Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2014 - №17

 

Mehriban Əliyeva: Əsas amalımız - Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalır və qalacaqdır

 

Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın "Milli Məclis" jurnalına müsahibəsi

- Azərbaycanın sürətli inkişafında, onun simasının gündən-günə dəyişməsində, dünyanın nüfuzlu dövlətləri sırasında layiqli yer tutmasında Heydər Əliyev Fondunun da xüsusi əməyi var. Ötən 10 ilə nəzər saldıqda, necə düşünürsünüz, Fond qarşıda qoyulan məqsədlərə nə dərəcədə nail olub?

- Ölkəmizin hər bir vətəndaşı son illər ərzində Azərbaycanda baş verən böyük dəyişikliklərin şahidi olub. Müstəqillik baxımından Azərbaycanın gənc ölkə olmasına baxmayaraq, biz qısa tarixi müddətdə böyük nailiyyətlər əldə etmişik. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələri Azərbaycanı dinamik inkişaf edən güclü və demokratik bir dövlətə çevirmişdir. Xalqımızın rifah halının yüksəldilməsi, sosial tələbatlarının ödənilməsi, elm və mədəniyyətimizin tərəqqisi, vətəndaşlarımızın hüquq və azadlıqlarının davamlı təmin olunması üçün ölkədə hər bir şərait yaradılmışdır.

Müstəqil Azərbaycan dünya birliyinə inteqrasiya edir, ölkəmiz bir çox nüfuzlu beynəlxalq təşkilatlarda uğurla təmsil olunur.

2004-cü ildə Heydər Əliyev Fondu fəaliyyətə başlayanda biz qarşımıza bir məqsəd qoymuşduq - doğma xalqımıza, vətənimizə xidmət etmək. Elə ilk günlərdən biz ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrinə dərindən nüfuz edərək genişmiqyaslı layihələr həyata keçirməyə başladıq. Fəaliyyətimizin çoxşaxəli olmasına baxmayaraq, prioritet istiqamətləri müəyyən etdik və daha çox diqqət tələb edən problemlərin həllində yaxından iştirak etməyə çalışdıq. Sözsüz ki, ilk növbədə cəmiyyətimizin daha çox qayğıya ehtiyacı olan təbəqələrinə - valideyn himayəsindən məhrum olmuş uşaqlara, qaçqın və məcburi köçkünlərə, qocalara və müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara yönəlmiş layihə və proqramların icrasına başladıq.

Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin real nəticələri göz qabağındadır. Bu, yüz mindən çox şagirdin təhsil şəraitinin yaxşılaşmasına xidmət edən yüzlərlə yeni məktəb binasının istifadəyə verilməsi, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğının göstərilməsi, müasir avadanlıqla təchiz edilmiş yeni tibb mərkəzlərinin inşası, gənc istedadların dəstəklənməsi, tarixi abidələrin bərpası, qədim mədəniyyət və incəsənətimizin təbliği və nəhayət, Azərbaycanın əsrlər boyu formalaşmış tolerantlıq ənənələrinin qorunub saxlanıldığı dünyəvi bir ölkə kimi dünyaya tanıdılmasıdır.

Humanizm ideallarına arxalanaraq fəaliyyət göstərən Heydər Əliyev Fondu istər Azərbaycanda, istərsə də xarici ölkələrdə hər zaman köməyə ehtiyacı olanların yanındadır. İnsanlara xidmətə yönəlmiş əməli işlərimizin ən böyük nəticəsi isə onların etimad və hörmətinin qazanılmasıdır. İllər ötdükcə, qarşımıza yeni ideya və planlar çıxdıqca məqsədlərimiz xaraktercə dəyişir, amma əsas amalımız - Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalır və qalacaqdır.

- Siz öz humanistliyiniz və əməli fəaliyyətinizlə bütün stereotipləri sındıraraq müasir Azərbaycan qadınının obrazını yaratdınız. Azərbaycan qadınının cəmiyyətdəki rolunu necə dəyərləndirərdiniz?

