Aprelin
23-də Abşeron rayonu Xırdalan şəhərindəki 2 nömrəli tam
orta məktəbdə dahi Azərbaycan şairi və mütəfəkkiri
Məhəmməd Füzulinin anadan olmasının 520 illiyinə həsr
olunmuş "Füzuli dühası" mövzusunda ədəbi-bədii gecə
keçirilib.
Tədbirdə əvvəlcə Məhəmməd Füzulinin həyat və
yaradıcılığına aid slayd nümayiş olunub. Orta əsr şairi
və mütəfəkkiri, Azərbaycan-Türkiyə ədəbiyyatı tarixində
divan ədəbiyyatının ən möhtəşəm nümayəndələrindən biri
olan Füzulinin həyat və yaradıcılığından, onun
əsərlərinin təkcə Azərbaycan ədəbiyyatı deyil,
bütövlükdə Şərq və dünya ədəbiyyatı üçün əhəmiyyətindən
danışan məktəbin direktoru Ədalət Camalova sözü
şagirdlərə verib.
Gecənin aparıcıları olan X sinif şagirdləri Sevinc
Sabirzadə və Naqi Məmmədzadə bildiriblər ki, gənc
yaşlarından yaradıcılığa başlamış və tez bir zamanda
məşhurlaşmış Məhəmməd Füzulu klassik şeir janrlarında
ölməz sənət nümunələri yaratmışdır. Onlar Füzulinin
böyüklüyünü göstərmək üçün tanınmış ədib Mir Cəlalın
belə bir fikrini diqqətə çatdırmışlar: "Bütün yaxın
Şərqdə dastan dedikdə Firdovsi, rübai dedikdə Xəyyam,
əxlaqi-didaktik şeir dedikdə Sədi xatırlandığı kimi,
qəzəl dedikdə hər kəsdən əvvəl Füzuli yada düşür".
Məktəbin yuxarı sinif şagirdləri böyük söz ustadı
Məhəmməd Füzulinin "Söhbətül Əsmar", "Rindu Zahid",
"Leyli və Məcnun"dan parçalar ifa ediblər. Onlar
tərəfindən səsləndirilən dahi şairin qəzəllərindən
parçalar qonaqlarda xoş ovqat yaratmışdır.
Ədəbi-bədii gecədə Məhəmməd Füzulinin yaradıcılığından
danışılıb və belə tərbiyəvi mövzuda olan tədbirlərin
təhsil ocaqlarında keçirilməsi yüksək qiymətləndirilib.
Tədbirin maraqlı və orijinal təşkilinə görə Azərbaycan
dili və ədəbiyyat müəllimi Gülər Nəsibova ilə birlikdə
əməyi olan hər kəsə təşəkkür bildirilib.
Tədbir Abşeron Rayon Musiqi Məktəbinin şagirdlərinin
ifasında maraqlı müsiqi nömrələri ilə başa çatıb.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |