Aprelin 29-da Azərbaycan İctimai-Siyasi Universitetində
(AİSU) "Heydər Əliyev müasir Azərbaycan dövlətinin
qurucusudur" mövzusunda elmi konfrans keçirilmişdir.
AzərTAc xəbər verir ki, əvvəlcə Dövlət himni
səsləndirilmişdir. Ümummilli lider Heydər Əliyevin
anadan olmasının 91-ci ildönümünə həsr edilmiş elmi
konfransda AİSU-nun rektoru, iqtisad elmləri doktoru,
professor Rasim Nəbiyev "İnkişafın Heydər Əliyev modeli"
mövzusunda məruzə ilə çıxış etmişdir.
Məruzədə ulu öndərin zəngin həyat və fəaliyyətindən,
müasir müstəqil dövlətimizin yaranmasında və
möhkəmlənməsində tarixi xidmətlərindən, gənclərə olan
qayğısından söhbət açılmışdır. Bildirilmişdir ki, bu gün
biz ümummilli liderin uzaqgörən siyasi və iqtisadi
fəaliyyətinin nəticəsində Heydər Əliyev ideyalarının
təntənəsini yaşayırıq. Dövlətçilik və azərbaycançılıq
ulu öndərin həyat fəaliyyətinin əsas prinsiplərindən
idi, - deyən rektor bildirmişdir ki, 1993-cü ildə xalqın
təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan
Heydər Əliyevin həyata keçirdiyi uğurlu və genişmiqyaslı
islahatlar nəticəsində ölkəmizin sosial-iqtisadi,
ictimai-siyasi, elmi-mədəni və digər sahələri sürətlə
inkişaf etməyə başlamışdır. Ümummilli liderimiz
Azərbaycanı və onun müstəqilliyini məhv olmaq
təhlükəsindən xilas etmiş, ölkəmizdə ictimai-siyasi
sabitlik bərpa olunmuşdur. Məhz ulu öndərin gənc
müstəqil Azərbaycana rəhbərlik etdiyi həmin dövr
dövlətçilik tariximizin yeni mərhələsinin, müstəqilliyi
əbədiləşdirən uğurlu bir yolun başlanğıcı olmuşdur.
Bildirilmişdir ki, bu gün Azərbaycan Respublikası ulu
öndər Heydər Əliyevin iqtisadi və siyasi fəaliyyətinin
nəticəsində dünyanın inkişaf modelinə çevrilmişdir.
"İnkişafın Heydər Əliyev modeli" adlandırdığımız bu
modelin üzərində qüdrətli Azərbaycan dövləti inam və
uğurla gələcəyə doğru addımlayaraq sürətlə inkişaf edir.
Diqqətə çatdırılmışdır ki, ümummilli lider Heydər
Əliyevin bu siyasətinin Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki,
hazırda ölkəmiz regionun lider dövlətinə çevrilmiş,
həyata keçirilən qlobal və regional layihələr ölkəmizin
dünyaya inteqrasiyasını sürətləndirmişdir.
Ulu öndərin "Hər bir insanın milli mənsubiyyəti onun
qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də
fəxr edirəm ki, mən azərbaycanlıyam!" kəlamını
xatırladan rektor gənc nəslə ümummilli liderimiz Heydər
Əliyevin işıqlı ideyalarının həyata keçirilməsində
uğurlar arzulamışdır.
Tədbirdə akademik Teymur Bünyadov və xalq şairi Söhrab
Tahir çıxış edərək görkəmli dövlət xadimi Heydər
Əliyevin Azərbaycan elminin və ədəbiyyatının
inkişafındakı misilsiz xidmətlərindən söhbət açmış, ulu
öndərlə bağlı unudulmaz xatirələrini bölüşmüşlər.
Natiqlər fenomenal yaddaşa malik Heydər Əliyev
şəxsiyyətini böyük insan, bacarıqlı diplomat, uzaqgörən
siyasətçi, dünya şöhrətli ictimai-siyasi, dövlət xadimi
və yüksək mənəvi keyfiyyətlərə malik bir şəxsiyyət kimi
yüksək qiymətləndirmişlər.
Konfransda "Heydər Əliyev müstəqil Azərbaycanın
memarıdır", "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı"
mövzularında məruzələr dinlənilmişdir. Məruzələrdə
müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında ulu
öndər Heydər Əliyevin misilsiz xidmətlərindən, ümummilli
liderin Azərbaycan ədəbiyyatının inkişafına göstərdiyi
dövlət qayğısından söhbət açılmışdır.
Sonda ümummilli lider Heydər Əliyevə həsr edilmiş musiqi
nömrələri səsləndirilmişdir. |