- Qədim və zəngin tariximizin hər bir səhifəsində Azərbaycan qadınının müdrikliyi və qəhrəmanlığının parlaq nümunələri var. Xalqımızın maariflənməsində, iqtisadiyyatımızın qurulmasında, mədəniyyətimizin yüksəlişində və milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasında qadınlar daim yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirmişlər. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, mədəniyyətin, incəsənətin, elmin müxtəlif sahələrində ilklərə imza atması Azərbaycan qadınının işgüzarlığının və intellektual potensialının aydın təzahürüdür.

Müasir dövrdə demokratik cəmiyyətin inkişafının və insan hüquqlarının qorunmasının əsas prioritetlərindən birini gender bərabərliyi təşkil edir. Azərbaycanın gender məsələləri ilə bağlı dövlət siyasəti də qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlmişdir. Cəmiyyətimizdə qadınlara göstərilən yüksək ehtiram, ölkəmizdəki sabitlik və demokratik mühit onlara müxtəlif istiqamətlərdə bilik və bacarıqlarını reallaşdırmaq üçün bütün lazımi şəraiti təmin edir.

Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, orada qadınlar iştirak etməsin. Azərbaycan qadını öz sözünü deyir və öz mövqeyini sərbəst nümayiş etdirir. Fərəhləndirici haldır ki, tariximizin hər bir mərhələsində olduğu kimi, müasir dövrdə də qadınlar milli-əxlaqi dəyərlərimizin və mədəni irsimizin qorunub saxlanılmasına, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərin fəal iştirakçısı olaraq vətəndaş cəmiyyəti quruculuğuna, mədəniyyətlərarası dialoqun formalaşmasına, Azərbaycanın yüksəlişinin təmin edilməsinə öz töhfələrini əsirgəmirlər.

- Bu gün Azərbaycan tolerantlığı ilə dünyaya nümunədir. Heydər Əliyev Fondu tolerantlıq ənənələrinin qorunub saxlanılmasına hansı töhfələri vermişdir?

- Xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, tolerantlığın hökm sürdüyü Azərbaycan cəmiyyəti bizim tarixi nailiyyətimizdir və bu amil ictimai-siyasi həyatımızın aparıcı normasına çevrilmişdir. Ölkəmizdə yaşayan müxtəlif xalqlara öz milli mənəvi dəyərlərini, dini etiqadını, adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün demokratik şərait təmin edilmişdir. Azərbaycanın bütün vətəndaşları dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, əsas insan hüquq və azadlıqlarına malikdirlər. Qürurverici faktdır ki, Azərbaycan dünya ölkələri üçün tolerantlıq örnəyi hesab olunur və bir çox dövlətlər bizim təcrübəmizdən yararlanmağa çalışırlar.

Heydər Əliyev Fondu hər bir layihəsi ilə müxtəlif xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına öz töhfəsini verməyə çalışır. Uğurla həyata keçirilən "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində ölkədəki məscidlərdə, kilsələrdə, sinaqoqlarda təmir-bərpa işləri aparılır. Bakıda yəhudi uşaqları üçün təhsil kompleksinin istifadəyə verilməsi, Fransa regionlarında kilsələrin, müqəddəs Roma katakombalarının bərpasında iştirakımız, Həştərxanda Müqəddəs Knyaz Vladimirə abidənin ucaldılması da məhz ayrı-ayrı xalqların və konfessiyaların qarşılıqlı hörmət və dostluq münasibətlərinin genişləndirilməsinə xidmət edir.

- Əhalinin mədəni inkişafının yüksəldilməsi Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Heydər Əliyev Fondunun bu istiqamətdəki fəaliyyəti barədə nə deyə bilərsiniz?

- Mədəniyyətimizin istənilən sahəsinə nəzər saldıqda, biz zəngin mədəni irsin varisi olmağımızın şahidiyik. Azərbaycan xalqı öz mədəni və tarixi irsinə çox bağlıdır. Müasir Azərbaycan dövləti ədəbiyyatımız, musiqimiz, incəsənətimiz, tarixi abidələrimiz, doğma Azərbaycan dilimiz kimi möhkəm mənəvi əsaslar üzərində qurulmuşdur.

Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, İçərişəhər, Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına; Azərbaycan muğamı, aşıq sənəti, xalçaçılıq sənəti, tar ifaçılığı və hazırlanması sənəti, eləcə də Novruz bayramı YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Biz bunu mədəniyyətimizə verilən ən yüksək qiymət kimi dəyərləndiririk.

Azərbaycanda mədəniyyət sahəsində çox böyük işlər görülür. Bütün mədəniyyət ocaqları təmir olunur, bərpa edilir. Yeni muzeylər, teatrlar tikilir, əvvəllər tikilmiş mədəniyyət infrastrukturu yeniləşir, müasirləşir.

Mədəni irsimizin qorunması işində Heydər Əliyev Fondu fəal iştirak edir. Bakıda Beynəlxalq Muğam Mərkəzinin inşası və dünyada ilk dəfə olaraq Azərbaycanda Beynəlxalq Muğam Festivalının keçirilməsi Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuşdur. Qəbələ Beynəlxalq Musiqi Festivalı, Mstislav Rostropoviç adına Beynəlxalq Musiqi Festivalı, dünya şöhrətli musiqiçilər Üzeyir Hacıbəyli, Bülbül, Dmitri Şostakoviç və Şopenin yubileylərinə həsr olunmuş beynəlxalq festivallar müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə öz töhfəsini verir.

Müasir İncəsənət Muzeyinin yaradılması və Azərbaycan müasir incəsənətinin dünyaya tanıdılması istiqamətində görülən işləri xüsusi vurğulamaq istərdim. Dünyanın bir çox ölkələrində təşkil olunmuş "Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti" sərgisi çərçivəsində müxtəlif janrlarda yüzdən çox əsər nümayiş etdirilmişdir. Fond dünya mədəniyyəti nümunələrinin Azərbaycan tamaşaçısına təqdim edilməsinə xüsusi önəm verir. Bu illər ərzində Bakıda bir çox tanınmış rəssamların sərgiləri təşkil edilmişdir. Heydər Əliyev Fondunun artıq ölkə hüdudlarından kənara çıxmış "Qız qalası" Beynəlxalq İncəsənət Festivalı ictimaiyyətin böyük marağına səbəb olur.

Tarixi-mədəni irs müntəzəm qayğı tələb edir. Mən dəfələrlə bunu söyləmişəm ki, itmiş hər hansı maddi dəyər əvəzedilməzdir və bu, gələcək nəsillərə qarşı cinayətdir. Ona görə də həm ölkəmizdə, həm də xaricdə mədəni irsin qorunması üçün əlimizdən gələni edirik. Heydər Əliyev Fondu Versal Sarayının parkındakı tarixi abidələrin, Luvr Muzeyinin, İkinci Dünya müharibəsində dağılmış Berlin qəsrinin, Vatikan arxivlərində saxlanılan Azərbaycan orta əsrlər əlyazmalarının, Kapitolini Muzeyinin Filosoflar zalının bərpa olunmasına kömək etmişdir.

- Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqda böyük və uğurlu layihələr həyata keçirir. Xüsusən də Heydər Əliyev Fondunun vitse-prezidenti və Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva Azərbaycan xalqının faciəsi barədə dünyaya səslənərək "Xocalıya ədalət!" kampaniyasına başladıqdan sonra bu gün bir sıra dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlar artıq Xocalı soyqırımını tanıyır. Bu kampaniyanın böyük uğurlar əldə etməsinin əsasında hansı amillər dayanır?

- Azərbaycanın tarixi həqiqətlərinin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, XX əsrin ən dəhşətli soyqırımı hadisəsi və beynəlxalq cinayət kimi təsdiq olunmuş Xocalı faciəsinin, münaqişə nəticəsində ölkəmizə vurulan zərərin, işğal olunmuş ərazilərdə törədilən vandalizmin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması Heydər Əliyev Fondunun əsas hədəflərindən biridir.

Torpaqlarımızın 20 faizinin işğalı, ölkədə bir milyondan çox qaçqın və məcburi köçkünün olması faktlara əsaslanan acı həqiqətdir. Heydər Əliyev Fondu bu münaqişə, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasəti haqqında həqiqətlərin və faktların dünya parlamentlərinə, beynəlxalq ictimaiyyətə çatdırılması üçün ardıcıl və davamlı fəaliyyət göstərir. Bu məqsədlə xarici ölkələrdə tədbirlər keçirilir, sərgilər təşkil olunur, müxtəlif dillərdə buklet və kitablar nəşr edilir.

Təəssüf ki, xalqımız tarix boyu bu kimi ədalətsizliklərlə üzləşmişdir. Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Heydər Əliyev Fondu tərəfindən Quba şəhərində Soyqırımı Memorial Kompleksi yaradılmışdır.

Bizim məqsədimiz Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırmaq və məkrli erməni təbliğatını ifşa etməkdir. "Xocalıya ədalət!" kampaniyasının bir çox ölkələrdə uğurla həyata keçməsinin başlıca bir səbəbi vardır. Bu, tarixi həqiqətlərin dünya ictimaiyyəti tərəfindən qəbul olunmasıdır.

- 2015-ci ildə Azərbaycanın ev sahibliyi edəcəyi I Avropa Oyunlarına hazırlıqla bağlı nə deyə bilərsiniz?

- Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmiz üçün, ümumiyyətlə, bütün Avropa Olimpiya hərəkatı üçün tarixi hadisədir. Azərbaycanın sürətli inkişafı, dünya birliyində tutduğu mövqe, mövcud ictimai-siyasi sabitlik beynəlxalq ictimaiyyətdə əminlik yaradıb ki, ölkəmiz bu mötəbər tədbirə uğurla ev sahibliyi edə bilər. Bu qərarın qəbul edilməsi respublikamızda çoxsaylı idman yarışlarının, Avropa və dünya çempionatlarının yüksək səviyyədə keçirilməsinə, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlərə, ümumilikdə, Azərbaycanda idman sahəsində görülmüş işlərə Beynəlxalq və Avropa Olimpiya komitələri tərəfindən verilən yüksək qiymətdir.

Ölkəmizdə bu mötəbər yarışlara hazırlıqla bağlı çoxsaylı tədbirlər yüksək səviyyədə həyata keçirilir. Avropa Olimpiya Komitəsinin nümayəndə heyəti Azərbaycana ardıcıl səfərlər edir və görülən işlərlə tanış olur, Birinci Avropa Oyunları Əlaqələndirmə Komitəsinin mütəmadi olaraq iclasları keçirilir və görülən işlər müzakirə edilir.

Su İdmanı Növləri Sarayının, Bakı Atıcılıq Mərkəzinin, Bakı Olimpiya Stadionunun və digər obyektlərin inşaat işlərinin, eyni zamanda, mövcud idman obyektlərinin əsaslı yenidənqurma işlərinin bugünkü tempi və səviyyəsi hazırlıq işlərinin vaxtında bitəcəyindən xəbər verir. Milli Gimnastika Arenası artıq istifadəyə verilmişdir.

Biz idman tarixində hazırlanmış ən yaxşı qəbul və hazırlıq qurğularından biri olacaq Atletlər kəndinin yaradılmasına çalışırıq. Təhlükəsizliyin təmin edilməsi, qonaqların və idmançıların yerləşdirilməsi, kütləvi informasiya vasitələri nümayəndələrinin fəaliyyəti üçün lazımi şəraitin yaradılması, yayımın təşkili, logistikanın qurulması və digər məsələlər Təşkilat Komitəsinin daim nəzarətindədir.

Azərbaycan I Avropa Oyunlarını Yay Olimpiya Oyunlarının səviyyəsində keçirmək əzmindədir. Ölkəmiz dəfələrlə bir çox idman növləri üzrə dünya və Avropa çempionatlarına ev sahibliyi edib. Həm bizim qonaqlarımız, həm də mütəxəssislər təşkil olunmuş tədbirlərin yüksək səviyyədə keçirildiyini daim təsdiqləyiblər. İnanıram ki, Olimpiya hərəkatı tarixinə ilk və ən yaxşı oyunlardan biri kimi yazılacaq I Avropa Oyunları çərçivəsində ölkəmizə gələcək hər bir kəs zəngin tarixi izlərin yaşadığı Bakının gözəlliyinin və şəhər sakinlərinin qonaqpərvərliyinin şahidi olacaq. 

Ülviyyə ABDULLAYEVA,
"Milli Məclis" jurnalının baş redaktoru

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov