar iclasını giriş sözü ilə AMİ-nin
prorektoru, pedaqogika üzrə fəlsəfə doktoru Rahim
Əzizov açaraq layihə və müasir dövrdə inklüziv təhsilin
əhəmiyyəti haqqında məlumat verib. Sonra layihənin
koordinatoru, SHAİB-in sədri, hüquq elmləri doktoru,
professor Mayis Əliyevin "Əlilliyi olan şəxslərin
təhsil hüquqlarının reallaşdırılması vasitəsi kimi
inklüziv təhsilin hüquqi tənzimi problemləri",
Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində
De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin
Dövlət Uşaq Müəssisələri və Alternativ Xidmətlər
şöbəsinin müdiri Həbib Kərimovin "İnklüziv təhsil:
mövcud vəziyyət və inkişaf perspektivləri" mövzularında
məruzələri dinlənilib.
Plenar iclasın sonunda xüsusi qayğıya ehtiyacı olan və
inklüziv təhsilə cəlb edilmiş uşaqların ifasında
hazırlanmış rəqslər izlənilib və uşaqların rəsm
əsərlərindən, əl işlərindən ibarət sərgiyə baxış
keçirilib. Daha sonra beş bölmə üzrə işini davam etdirən
konfransda müxtəlif mövzularda 65 məruzə dinlənilib və
müzakirələr aparılıb.
Konfransda dövlət qurumlarının, təhsil problemləri ilə
bağlı təşkilatların təmsilçiləri, QHT və KİV
nümayəndələri, müxtəlif təhsil müəssisələrindən, o
cümlədən AMİ-nin filiallarından gəlmiş pedaqoqlar
iştirak ediblər. Konfransa təqdim olunmuş məqalələr çap
olunaraq iştirakçılara təqdim edilib. |