Mayın
7-də Azərbaycan Dillər Universitetində (ADU) "Xarici
dillərin tədrisinin aktual problemləri" mövzusunda
Respublika elmi-praktik konfransı öz işinə başladı.
Əvvəlcə konfrans iştirakçıları ümummilli lider Heydər
Əliyevin universitetin foyesində ucaldılmış büstünü
ziyarət edərək önünə gül-çiçək dəstələri düzdülər. Sonra
ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci
ildönümünə həsr olunmuş tələbələrin əl işlərindən
ibarət rəsm sərgisinə baxış keçirildi.
Respublika konfransının plenar iclası Azərbaycanın
Dövlət himninin səsləndirilməsi ilə başladı. Plenar
iclasda Azərbaycan Dillər Universitetinin rektoru, Milli
Məclisin deputatı, professor Səməd Seyidov
iştirakçıları salamlayaraq hər il ənənəvi olaraq
keçirilən konfransın əhəmiyyətini qeyd etdi.
Universitetdə prioritet istiqamətlərdən birinin müəllim
peşəsini inkişaf etdirmək, müəllim yetişdirməklə bağlı
təklifləri irəli sürmək olduğunu söyləyən S.Seyidov bu
məsələ ilə bağlı Azərbaycanın müxtəlif orta və ali
məktəbləri ilə fikir mübadiləsi apardıqlarını bildirdi.
S.Seyidov ümummilli lider Heydər Əliyevin müəllimə,
təhsilə və elmə verdiyi qiymətin əsas olduğunu
vurğuladı.
Rektor Səməd Seyidov rəhbərlik etdiyi ali təhsil
ocağının əsasının məhz 1973-cü ildə Heydər Əliyevin
sərəncamı əsasında qoyulduğunu konfrans iştirakçılarının
diqqətinə çatdırdı. O, ümummilli liderin Azərbaycanda
xarici dillərin öyrənilməsində əvəzsiz xidmətlərinin
olduğunu da dedi. Rektor universitetdə 6000-dən çox
tələbənin oxuduğunu, yeni tədris ilindən isə tələbə
sayının 7000-ə çatacağını vurğuladı. O, təhsil naziri
Mikayıl Cabbarovun ali məktəblərdə "SABAH" qruplarının
yaradılması ilə bağlı atdığı addımı yüksək
qiymətləndirdi.
İki gün davam edən konfransın plenar iclasında Təhsil
Nazirliyinin Elm və ali təhsil şöbəsinin Tələbələrə
dəstək və mübadilə proqramları sektorunun müdiri
Sülhəddin Gözəlov çıxış edərək artıq ənənə halını alan
əhəmiyyətli konfransda iştirak etməkdən məmnunluğunu
ifadə etdi. İnformasiya cəmiyyətində yaşadıqlarını deyən
S. Gözəlov indiki dövrdə yalnız gənc nəslin deyil, orta
nəslin də xarici dil bilməyinin vacibliyindən danışdı.
Xarici dil tədrisinin keyfiyyətinin yüksəldilməsi
baxımından konfransın əhəmiyyəti vurğulandı.
Azərbaycanda xarici dil mütəxəssislərinin yetişməsində
ADU-nun vacib rol oynadığını bildirən nazirliyin
nümayəndəsi həyata keçiriləcək "SABAH" layihəsindən söz
açdı.
Bakı Dövlət Universitetinin elmi işlər üzrə prorektoru,
professor Aydın Kazımzadə çıxış edərək BDU və ADU
arasında birgə əməkdaşlıq haqqında sazişin olduğunu
xatırladaraq, universitetlərin əməkdaşlıq etdiyini
vurğuladı. O, BDU-da xarici dil müəllimlərinin
attestasiyasının aparılmasında ADU-nun mütəxəssislərinin
yaxından iştirak etdiyini qeyd etdi. BDU-nun
prorektoru xarici dillərin tədrisində yeni tədris
metodlarının öyrənilməsinin vacibliyini bildirdi.
Qafqaz Universitetinin tədris işləri üzrə prorektoru,
professor Cihan Bulut çıxış edərək konfransın
nəticələrindən faydalanacaqlarını, dil öyrənmənin
üstünlüklərini qeyd etdi.
ADU-nun elmi işlər üzrə prorektoru, professor Dünyamin
Yunusov konfransın gedişatı və strukturu ilə
iştirakçıları tanış etdi.
Plenar iclasda müxtəlif mövzularda məruzələr
dinlənildi. Sonra konfrans bölmələrdə öz işini davam
etdirdi.
Mayın 8-də ADU-nun Heydər Əliyev adına
muzey-lektoriyasında konfrans öz işini bölmə
rəhbərlərinin hesabatları və yekun sənədin qəbul
edilməsi ilə başa çatdırdı.
ADU-nun İctimaiyyətlə əlaqələr departamenti |