Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2014 - №17

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yeni rektoru kollektivə təqdim olunub

 

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru vəzifəsinə təyin olunmuş Fərəh Əliyeva bu təhsil müəssisəsinin kollektivinə təqdim olunub.

Təhsil naziri Mikayıl Cabbarov Fərəh Əliyevanı ADMİU-nun rektoru təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Nazir qeyd edib ki, ADMİU-nun Azərbaycan təhsilində əvəzolunmaz yeri var. Təhsil naziri bu yaxınlarda ADMİU-nun 90 illik yubileyinin keçirildiyini və universitet əməkdaşlarının dövlət başçısı tərəfindən təltif edildiyini bildirib.

Universitetin keçdiyi inkişaf yoluna nəzər salan nazir 27 il ərzində ali məktəbə rəhbərlik etmiş Timuçin Əfəndiyevin ali məktəbin həyatında mühüm rolu olduğunu söyləyib. Təsadüfi deyil ki, səmərəli fəaliyyətinə görə onun əməyi dövlət tərəfindən yüksək səviyyədə dəyərləndirilib.

Sonra Fərəh Əliyevanın ADMİU-nun rektoru vəzifəsinə təyin olunması haqqında ölkə Prezidentinin sərəncamını nəzərə çatdıran nazir onun tərcümeyi-halı ilə mərasim iştirakçılarını tanış edib.

ADMİU-nun rektoru Fərəh Əliyeva ona göstərilən etimada görə ölkə Prezidentinə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmək üçün var gücü ilə çalışacağını söyləyib. F.Əliyeva "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın təhsilin yeni inkişaf meyarları və fəaliyyət fəlsəfəsi kontekstində yeni yanaşmalar tələb etdiyini vurğulayıb.

ADMİU-nun keçmiş rektoru Timuçin Əfəndiyev Fərəh Əliyevaya yeni vəzifəsində uğurlar arzulayıb. O, ali təhsil müəssisəsi kollektivinin yaxşı tanıdığı F.Əliyevanın universitetin gələcək inkişafı ilə bağlı dəyərli işlər görə biləcəyinə əminliyini bildirib.

Məlumat üçün qeyd edək ki, Fərəh Şirməmməd qızı Əliyeva 1984-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə şöbəsini bitirib. Həmin ildən musiqi tarixi kafedrasında müəllimlik fəaliyyətinə başlayıb. Bakı Musiqi Akademiyasının elmi katibi, ixtisasartırma fakültəsinin dekanı vəzifələrində çalışıb. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının "Musiqişünaslıq və incəsənət" bölməsinin üzvü və elmi katibidir.

1986-1991-ci illərdə aspiranturada oxuyub. 1994-cü ildə "XX əsrin 60-70-ci illərinin I yarısında Azərbaycan bəstəkarlarının yaradıcılığında bəzi üslub təmayülləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, sənətşünaslıq namizədi elmi dərəcəsinə layiq görülüb. 1995-ci ildən dosentdir. Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. Elmi konfrans və müsabiqələrin fəal iştirakçısıdır. Elmi monoqrafiya, elmi və elmi-populyar məqalələrin müəllifidir.

Sonda təhsil naziri Mikayıl Cabbarov ADMİU-nun rektoru Fərəh Əliyevaya və Timuçin Əfəndiyevə gül dəstələri təqdim edib. 

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov