Mayın 7-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və
Yenidənhazırlanma İnstitutunda ümummilli lider Heydər
Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş
"Heydər Əliyev və Azərbaycanın intellektual
potensialının inkişaf dinamikası" mövzusunda respublika
elmi-praktik konfransı keçirildi.
Konfransda respublikanın tanınmış ziyalıları, müxtəlif
ictimai təşkilatların, təhsil ictimaiyyətinin və KİV
nümayəndələri iştirak edirdilər. Konfrans iştirakçıları
əvvəlcə institutun Heydər Əliyev Muzey-lektoriyası ilə
tanış oldular. İnstitutun rektoru, Binəqədi rayon
Ziyalılar Cəmiyyətinin sədri, fizika-riyaziyyat elmləri
doktoru, professor Asəf Zamanov tədbiri açaraq "Heydər
Əliyev siyasətinin ağırlıq mərkəzi" mövzusunda məruzə
etdi.
Natiq bildirdi ki, ümummilli lider Heydər Əliyev
Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət
xadimi, xalq məhəbbətini qazanmış öndər kimi qalmışdır.
Təsadüfi deyildir ki, onun qəbul etdiyi qərarlar,
söylədiyi fikirlər öz aktuallığı, düzgünlüyü və
obyektivliyi ilə hər cəhətdən ölçülüb biçildiyindən
ətrafdakıları heyrətləndirmiş, ona siyasət aləminin
patriarxı adını qazandırmışdır. Hətta dünyanın ən
görkəmli siyasət və dövlət xadimləri Heydər Əliyevlə
məsləhətləşdiklərini, ondan öyrəndiklərini dönə-dönə
etiraf etmişlər. Siyasətçilər bu dahi insanı "liderlərin
lideri" adlandırırdılar.
Qeyd edildi ki, Heydər Əliyev Azərbaycana rəhbərlik
etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə
ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail
olmuş, müstəqilliyini əbədi, sarsılmaz və dönməz
etmişdir. Heydər Əliyevin uğurlu siyasəti sayəsində
Azərbaycan dünyada tanınmış nüfuzlu bir dövlətə
çevrilmişdir. 1993-cü ildə müstəqil Azərbaycan
Respublikasının Prezidenti seçilən Heydər Əliyev
səriştəli və təcrübəli müdrik dövlət xadimi kimi qısa
bir müddət ərzində bütün sahələrdə əsaslı dönüş yaratdı,
Azərbaycanda elmin, təhsilin inkişafına xüsusi diqqət
ayırdı, intellektual potensialın formalaşmasına şərait
yaratdı. Ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə
Azərbaycan xalqının xoşbəxt gələcəyi haqqında düşünürdü.
Məhz həmin uğurlu siyasətin nəticəsidir ki, bu gün
Azərbaycanda yüksək intellektual potensial
formalaşmışdır.
Rektor daha sonra vurğuladı ki, əsası ümummilli lider
Heydər Əliyev tərəfindən qoyulan və hazırda Azərbaycan
Prezidenti möhtərəm İlham Əliyev tərəfindən uğurla
həyata keçirilən daxili və xarici siyasət ondan xəbər
verir ki, qarşıda bizi daha böyük uğurlar gözləyir.
Konfransda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının
müavini Aygün Əliyeva "Heydər Əliyevin gənclər
siyasəti", YAP Binəqədi rayon təşkilatının sədri Ramiz
Göyüşov "Müstəqil Azərbaycanın inkişafında intellektual
potensialın rolu", Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
müdir müavini, professor Hüseyn Əsgərov "Heydər Əliyev
siyasətində istedada qayğı", İrəvan Azərbaycan Dövlət
Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi
İftixar Piriyev və başqaları məruzə və çıxışlar edərək
ümummilli liderin dövlətimiz və dövlətçiliyimiz,
həmçinin xalqımız üçün qurub-yaratdığı müasir
Azərbaycanın parlaq uğurlarından söz açdılar.
Sevinc QULİYEVA,
BPKİYİ-nin mətbuat katibi |