Mayın
7-də Azərbaycan Dövlət Musiqili Teatrında ali məktəb
tələbələrinin bədii yaradıcılıq festivalının yekun
konserti keçirilib. Təhsil Nazirliyi ilə Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin
birgə qərarı əsasında ümummilli lider Heydər Əliyevin
anadan olmasının 91-ci ildönümü münasibəti ilə keçirilən
konsert proqramını təhsil nazirinin müavini Ceyhun
Bayramov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin sədri, millət vəkili Səttar
Mehbalıyev, universitet rektorları və digər şəxslər
maraqla izləyiblər.
Konsert proqramının aparıcıları bildiriblər ki,
tədbirin əsas məqsədi tələbələri milli-vətənpərvərlik,
mədəniyyətimizə, incəsənətimizə, milli
adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların
bədii-estetik səviyyəsini yüksəltməkdir. Festival
həmçinin tələbələrin mədəni həyat tərzinin
formalaşdırılması işinə kömək göstərmək, incəsənət və
mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı
gənclərin qabiliyyətlərinin inkişaf etdirilməsinə
dəstək vermək məqsədi daşıyır.
Festivalda ali məktəblərin əyani şöbələrində təhsil alan
tələbələrdən ibarət incəsənətin müvafiq janrları üzrə
fəaliyyət göstərən özfəaliyyət yaradıcılıq
kollektivləri, dərnək və studiyaları, onlardakı tək
ifaçılar, həvəskar müğənni, rəqqaslar, bədii qiraətçi,
musiqiçilər iştirak edib. Sonda bir-birindən maraqlı
çıxışları ilə seçilən tələbələr səhnədə "Azərbaycan"
mahnısının ifası ilə həmrəy olduqlarını, hər birimiz
üçün doğma olan Vətənimizi çox sevdiklərini nümayiş
etdirib və həmin günü unudulmaz xatirəyə çeviriblər.
Qeyd edək ki, artıq 10 ildir mütəmadi olaraq keçirilən
ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalı
istedadlı tələbələrin üzə çıxarılmasında mühüm rol
oynayıb. Belə ki, "Evrovision-2001" mahnı müsabiqəsinin
qalibi Eldar Qasımov və "Evrovision-2009" mahnı
müsabiqəsinin üçüncüsü Aysel Teymurzadə ali məktəb
tələbələrinin bədii yaradıcılıq festivalının
iştirakçıları olmuşlar.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |