Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2014 - №16

 

İsmayıllıda Bebras müsabiqəsi və ondan alınan təəssüratlar

 

Böyütmək üçün şəkili seçin2004-cü ildən başlayaraq Avropanın bir sıra ölkələrində informatika üzrə Bebras müsabiqəsi keçirilir. Hər il müsabiqədə təqribən 400 mindən çox şagird iştirak edir. Müsabiqənin əsas məqsədi oyunlar və əyləncə xarakterli məsələlər vasitəsi ilə şagirdlərdə informasiya texnologiyaları və kompüter elmlərinə maraq oyatmaqdır. Məsələlər elə formada tərtib edilir ki, şagirdlərdən xüsusi biliklər (proqramlaşdırma, dərin riyazi biliklər, alqoritmləşdirmə və s.) tələb olunmasın. Bu müsabiqədə şagirdlərin informasiya texnologiyaları üzrə təfəkkürləri və kompüter vərdişləri yoxlanılır, bunun əsasında qiymətləndirmə aparılır. Müsabiqə onlayn şəklində keçirilir. Müsabiqədə 15 sual və onların həlli üçün 45 dəqiqə vaxt verilir.

Bebras müsabiqəsi hazırda dünyanın 24 ölkəsində mütəmadi keçirilir. ABŞ, Rusiya, Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya, İspaniya, Belçika isə bu müsabiqə şəbəkəsinə qoşulmaq üçün intensiv hazırlıq işləri görür. Sevindirici haldır ki, ölkəmiz də bu siyahıdadır. Bunun üçün 2012-ci ildən başlayaraq ölkədə formal prosedurlar həyata keçirilmiş, müsabiqə təşkil olunmuşdur. Müsabiqənin əhatə dairəsini genişləndirmək üçün iş aparılır.

Əsas məqsəd paytaxtla yanaşı, həm də bölgələrdə olan məktəblərdən istedadlı şagirdləri - informasiya texnologiyaları üzrə "gənc Lomonosovları" seçməyə kömək göstərməkdir. Sonra həmin şagirdlərin Azərbaycanın informatika üzrə olimpiada komandasının rəhbərləri tərəfindən bir neçə il ərzində Beynəlxalq İnformatika Olimpiadalarında (İOİ) iştirak üçün  hazırlanması nəzərdə tutulur.

İlk müsabiqə aprelin 6-da İsmayıllı rayonunda Azərbaycan Respublikası Təhsil Nazirliyi, İsmayıllı Rayon İcra Hakimiyyəti, rayon təhsil şöbəsinin dəstəyi, "Xəzər" Beynəlxalq İnvestisiya Şirkətinin sponsorluğu və İSTECH və NEATS şirkətlərinin təşkilatçılığı ilə BDU-nun tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin könüllüləri Toğrul Cəfərli, Elnur Məmmədov və Şərif Hüseynovun köməyi ilə keçirildi. Müsabiqədə 265 şagird iştirak etdi.

İsmayıllı şəhər 3 nömrəlı orta məktəbin V sinif şagirdi Nihad Əhmədli, Vəng kənd tam orta məktəbinin VI sinif şagirdi Misir Cəfərov, şəhər 3 nömrəli orta məktəbin VII sinif şagirdi Asim Ağayev, Zaman Qarayev adına Qalınçaq kənd tam orta məktəbinin VIII sinif şagirdi Natiq Pirizadə, şəhər 5 nömrəli orta məktəbinin şagirdi Murad Tarverdiyev müvafiq olaraq V, VI, VII, VIII, IX siniflər üzrə ən yüksək nəticə göstərərək Caspian İnternetional İnvestment Company tərəfindən müasir noutbuklarla mükafatlandırıldılar.

Həmçinin Topçu kənd tam orta məktəbinin şagirdi Əziz Əsədov, şəhər 5 nömrəli tam orta məktəbin şagirdləri Kənan Şahalıyev, Murad Tarverdiyev, Ruslan Bəkirov, şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri Nəzrin Zülfiyeva, Günel Əliyeva, Səadət Nemətli, Samir Salahlı, Nigar Rüstəmova, Zəminə Əkbərova, Nəzrin Səlimzadə, şəhər 3 nömrəli tam orta məktəbin şagirdləri Rüstəm Nəbiyev, Faiq Həsənov, Ayxan Ağazadə, Samir Gülməmmədov, Rüfət Novruzov, Təzəkənd kənd tam orta məktəbindən Sənan Hətəmov, Yeniyol kənd  tam orta məktəbindən Rəsmiyyə Məmmədova, Qubaxəlilli kənd tam orta məktəbindən Aysel Bəkirova, Basqal qəsəbə tam orta məktəbindən Ələmdar Qəhrəmanov, şəhər 6 nömrəli tam orta məktəbindən Tural Rəhimli, şəhər 2 nömrəli tam orta məktəbindən Xatirə Dadaşovaya müxtəlif hədiyyələr təqdim olundu. Bütün qaliblərə İsmayıl Cəlillinin müəllifliyi  ilə böyük müəllim Ramin Mahmudzadəyə həsr olunmuş və R.Mahmudzadənin şəxsi imzası ilə şagirdlərə göndərdiyi "Beynəlxalq İnformatika Olimpiadaları" kitabı hədiyyə edildi.

Beləliklə, ayın 6-da İsmayıllıda Heydər Əliyev mərkəzində müsabiqənin ilk sessiyası başladı. Mən ilk şagirdə - İsmayıllının kəndlərindən birindən gəlmiş, 5-ci sinifdə oxuyan balaca xanıma sistemlə işləməyi başa salmağa başladım. Kursoru start düyməsinə gətirməyini xahiş etdim və məktəbli mousu bir kənara itələyib notebook-un touchpad-i ilə işləməyə başladı: sərrast şəkildə start düyməsini, sonra da uyğun məsələni mənim şərhim olmadan seçdi. Drag drop ilə əməliyyat aparılmalı olan interaktiv məsələni bir əli ilə touchpadın düyməsini, o biri əli ilə də kursoru idarə edərək çətinlik çəkmədən həll etməyə başladı. Bir az duruxdum, xoşuma gəldi. Düşündüm ki, yəqin evlərində kompüter var və bu bir istisnadır... Artıq neçənci sessiyanı keçirirdik və uşaqların bir-birindən daha qabiliyyətli, bacarıqlı olduqları aydın şəkildə görünürdü. Kompüterlə işləmə bacarığı olmayan şagird ümumiyyətlə yox idi. Hər kəs sərrast şəkildə işləyə bilirdi. Hətta bəzi məsələlərdə tərcümə zamanı çıxan kiçik səhvlərimizi belə şagirdlər tapıb bizə bildirirdilər. Şagirdlərin ardı-arası kəsilmirdi. Bunu nəzərə alaraq RTŞ əməkdaşları daha 3 kompüter sinfini də işə saldılar.

Tədbirin bu cür gedişi bizi heyran qoymuşdu və mən hər ehtimala qarşı şagirdlər, valideynlər və müəllimlərdən anonim olaraq düşüncələrini və əsasən də tədbirin mənfi cəhətlərini yazmağı xahiş etdim. Onlar bir-birindən maraqlı fikirlər yazmışdılar. Həmin fikirləri yazan kiçik yaşlı şagirdlərin düşüncə tərzi məni heyran etdi.

Blok-sxemə oxşar bir məsələnin izahını oxumadan bir çoxları birbaşa sxem üzərində hesablaya-hesablaya cavabı düzgün şəkildə tapır, qraflara oxşar elementləri olan məsələləri çox asanlıqla həll edirdilər. Maraqdan məsələni araşdırmağa qərar verdim və öz növbələrini gözləyən 20-30 nəfər şagirdə blok sxemlər, alqoritmlərin xassələri və s. kimi mövzularda suallar ünvanladım. Onların səlis cavab vermələri məni məsələdən agah etdi.

Maraqlı cəhətlərdən biri də o idi ki ilkin qeydiyyatdan keçmiş 224 nəfərdən əlavə şagirdlər də olimpiadaya qoşulmuşdular və buna görə də yarışda 265 şagird iştirak etdi. Müsabiqə V-IX siniflər üçün nəzərdə tutulsa da çox sayda IV sinif şagirdləri gəlmişdi. Onlar böyük şagirdlərdən də yaxşı nəticələr göstərirdilər. Ən çox bal toplayan şagird də Vəng kənd məktəbindən olan Misir Cəfərov oldu.

Beləliklə, təkcə bir rayonda keçirilmiş müsabiqə bizə bir çox qabiliyyətli şagirdləri - gələcəyin məşhur proqramçılarını, mühəndislərini aşkar etməyə imkan verdi. Təbii ki, yaxın gələcəkdə digər bölgələrdə də bu müsabiqəni davam etdirəcəyik.  

Adil ƏLİYEV,
ACM-Azərbaycanın həmtəsisçisi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov