Mingəçevir Şəhər İcra Hakimiyyətində orta ümumtəhsil
məktəblərinin uğur qazanmış şagirdləri ilə görüş
keçirilib. Görüşdə pedaqoji ictimaiyyətin nümayəndələri,
təhsildə fərqlənən şagirdlər, ötən il məktəbi qızıl
medalla bitirmiş məzunların valideynləri iştirak
ediblər.
Şəhər təhsil şöbəsinin müdiri Sahib Məmmədov ötən tədris
ilində qazanılan uğurlardan danışıb. Bildirilib ki,
2012-2013-cü dərs ilində 384 məzun tələbə adını
qazanıb. Onlardan 18 məzun orta məktəbi qızıl medalla
bitirib və ali məktəblərə qəbul imtahanlarında iki
nəfər 700 bal toplayıb.
Bu il də Mingəçevir məktəbliləri bir sıra uğurlara imza
atıb. Onlar "Ana dilimizi sevək-sevdirək" respublika
müsabiqəsində, şahmat, futbol üzrə respublika
birinciliklərində, respublika fənn olimpiadasında və
ətraf mühitin mühafizəsinə həsr edilmiş İNEPO beynəlxalq
müsabiqəsində qızıl, gümüş və bürünc medallar
qazanıblar.
Sonra Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı
Niyazi Bayramov Azərbaycanda təhsilin inkişafına
göstərilən dövlət qayğısından söz açıb və həmçinin uğur
qazanmış məktəbliləri təbrik edib.
Sonda məktəblilərə mükafatlar təqdim olunub.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |