| 
						
						
						 Mayın 
						5-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi 
						Kitabxanasının yeni binasının açılışı olmuşdur. 
						
						Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 
						açılışda iştirak etmişdir. 
						
						Dövlətimizin başçısı kitabxananın rəmzi açılışını 
						bildirən lenti kəsdi. 
						
						Mərkəzi Kitabxananın yeni binası Prezident İlham 
						Əliyevin 2011-ci il 29 aprel tarixli sərəncamına əsasən 
						tikilmişdir. Həmin ilin noyabrında dövlətimizin başçısı 
						kitabxananın yeni binasının təməlini qoymuşdur. Yeni 
						binanın tikintisi üçün ilkin olaraq Prezidentin Ehtiyat 
						Fondundan 2 milyon manat vəsait ayrılmışdır. İnşaat 
						işlərinin başa çatdırılması üçün 2011-2013-cü illərdə 
						Nazirlər Kabinetinin sərəncamları əsasında ümumilikdə 34 
						milyon manatdan çox vəsait xərclənmişdir. 
						
						AMEA-nın prezidenti akademik Akif Əlizadə dövlətimizin 
						başçısına məlumat verdi ki, "Akademiya şəhərciyi"ndə 
						tikilmiş yeni binanın ümumi sahəsi 28 min kvadratmetrdən 
						çoxdur. Bu kitabxana respublikamızda milli və dünya 
						əhəmiyyətli elmi nəşrlərin zəngin fondlarına malik olan 
						ən iri, universal təmayüllü, aparıcı elmi kitabxanadır. 
						Akademiyanın struktur bölməsi kimi fəaliyyət göstərən 
						Mərkəzi Kitabxana kitabxanaşünaslıq, 
						biblioqrafiyaşünaslıq, kitab tarixi və 
						informasiyalaşdırma sahəsində fəaliyyət göstərir. Bu 
						zəngin tarixə malik elm və mədəniyyət ocağı AMEA 
						sistemində aparılan bütün kompleks və sahəvi problemlər 
						üzrə ixtisaslaşdırılmış məlumat-informasiya mərkəzi və 
						ölkə miqyasında baş elmi-texniki informasiya 
						müəssisəsidir. Mərkəzi Kitabxananın yaradılması 
						istiqamətində ilkin tədbirlər 1923-1924-cü illərdə 
						həyata keçirilmişdir. 1945-ci ildən özünün yeni inkişaf 
						mərhələsinə qədəm qoyan bu kitabxana xüsusilə ulu öndər 
						Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə əsaslı 
						inkişaf yolu keçmişdir. 2003-cü ilin yanvarında isə 
						Azərbaycan Prezidentinin müvafiq fərmanı əsasında 
						Mərkəzi Kitabxana elmi status almışdır. Ötən illərdə 
						əsaslı struktur dəyişiklikləri baş verən və bilavasitə 
						elmi tədqiqatla məşğul olan yeni şöbələrin yaradıldığı 
						Mərkəzi Kitabxananın binasında beynəlxalq standartlara 
						uyğun səmərəli fəaliyyət üçün hər cür şərait 
						yaradılmışdır. 
						
						Qeyd edildi ki, altımərtəbəli yeni bina orijinal 
						layihəsi və müasirliyi ilə diqqəti cəlb edir. İnşaat 
						işlərində yerli və beynəlxalq memarlığın ən qabaqcıl 
						təcrübəsindən istifadə olunmuşdur. Ətrafda əsaslı 
						abadlıq və yaşıllaşdırma işləri aparılmışdır. 
						
						Binanın girişində ulu öndər Heydər Əliyevin büstü 
						qoyulmuşdur.  
						
						Dövlətimizin başçısının tapşırığına uyğun olaraq Mərkəzi 
						Kitabxanada ən son elmi-texniki yeniliklərə əsaslanan 
						informasiya-kommunikasiya texnologiyalarının tətbiqi 
						xüsusi diqqətdə saxlanılmışdır. 
						
						Prezident İlham Əliyevə AMEA-nın Mərkəzi Kitabxanasının 
						ilk oxucu kartı təqdim edildi. 
						
						Məlumat verildi ki, kitabxanaya üzv olmaq istəyənlərə 
						oxucu bileti avtomatik qaydada təqdim edilir. Ölkəmizin 
						kitabxanaçılıq tarixində ən müasir avadanlıq və 
						sistemlər ilk dəfə məhz bu kitabxanada tətbiq 
						olunmuşdur. Girişdəki elektron köşklərdə kitabxananın 
						strukturu, hər bir mərtəbənin sxemi, müxtəlif bölmələrin 
						yerləşdiyi mərtəbələr, kitablar, o cümlədən fonda yeni 
						daxil olan nəşrlər barədə müfəssəl məlumat almaq 
						mümkündür. Hərəkət qabiliyyəti məhdud insanların 
						informasiya almaları üçün burada xüsusi köşk 
						quraşdırılmışdır. Kitabxananın bütün mərtəbələrində 
						quraşdırılan monitorlarda fonda daxil olan ən son 
						yeniliklər barədə dolğun məlumatlar əksini tapmışdır. 
						Burada kitabların sifarişi də elektron qaydada aparılır. 
						
						Diqqətə çatdırıldı ki, kitabxanada 300 kompüter 
						quraşdırılmışdır. Server vasitəsilə sistemə qoşulan 
						kompüterlər vahid şəbəkə təşkil edir və müvafiq 
						tələblərə uyğun müasir proqramlarla təchiz edilmişdir. 
						Bu da abunə haqqını ödəmək şərti ilə dünyanın aparıcı 
						kitabxana resurslarına qoşulmaq imkanı yaradır. 
						
						Kitabxanada 1945-ci il martın 27-də təsis olunmuş 
						Azərbaycan Elmlər Akademiyasının 15 nəfərdən ibarət ilk 
						tərkibinə həsr edilən xüsusi guşə də yaradılmışdır. Bu 
						elm ocağının akademikləri üçün zal da hərtərəfli 
						təminatı ilə diqqəti cəlb edir. Həmin zalda eyni vaxtda 
						50 akademik elmi araşdırmaları ilə bağlı səmərəli iş 
						apara bilər. Mərkəzi Kitabxananın yeni binasındakı 14 
						oxu zalında 1000 nəfərdən çox oxucunun eyni vaxtda 
						elektron və çap məhsullarından istifadə etmək imkanı 
						olacaqdır.  
						
						Bilavasitə akademiya işçiləri üçün nəzərdə tutulan abunə 
						xidmətlərindən 80 oxucu eyni zamanda yararlana 
						biləcəkdir. Ölkəmizin müxtəlif guşələrində yaşayan 
						virtual abunəçilərin sorğularının cavablandırılması üçün 
						də burada hər cür şərait yaradılmışdır. 
						
						Qeyd edildi ki, kitabxanada dissertasiya zalı da 
						fəaliyyət göstərir. Burada səmərəli fəaliyyət üçün bütün 
						imkanlar vardır. Müzakirə otağı və müasir texnika ilə 
						təchiz edilən digər otaqlar da oxucuların 
						istifadəsindədir. 
						
						Məlumat verildi ki, yeni binada kitab fondunun ənənəvi 
						qaydada zənginləşdirilməsi ilə yanaşı, Azərbaycanda 
						fəaliyyət göstərən kitabxana, fond, muzey, orta 
						məktəblər, ali təhsil ocaqları, elmi tədqiqat 
						institutları, media qurumları, arxivlər, şəxsi 
						kolleksiyalar, yaradıcılıq ittifaqlarının fondları, 
						dövlət foto arxivi, həmçinin dünya muzeyləri, sərgi 
						salonları və elmi tədqiqat mərkəzlərində Azərbaycana aid 
						müxtəlif məlumatlar, incəsənət nümunələri, əlyazmalar, 
						eksponat və sənədlərin elektron kataloqu yaradılacaq və 
						sistemləşdirilərək "Milli rəqəmsal yaddaş" bazasına 
						daxil ediləcəkdir. Bu isə istər həmyerlilərimiz, istərsə 
						də xaricilər üçün Azərbaycan haqqında dolğun və obyektiv 
						məlumatlardan istifadə imkanı yaradacaqdır. 
						
						Kitabxanada akademiyanın bölmələrinə uyğun ixtisaslaşmış 
						zallar fəaliyyət göstərir. Burada müxtəlif tədbirlərin 
						keçirilməsi üçün böyük konfrans salonu da yaradılmışdır. 
						
						Bildirildi ki, Azərbaycan Milli Elmlər Akademiyası 
						Rəyasət Heyətinin qərarı əsasında yeni binada Mərkəzi 
						Kitabxana ilə yanaşı, İnformasiya Resursları Mərkəzi də 
						fəaliyyət göstərəcəkdir. Hər iki qurumun başlıca məqsədi 
						yüksək səviyyəli elmi araşdırmaların aparılması üçün 
						müasir informasiya bazasını təmin etməkdən ibarətdir. 
						Yeni binada 3,5 milyon kitabı əhatə edən əsas fond, 
						eləcə də böyük miqdarda çertyoj, xəritə, film və digər 
						informasiya daşıyıcıları saxlanacaqdır. Ümumilikdə 
						akademiyanın istifadəsinə verilən Mərkəzi Kitabxananın 
						yeni binası həm alimlərə dünya kitabxanalarının zəngin 
						fondlarından faydalanmaq imkanı yaradacaq, həm də burada 
						bütün struktur vahidlərinin məqsədyönlü fəaliyyəti 
						nəticəsində informasiya idarə olunan və əlaqələndirilə 
						bilən strateji resursa çevriləcəkdir. 
						
						Qeyd olundu ki, buradakı sistemləşdirmə şöbəsində də ən 
						son elmi-texniki yeniliklər tətbiq edilmişdir. Həmin 
						şöbədə sürətli skaner vasitəsilə bütün növ kitabların 
						qısa müddətdə nüsxələrinin hazırlanması və digər 
						əməliyyatlar üçün müasir avadanlıq quraşdırılmışdır. 
						
						Dövlətimizin başçısına müasir rəqəmsal mətbəənin 
						yaradılması, elektron arxiv idarəetmə kompleksinin sxemi 
						və digər texnologiyalar barədə də ətraflı məlumat 
						verildi. Kitabxanada, həmçinin yeni nəşrlərin mütəmadi 
						sərgisi keçiriləcəkdir. 
						
						Diqqətə çatdırıldı ki, kitabxananın 4 milyona yaxın 
						kitabın saxlanılmasına imkan verən qapalı və xüsusi 
						şəraitli fondu vardır. Kitabxananın imkanlarından görmə 
						qabiliyyəti zəif olan insanların da hərtərəfli 
						yararlanmaları üçün müvafiq şərait yaradılmışdır. 
						
						Prezident İlham Əliyevə AMEA-nın Rəyasət Heyətinin, yeni 
						layihələndirilən Riyaziyyat və Mexanika İnstitutunun, 
						Respublika Seysmoloji Xidmət Mərkəzinin, həmçinin 
						akademiyanın əməkdaşlarının Mərdəkan qəsəbəsindəki 
						istirahət zonasının memarlıq eskizləri təqdim olundu. 
						
						AMEA-nın Mərkəzi Kitabxanasının yeni binası ilə tanış 
						olan Prezident İlham Əliyev kollektivi bu əlamətdar 
						hadisə münasibətilə təbrik etdi, tapşırıq və 
						tövsiyələrini verdi.  
						
						AzərTAc |