Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24
oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq olunmuş
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası"nda təhsilalanların fərdi
xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları
və texnologiyaları vasitəsilə təhsilin məzmununun
səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu
təhsilverənin formalaşdırılması əsas hədəflərdən biri
kimi müəyyənləşdirilmişdir. Bu hədəfə nail olmaq üçün
müəllimlərin peşəkarlıq səviyyəsinin daim
yüksəldilməsini, müəllim peşəsinin nüfuzunun
artırılmasını, müəllimin karyera inkişafı və
fəaliyyətinin stimullaşdırılmasını təmin edən yeni
sistemin yaradılması nəzərdə tutulmuşdur.
Dövlət Strategiyasının icrası istiqamətində ümumi təhsil
müəssisələrində işləyən müəllimlərin peşəkarlıq
səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim
ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə "Azərbaycan
Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə"nin
13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. 2014-cü ilin iyun ayında Bakı şəhərinin bütün dövlət
ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik
və səriştəsinin sınaq qiymətləndirilməsi aparılsın.
2. Bakı Şəhəri üzrə Təhsil İdarəsinə tapşırılsın ki:
2.1. Bakı şəhərinin ümumi təhsil müəssisələrində işləyən
müəllimlərin ixtisaslar üzrə siyahılarının bir həftə
müddətinə hazırlanmasını təmin etsin;
2.2. 2014-cü il may ayının 25-dək hər bir ixtisas
üzrə test bankının hazırlanması, ekspertizadan
keçirilməsi, müəllimlərin sayına uyğun sual kitabçaları
və cavab kartlarının çapı ilə əlaqədar tədbirləri
görsün;
2.3. müəllimlərin bilik və səriştəsinin sınaq
qiymətləndirilməsi aparılacaq mərkəz, hər bir mərkəz
üzrə rəhbər və nəzarətçiləri müəyyənləşdirsin;
2.4. sınaq qiymətləndirmənin məqsəd və mahiyyəti barədə
pedaqoji heyətin məlumatlandırılmasını təmin etsin;
2.5. sınaq qiymətləndirmədə bütün müəllimlərin
iştirakını təmin etsin;
2.6. sınaq qiymətləndirmə başa çatdıqdan sonra cavab
kartlarının yoxlanılmasını təşkil etsin və nəticələri
rəhbərliyə təqdim etsin;
2.7. nazirliyin aidiyyəti şöbələri ilə birlikdə sınaq
qiymətləndirmənin nəticələrini təhlil etsin və
müəllimlər əmək fəaliyyətinin optimallaşdırılması üzrə
təkliflər hazırlasın.
3. Elm və ali təhsil şöbəsi (G.Hüseynova), Məktəbəqədər
və ümumi təhsil şöbəsi (A.Əhmədov), İnsan resursları
şöbəsi (F.Qədirov), Dünya Bankının maliyyə dəstəyi ilə
Təhsil Nazirliyində həyata keçirilən Layihələrin
Əlaqələndirmə Qrupu (E.Rüstəmov), Bakı Pedaqoji
Kadrların İxtisasartırma və Yenidənhazırlanma
İnstitutuna (A.Zamanov) tapşırılsın ki, sınaq
qiymətləndirmənin nəticələri əsasında ümumi təhsil üzrə
fənn kurikulumlarının və ixtisasartırma təhsili
proqramlarının təkmilləşdirilməsi, müəllim hazırlığı
proqramlarının yeniləşdirilməsi üzrə təkliflər
hazırlayıb təqdim etsinlər.
4. Bakı şəhərində yerləşən dövlət ümumi təhsil
müəssisələrinin rəhbərlərinə tapşırılsın ki,
müəyyənləşdirilmiş vaxtda müəllimlərin sınaq
qiymətləndirmədə iştirakını təmin etsinlər.
5. İqtisadiyyat şöbəsi (R.Orucov) sınaq
qiymətləndirmənin keçirilməsi ilə əlaqədar müvafiq
maliyyə məsələlərinin həll olunmasını təmin etsin.
6. İnformasiya şöbəsi (E.Əliyev) əmrin "Azərbaycan
müəllimi" qəzetində dərc edilməsini, aidiyyəti struktur
qurum və bölmələrə çatdırılmasını və Nazirliyin internet
saytında yerləşdirilməsini təmin etsin.
7. Əmrin icrasına nəzarət nazir müavininə (C.Bayramov)
həvalə edilsin.
Mikayı CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
6 may 2014-cü il |