| 
						
						
						 5-7 
						may tarixlərində Bakı Slavyan Universitetində ümummilli 
						lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə 
						həsr edilmiş "Azərbaycanşünaslığın aktual problemləri" 
						mövzusunda V Beynəlxalq elmi konfrans keçirilib. 
						Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti və 
						BSU-nun birgə təşkilatçılığı ilə keçirilən tədbir 
						başlamazdan öncə iştirakçılar Fəxri xiyabanda ulu öndər 
						Heydər Əliyevin xatirəsini ehtiramla anaraq məzarı önünə 
						əklil qoymuşlar. Görkəmli oftalmoloq alim, akademik 
						Zərifə xanım Əliyevanın da xatirəsi hörmətlə yad 
						edilərək məzarı önünə güllər düzülmüşdür. 
						
						Sonra tədbir BSU-nun akt zalında keçirilən plenar 
						iclasla davam etdirilib. AMEA-nın müxbir üzvü, 
						Azərbaycan Respublikasının millətlərarası, 
						multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, 
						konfransın təşkilat komitəsinin sədri, professor  Kamal 
						Abdullayev tədbiri açaraq iştirakçıları salamlayıb. 
						
						K.Abdullayev  ümummilli lider Heydər Əliyevin yaratdığı 
						Bakı Slavyan Universitetində artıq beşinci ildir ki, 
						təşkil edilən "Azərbaycanşünaslığın aktual problemləri" 
						mövzusunda beynəlxalq konfransın bu dahi şəxsiyyətin 
						anadan olmasının ildönümünə həsr edilməsinin təsadüfi 
						olmadığını vurğulayıb.  
						
						Qeyd edib ki, azərbaycançılıq məfkurəsinin dövlət 
						siyasəti səviyyəsində təzahür tapması, Azərbaycanın 
						dünya ölkələri sırasında tanınması və layiqli yer 
						tutması məhz ulu öndərin gərgin və məqsədyönlü 
						fəaliyyəti nəticəsində mümkün olub. Tədbirin 
						məqsədlərindən, azərbaycanşünaslığın aktual 
						problemlərinin araşdırılması və həlli istiqamətində 
						mühüm əhəmiyyət kəsb etməsindən, bölmə iclaslarında 
						dinləniləcək məruzələrin aktuallığından danışan natiq 
						beynəlxalq konfransda alimlərimizlə yanaşı, 12 ölkədən 
						30-dan çox qonağın iştirak etdiyini diqqətə çatdırıb. 
						
						AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli 
						iştirakçıları AMEA-nın prezidenti Akif Əlizadənin 
						adından salamlayaraq konfransın işinə uğurlar arzulayıb. 
						
						BSU-nun rektoru, professor Asif Hacıyev bu konfransın 
						yeni elmi istiqamətə, yeni əməkdaşlığa təkan verəcəyini 
						vurğulayıb və tədbir çərçivəsində Rusiya, Belarus, 
						Bolqarıstan və Polşa universitetləri ilə müqavilələrin 
						imzalanacağını bildirib. 
						
						Daha sonra çıxış edən Nəsimi RİH-in başçısı Nəsib 
						Məhəməliyev ulu öndərin Azərbaycan xalqı və dövləti 
						qarşısında əvəzsiz xidmətlərindən söz açıb.  
						
						Ural Federal Universitetinin kafedra müdiri Aleksandr 
						Nesterov, Anadolu Universitetinin rektoru, professor 
						Davut Aydın, İngiltərədə fəaliyyət göstərən Avropa 
						Azərbaycan Cəmiyyətinin mətbuat katibi Nil Vatson, 
						Almaniyanın Johannes Qutenburq Universitetinin 
						professoru Haynrix Vişoten, Polşadakı Aleksandr Geyştor 
						adına akademiyanın rektoru, professor Adam Koseski və 
						digərləri çıxışlarında müasir dünyada elmin, təhsilin 
						önəmli rolundan, beynəlxalq konfransın əhəmiyyətindən 
						bəhs ediblər. 
						
						Sonra proqrama uyğun olaraq konfrans öz işini "Heydər 
						Əliyev və azərbaycançılıq məfkurəsi", "Heydər Əliyev 
						irsi və Azərbaycanın inkişaf strategiyası", "Müasir 
						Azərbaycanda multikultural cəmiyyət və millətlərarası 
						münasibətlər", "Azərbaycan müasir beynəlxalq münasibət 
						sistemində", "Azərbaycanın tarixi və mədəniyyəti" və 
						"Azərbaycan dili və ədəbiyyatı" bölmələrində davam 
						etdirib. 
						
						Konfrans çərçivəsində BSU-nun Polyak dili və Mədəniyyət 
						Mərkəzi nəzdində Polyak dili bazar günü məktəbinin 
						açılışı olub. Mərasimdə BSU-nun rektoru, professor Asif 
						Hacıyev və Polşanın Azərbaycandakı fövqəladə və 
						səlahiyyətli səfiri Mixail Labenda iştirak ediblər.
						 
						
						Tədbir çərçivəsində eləcə də xarici qonaqların iştirakı 
						ilə ustad dərsləri,  "dəyirmi masa"lar, Qubaya səfər 
						təşkil olunub, həmçinin "Azərbaycanşünaslığın aktual 
						problemləri" mövzusunda Beynəlxalq elmi konfransın 
						nəticələrinə dair mətbuat konfransı keçirilib.  
						
						
						Hicran ƏKBƏROVA,"Azərbaycan müəllimi"
 |