Aprelin
27-də Azərbaycanın 10 bölgəsində "Nə? Harada? Nə zaman?"
oyunu üzrə regional məktəb çempionatı keçirilib.
Təhsil Nazirliyinin Azərbaycan İntellektual Klublar
Assosiasiyası ilə birlikdə təşkil etdiyi çempionatda
ümumi təhsil müəssisələrinin 7-10-cu sinif şagirdləri
iştirak edib.
Çempionatın əsas məqsədi gənclərin intellektual və
yaradıcılıq bacarıqlarının inkişafına kömək etməkdən,
eləcə də yüksək yaradıcılıq qabiliyyətinə, intellektual
potensiala və müxtəlif sahələrdə dərin biliklərə malik
gənclərin aşkara çıxarılaraq inkişaf etdirilməsinə
şərait yaratmaqdan ibarətdir.
İntellektual oyunlar ətraf bölgələri əhatə etməklə
Gəncə, Şəmkir, Mingəçevir, Şirvan, İmişli, Lənkəran,
Sumqayıt, Quba, Zaqatala və Göyçayda təşkil olunub.
Zonalar üzrə Şəmkir, Gəncə, Lənkəran, Cəbrayıl,
Kürdəmir, Zaqatala, Naftalan, Sumqayıt, Qobustan, Quba
rayon və şəhərlərin komandaları qalib gəlib və regional
çempion adına layiq görülüblər. Qaliblərə Təhsil
Nazirliyinin Fəxri fərmanları, qızıl medallar və kubok
təqdim olunub.
Qalib komandalar müvafiq televiziya kanalı tərəfindən
həyata keçiriləcək breyn-rinq oyunlarında iştirak hüququ
qazanacaq və televiziya çəkilişlərinə dəvət olunacaqlar.
Bakı şəhəri üzrə regional çempionat isə mayın 9-da
keçiriləcək və ümummilli lider Heydər Əliyevin anadan
olmasının 91-ci ildönümünə həsr ediləcək. |