Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2014 - №16

 

Dünya ölkələrində ali təhsil

 

Almaniyada ali təhsil 

Böyütmək üçün şəkili seçinAlmaniya Federativ Respublikasında təhsilə, elmə və elmi tədqiqatlara hər zaman ciddi diqqət yetirilir. Ölkənin demək olar ki, hər bir iri şəhərində ali təhsil ocağı fəaliyyət göstərir.

Qloballaşma Almaniyanın elmi və ali təhsili qarşısında yeni tələblər qoyur. Müvafiq islahatlar nəticəsində universitetlər ali təhsil sistemini yeni beynəlxalq tələblərə uyğunlaşdırmağa başlayıblar. Buraya çoxpilləli təhsil sistemi (bakalavr və magistratura), ali təhsilin ödənişli olması, qəbul testləri, universitetlər və qeyri-universitet müəssisələri ilə strateji tərəfdaşlığın gücləndirilməsi aid edilə bilər. Bütün bunların sayəsində ali təhsil böyük dəyişikliklərə məruz qalıb.

Almaniyada verilən elmi dərəcələr digər Avropa ölkələrindən bir qədər fərqlidir. Ali məktəblərin riyaziyyat, təbiət elmləri, iqtisadiyyat və sosiologiya fakültələrinin məzunları ali təhsil haqqında dövlət diplomu alırlar. Humanitar fakültənin tələbələrinə təhsillərini bitirdikdən sonra, adətən, magistr (magister artium) dərəcəsi verilir. Bundan sonra aspiranturaya (promotion) daxil olaraq doktorluq dərəcəsi (doktor) almaq mümkündür. 2010-cu ildən Almaniya universitetlərinin fakültələri əsasən bakalavr və magistr dərəcələri (beynəlxalq nümunəli) almaq imkanı verən təhsil sisteminə keçməyə başlayıblar. Bu, Avropa dövlətlərinin qoşulduqları Boloniya prosesinə uyğundur.

Almaniyada ali təhsil müəssisələrinə qəbulun ümumi standartları müəyyən edilib. Belə ki, universitetə daxil olarkən gimnaziyada və ya gimnaziya proqramı üzrə əsas və ya real məktəbdə təhsilin nəticələrinə uyğun verilən sənəd (abitur diplomu) əsas götürülür. Abitur diplomu ilə təsdiqlənmiş təhsil standartlarına uyğunluq, adətən, universitetə imtahansız qəbul olmaq imkanı verir.

Almaniya ali təhsilinin əsas prinsipi "akademik sərbəstlik"dir. Bu sistem hər bir  tələbəyə öyrənmək istədiyi fənlərin siyahısını müəyyənləşdirmək imkanı yaradır. Almaniyanın ali təhsili təlim prosesi ilə elmi tədqiqatların birləşdirilməsini də nəzərdə tutur. Belə ki, universitetlərdə hər semestr mühazirə (14-20 həftə) və qeyri-mühazirə dövrlərindən ibarətdir. Qeyri-mühazirə dövründə tələbələr müstəqil elmi işlə məşğul olurlar.

Ali təhsilin ilk pilləsi baza dövrüdür (grundstudium). Bu pillədə təhsil, adətən, dörd semestrdir (iki tədris ili) və aralıq imtahanlarının (diplom - vorprüfung, zwischenprüfung) verilməsi ilə başa çatır. Bu imtahanları uğurla verən tələbələr ikinci pillədə (hauptstudium) təhsilini davam etdirmək hüququ qazanırlar. Bu pillədə təhsil daha beş semestr davam edir və ixtisasın daha dərindən öyrənilməsini nəzərdə tutur. O, adətən, buraxılış imtahanı ilə başa çatır. Bir sıra ixtisasların (pedaqogika, tibb, hüquq) məzunları buraxılış imtahanı qismində dövlət imtahanı (staatsexamen) verirlər.

Qeyd etdiyimiz kimi, ikinci pillənin yekunlarına əsasən universitetlər daha çox bakalavr (bachelor) dərəcəsi verirlər. Bunun üçün universitetdə 3-4 il ərzində təhsil almaq zəruridir. Bundan sonra məzunlar, adətən, peşəkar fəaliyyətə başlayırlar. Magistr (master) dərəcəsi namizədin verdiyi magistr imtahanları əsasında təqdim olunur. Təlim kursu iki əsas ixtisası və ya bir əsas və iki əlavə ixtisası əhatə edir. Universitetlərin əksəriyyətində magistr dərəcəsi yeni tətbiq olunmağa başlayıb. Yaxın gələcəkdə magistraturanı bitirənlərə verilən sənədin diplomu tamamilə əvəz edəcəyi nəzərdə tutulub.

Ali təhsilin üçüncü pilləsi aspiranturadır (promotion). Doktorluq dərəcəsinin alınması məqsədilə dissertasiya hazırlığı yalnız universitetlər tərəfindən həyata keçirilir. Elmi tədqiqatın aparılması ilə əlaqədar dissertasiyanın hazırlanması magistr dərəcəsi alandan sonra 2-4 il ərzində davam edir. Dissertasiyanın yazılmasının və şifahi imtahanın uğurla verilməsinin nəticələrinə əsasən doktorluq dərəcəsi verilir.

Almaniyada təhsilin ödənişli olması haqqında uzun müddət davam edən müzakirələr (studiengebühren) nəticəsində təhsil qismən ödənişli olub. 2005-ci ildə Federal Konstitusiya Məhkəməsinin qərarı ilə təhsilə görə ödənişə qoyulan qadağa aradan götürülüb.

Son illərə qədər Almaniyada ali təhsil yalnız dövlət tərəfindən maliyyələşdirilirdi. 2007-ci ildən etibarən Baden-Vürtemberq, Bavariya, Hamburq, Aşağı Saksoniya və Şimali Reyn-Vestfaliya torpaqları birinci semestrdən etibarən universitetlərdə ödənişli təhsil tətbiq etməyə başlayıblar. Məbləğ əsasən bir semestr üçün 500 avro təşkil edir. Təhsilin maliyyələşdirilməsi məqsədilə bu torpaqlar dövlət zəmanəti ilə kredit də təklif edirlər. Berlin, Branderburq, Meklenburq - Ön Pomeraniya və Şlezviq - Qolşteyndə isə bütün ödənişlər inzibati (50-60 avro) və ya sosial semestr ödənişləri (40 avrodan 180 avroyadək) ilə məhdudlaşdırılır. Burada əlavə təhsil (regelstudienzeit), yəni 5 ildən artıq alınan təhsil, eləcə də könüllü dinləyicilər (məsələn, təhsil almaq istəyən təqaüdçülər) və ikinci təhsil alanlar (əsasən iqtisadiyyat ixtisasları) üçün ödənişlər geniş yayılıb. Bütün bu təhsil məbləğləri isə semestr üçün 800 avro təşkil edir.

Bundan əlavə, dərsliklərə çəkilən xərclər bir semestr ərzində təqribən 200 avro və tibbi sığorta haqqı isə bir semestr üçün 280 avro məbləğində (qiymətlər tədris ilinə görə dəyişə bilər) müəyyən edilib.

Ölkənin özəl təhsil müəssisələri uzun müddətdir təhsili ödənişli əsaslarla həyata keçirirlər. Məsələn, ingilis dilində magistr proqramları il ərzində 4-15 min avroya və daha artıq məbləğə başa gəlir.  

Universitetlər 

Almaniyada təqribən 370 ali təhsil müəssisəsi, o cümlədən elmlər namizədi hazırlayan 140 universitet və təxminən 200 ixtisaslaşdırılmış ali təhsil ocağı fəaliyyət göstərir. Bundan əlavə, ölkədə 63 özəl universitet və 40-dan artıq dini təmayüllü ali məktəb var. Universitetlərin böyük əksəriyyəti dövlətə məxsusdur və vətəndaşlığından, eləcə də milli mənsubiyyətindən asılı olmayaraq bütün tələbələr üçün açıqdır.

Almaniya universitetləri 12500-dən artıq müxtəlif ixtisas üzrə təhsil təklif edirlər. Təkliflərin əksəriyyəti əcnəbi tələbələr üçün nəzərdə tutulub. Bundan başqa, ötən illər ərzində çoxlu sayda strukturlaşdırılmış və əcnəbi tələbələr üçün ideal şərtlərə malik aspirant proqramları yaradılıb.

Onu da qeyd edək ki, Almaniyanın ən qədim universiteti 1386-cı ildə yaradılmış Karl Ruprext adına Heydelberq Universitetidir. Tələbələrinin sayına görə ölkənin ən böyük  universiteti Lüdviq - Maksimilian adına Münhen Universitetidir ki, burada  44400 tələbə təhsil alır. Ən güclü elmi-tədqiqat potensialına malik universitet isə Axen şəhərində yerləşən Reyn-Vestfal Ali Texniki Məktəbidir.

Almaniya universitetləri ("vahid elmi tədqiqatlar və tədris" prinsipinə əsasən) yalnız ali təhsil müəssisəsi deyil, həmçinin qabaqcıl elmi tədqiqatlar mərkəzidir. Ölkə daxilində və xaricində alimlərlə elmi tədqiqat müəssisələri arasındakı sıx əməkdaşlıq bunun üçün geniş imkanlar yaradır. Ali təhsil məktəbləri dövlətdən, fondlardan və üçüncü şəxslərdən (elmi tədqiqatların sifarişçilərindən) maliyyə vəsaitləri alırlar. Universitetlərin fakültə və kafedraları əsasən aşağıdakı ixtisaslar üzrə ixtisaslaşıblar: tibb, təbiət və texniki elmlər, incəsənət və humanitar elmlər, hüquqşünaslıq, ilahiyyat, iqtisadiyyat, sosial elmlər, kənd təsərrüfatı və meşəçilik.

Klassik universitetlər sırf elmə üstünlük verərək qədim dünya tarixindən iqtisadiyyata qədər bütün növ ixtisaslar təklif etdiyi halda, texniki universitetlər daha çox mühəndislik və təbiət elmlərinin öyrənilməsinə diqqət ayırırlar. Texniki universitetlər alman mühəndislik sənətinin əsas mərkəzi kimi böyük nüfuza malikdirlər.  Bu universitetlərə daha çox əcnəbi tələbələr maraq göstərirlər.

Ötən əsrin 60-cı illərinin sonundan ölkədə ixtisaslaşdırılmış universitetlər (İU) inkişaf etməyə başlayıb. Almaniyadakı bütün tələbələrin demək olar ki, üçdə biri peşəkar akademiya adlanan və müəssisələrlə sıx əməkdaşlıq edən bu cür universitetlərdə təhsil alırlar. Sənətə qısa zamanda yiyələnmək imkanı yaradan ixtisaslaşdırılmış universitetlərdə təhsil müddəti 3 ildir. Ciddi şəkildə təşkil edilmiş təlim kursları və aralıq imtahanlar təhsilin orta müddətini qısaltmaq imkanı yaradır. Lakin bu, elmi fəaliyyətdən imtina edilməsi kimi başa düşülməməlidir. Belə ki, ölkənin təqribən 200 ixtisaslaşdırılmış universitetində elmi tədqiqatlar aparılır. Onlar əsasən sənayenin ehtiyaclarını ödəmək üçün nəzərdə tutulduğundan tətbiqi xarakter daşıyırlar.

Almaniyanın 167 tətbiqi elmlər universiteti (fachhochschulen) tələbələrə peşə təhsili təklif edir. Bu universitetlərdə tədris kursunun müddəti qısadır və elmi-tədqiqat universitetlərindən fərqli olaraq daha çox praktik yönümlüdür. Həmin universitetlərdə aspirantura yoxdur.

Almaniyanın 57 ali incəsənət və musiqi təhsili müəssisəsi yaradıcılıq peşələri (rəssamlıq, qrafika, dizayn, heykəltəraşlıq, bədii tərtibat, fotoqrafiya, kino, musiqi) üzrə akademik təhsil təkilf edir. Bu universitetlərdəki təhsil peşəkar rəssam və musiqiçilər, eləcə də bədii-estetika fənləri üzrə müəllim yetişdirməyə yönəlib.

Son vaxtlar hər bir konkret universitetdə təhsilin keyfiyyətinin obyektiv qiymətləndirilməsi tendensiyası geniş yayılıb. "Die Zeit" qəzeti ilə Ali Məktəbin İnkişaf Mərkəzinin (CHE) birgə hazırladıqları reytinq buna misal ola bilər. Ənənəvi olaraq bu reytinqdə ən yaxşı mövqeləri Baden-Vyurtemberq, Bavariya, Meklenburq-Şərqi Pomeraniya, Turingiya və Saksoniya torpaqlarının universitetləri tuturlar.

Ötən əsrin 70-ci illərindən etibarən dövlət və dini universitetlərlə yanaşı, dövlət tərəfindən tanınmış bir sıra özəl universitetlər də fəaliyyətə başlayıb. Hazırda Almaniyada 130 özəl ali təhsil müəssisəsi (əsasən kiçik), o cümlədən 10 özəl universitet fəaliyyət göstərir. Bunlara Oestrix-Vinkeldə yerləşən Avropa Biznes Məktəbini, Vitten-Herdekke Özəl Universitetini, eləcə də 12 dini universiteti misal çəkmək olar. Lakin bir çox digər ölkələrdən fərqli olaraq Almaniyada özəl universitetlər böyük nüfuza malik deyillər. Tələbələrin 90 faizdən çoxu dövlət universitetlərində təhsil alır. Buna səbəb dövlət universitetlərinin dövlətin nəzarəti altında fəaliyyət göstərməsi və fəaliyyətlərinin dövlət tərəfindən əlaqələndirilməsidir. Bundan başqa, dövlət universitetləri ali məktəbə daxil olmaq hüququ verən kamillik attestatına (və ya orta təhsil haqqında şəhadətnaməyə bərabər tutulan hər hansı bir sənədə) malik hər bir şəxs üçün açıqdır.

Almaniyada 39 aspirant məktəbi fəaliyyət göstərir. Onlar "Əla keyfiyyət təşəbbüsü" çərçivəsində dövlət tərəfindən dəstəklənirlər. Bu məktəblər üçillik aspirant proqramları təklif edirlər. Aspirant məktəbləri ilə yanaşı, ölkədə ali təhsilli şəxslər üçün 226 təhsil müəssisəsi (GRK - Almaniya elmi-tədqiqat cəmiyyətinin (DFG) dəstəklədiyi nisbətən dar tematik yönümlü) fəaliyyət göstərir. Bu universitetlərdən 59-u digər ölkədə ali təhsil almış şəxslər (IGK) üçün nəzərdə tutulub. IGK - müxtəlif ölkələrin bir və bir neçə universitetinin alman universitetlərindən biri ilə əməkdaşlıq etməsi deməkdir.

Son zamanlar ölkə üzrə universitetlərə daxil olmaq istəyənlərin sayının çoxluğu bir neçə ixtisas üzrə ali təhsil ocağına qəbula say məhdudiyyəti (numerus clausus) qoymaq zərurəti yaradıb. 2005-ci ildən etibarən bəzi ixtisaslar üçün "20-20-60" qaydası qüvvəyə minib. Qaydaya əsasən, yerlərin 20 faizi ən yüksək bal toplayan və öz istədikləri universiteti seçmək hüququ qazanan abituriyentlərə verilir. Yerlərin qalan 20 faizi gözləmə müddətinə müvafiq olaraq təqdim edilir. Universitetlərdəki yerlərin 60 faizi isə ali məktəblər tərəfindən abituriyentin attestatdakı orta balına və universitetin meyarlarına əsasən bölüşdürülə bilər.

Almaniya ali təhsil almaq istəyən istənilən gənc üçün cəlbedici ölkədir. O, ABŞ və Böyük Britaniyadan sonra əcnəbi tələbələrin ən çox axın etdiyi üçüncü dövlətdir. Bu gün alman universitetlərində 240 min əcnəbi tələbə təhsil alır. Bu, 1995-ci ilin göstəricisi ilə müqayisədə 70 faiz çoxdur. Onların hər dörd nəfərindən biri Almaniyada müvafiq kamillik attestatı alıb. Əcnəbilər üçün universitetlərdə əcnəbi tələbələrlə iş üzrə xüsusi şöbələr (Akademisches Auslandsamt, AAA) yaradılıb. Bundan əlavə, təxminən 25 min əcnəbi alim Almaniya universitetlərinin əməkdaşıdır.

Öz növbəsində, 85 min alman xarici ölkələrin universitetlərində təhsil alır. Almanlar Niderland, Böyük Britaniya, Avstriya və İsveçrə ali məktəblərinə daha çox maraq göstərirlər.

Dünyada təxminən 3 milyon tələbə xaricdə təhsil alır. Onların 12,2 faizi Almaniyanın payına düşür. Ümumiyyətlə, bu gün Almaniya universitetlərində təxminən 2 milyon gənc təhsil alır.

Almaniyada ali təhsilini yarımçıq qoyanların sayı isə tələbələrin təxminən 23 faizini təşkil edir. Bu, dünyada mövcud olan ən yaxşı göstəricilərdən biridir.


Fransada ali təhsil 

Böyütmək üçün şəkili seçin Fransanın ali təhsil sistemi olduqca çevik və rəngarəngdir. Təhsil müəssisələri bir-birindən əhəmiyyətli dərəcədə fərqlənirlər. Dövlət tərəfindən qəbul edilmiş müvafiq sənədlərə baxmayaraq, hər bir universitetin və ali məktəbin bir çox özünəməxsus xüsusiyyəti var.

Fransada təxminən 85 dövlət universiteti və ya Universitet Mərkəzi (buraya universitetlərlə yanaşı, institutlar-bir profil üzrə ali təhsil verən təhsil müəssisələri də daxildir), çoxsaylı ali məktəblər (çoxfənli peşə hazırlığı üçün), elmi-tədqiqat laboratoriyaları və tədqiqat mərkəzləri mövcuddur.

Dövlət universitetləri nüfuzuna görə daha yüksək qiymətləndirilir və özəl ali təhsil ocaqları ilə müqayisədə bir sıra üstünlüklərə malikdir. Birincisi, universitetin tədris planları milli təhsil nazirliyi tərəfindən tənzimlənir və standartlaşdırılır. İkincisi, dövlət universitetlərində dərs deməyə yalnız dissertasiya müdafiə etmiş və çoxmərhələli müsabiqəni keçmiş müəllimlər buraxılır. Təhsili başa çatdırdıqdan sonra universitetlər dövlət diplomları, ya da özlərinin daxili diplomlarını verirlər.

Universitetlərin nəzdində müxtəlif növ institutlar fəaliyyət göstərir. Bu sıraya müxtəlif profilli orta texniki personal hazırlayan və təxminən bizim kolleclərə uyğun gələn qısamüddətli Universitet Texnoloji İnstitutları (IUT), müəyyən dar çərçivəli ixtisas üzrə magistratura səviyyəsində mütəxəssislər hazırlayan Universitet Peşəkar İnstitutları (IUP) daxildir. Fransada orta və ali təhsil arasında kəskin hədd mövcud deyil. Belə ki, orta texniki təhsil ali təhsil üçün pillə rolunu oynayır.

Hazırda Fransada "Üçüncü Minilliyin Universiteti" (U3M) adlanan yeni ali təhsilin inkişafı planı tətbiq edilir. Sözügedən plan ali təhsil üçün prioritetləri müəyyən edir və inkişafın əsas istiqamətlərini göstərir. Bu istiqamətdə qarşıya qoyulmuş əsas hədəflər:

* ali təhsil müəssisələri arasında əməkdaşlığın şəbəkə sistemində təşkili;

* ali təhsil müəssisələrinin əməkdaşlığa açıqlığının və beynəlxalq mobilliyin dəstəklənməsi;

* yeni informasiya və kommunikasiya texnologiyalarının inkişafı;

* elmi tədqiqatların səmərəliliyinin artırılması. 

Universitetlər 

Fransada universitetlər fakültələrə, tədris-tədqiqat şöbələrinə (UFR) və filyerlərə, yəni ixtisas istiqamətlərinə bölünür. Avropanın hər yerində olduğu kimi, hazırda Fransada da vahid üçsəviyyəli universitet proqramında lisans, master, doktorluq (LMD) tətbiq edilir. Lisans Azərbaycandakı bakalavr dərəcəsinə uyğundur və 3 illik təhsilin yekununda verilir.

Təhsilin ilk üçillik pilləsi lisans (Licence - L1, L2, L3) diplomunun alınması ilə başa çatır. Lisansın müxtəlif növləri mövcuddur: mono və ya plüri fənlər üzrə, ümumi, tətbiqi və peşəkar - L3 Pros (professional və ya peşəkar lisans). Lisans pilləsi 180 kreditlə (hər biri 30 kredit olmaqla 6 semestr) qiymətləndirilir. Kreditlər tələbənin biliyinin Avropa qiymətini təmin edir. Bütün Avropa ölkələrinin universitet diplomları kimi, Fransa universitetlərinin diplomları da UE-dən (Unites dTEnseignement), yəni Avropa kreditləri sistemində hər birinin öz dəyəri olan fənlər blokundan ibarətdir.

Lisansın müxtəlif istiqamətləri mövcuddur:

* iqtisadi və sosial idarəetmə;

* hüquq və siyasi elmlər;

* bədii və mədəniyyət sektoru;

* filologiya və dillər;

* humanitar və sosial elmlər;

* təbii və dəqiq elmlər və texnologiyalar;

* idman və fiziki fəaliyyət texnikası;

* mühəndislik texnologiyaları;

* ilahiyyat.

Lisans diplomları arasında professional diplomunu (Licence Pros) xüsusi qeyd etmək lazımdır. Birillik lisans peşəkar təhsili alan tələbələr həm nəzəri, həm praktiki məşğələlər, eləcə də müəssisədə 12 həftədən 16 həftəyədək davam edən iş təcrübəsini keçir. Bu peşəkar diplom bank sektoru, mühəndis-tikinti, sənaye, elektronika, turizm və mehmanxana işindən tutmuş kənd təsərrüfatı sektoruna qədər 1000-dən çox müxtəlif ixtisası təklif edir. Adətən məhdud yerlər verilən Lisans Pros diplomuna müsabiqə böyük olur.

Lisans Pros diplomu hazırlığında əcnəbi tələbələr üçün də yerlər nəzərdə tutulur. Yəni, fransız dilini mükəmməl bilən və müxtəlif ali təhsil ocaqlarında təhsil alan, yaxud da ali məktəbi bitirmiş əcnəbi tələbələr öz sənədlərini birbaşa Lisans Prosun 3-cü kursuna təqdim edə bilərlər. Əcnəbilər lisans diplomunu aldıqdan sonra istəsələr magistr səviyyəsində də təhsillərini davam etdirə bilərlər.

Onu da qeyd edək ki, sığorta, maliyyə, bank işi, metal və taxta konstruksiyaların inşası, mexanika, elektrik enerjisi, elektronika sektoru, mülki tikinti, avtomobillərin təmiri istiqamətlərində Lisans Pros diplomu almaq istəyənlər daha çoxdur.

İkiillik magistratura dövründə məzuna iki müstəqil diplom verilir: Master 1 (M1) və Master 2 (M2). Burada da seçim imkanı vardır. Elmlə məşğul olmaq istəyənlər  elmi tədqiqatlar üzrə magistr diplomu (Master Recherche), istehsalatda çalışmaq arzusunda olanlar isə peşəkar magistr diplomu (Master Professional) alırlar.    Magistratura səviyyəsi 120 kreditlə (hər biri 30 kredit olmaqla 4 semestr) qiymətləndirilir. Ümumilikdə, beşillik "Licence" və "Master" pillələri 300 kreditlə qiymətləndirilir.

Sonuncu üçillik pillə - doctorat doktorluq dissertasiyasının müdafiəsi ilə başa çatır. Doctorat pilləsində təhsil alan namizədlər əvvəlki təhsil sənədləri və gələcək elmi işin mövzusu təklif olunan məktub əsasında müsahibə yolu ilə seçilir.

Bu pillə seçilmiş ixtisasın dərindən öyrənilməsini təklif edir. Mövzusunu proqrama daxil etməzdən əvvəl namizədlərdən müstəqil elmi iş aparılması tələb olunur. Bu mərhələni uğurla bitirənlərə doctorat diplomu verilir.

Əcnəbi tələbələr də təhsil səviyyələrindən asılı olaraq birbaşa Licence 3 və ya Licence 2, Licence 1, Master 1, Master 2 üçün sənədlərini təqdim edə bilərlər. Fransanın dövlət universitetləri müvafiq komissiyalar vasitəsilə ali təhsilin bu pillələrində oxumaq istəyənlərin sənədlərinə baxaraq müstəqil qərar verirlər. Bu baxımdan vahid meyar mövcud deyil.

Fransa ali təhsilində ən çətin mərhələ birinci iki il-L1 və L2 hesab olunur. Belə ki, ilk iki ildə əsasən nəzəri fənlərə üstünlük verilir. Bu zaman fənn biliklərini qiymətləndirməklə yanaşı, həm də dilə, universitet metodologiyasına yiyələnməyi tələb edən yazılı və şifahi imtahanlar keçirilir.

Əcnəbi tələbələrin Fransa universitetlərinə qəbulu üç əsas prinsipə əsaslanır:

* əcnəbi və fransız tələbələrin hüquqlarının bərabərliyi;

* əcnəbi abituriyentlər arasında bərabərlik;

* tələbələrin qəbulu üzrə son sözü demək hüququnu özündə saxlayan universitetlərin və ali məktəblərin tələblərinə riayət edilməsi.

Fransada bir sıra universitetlər müxtəlif səviyyələrdə ingilis dilində də təhsil proqramları təklif edirlər.

Fransada tibb ixtisasları üzrə ali təhsil almaq özünəməxsus fərqləri ilə seçilir. Digər ixtisaslara nisbətən tibb ixtisasları üzrə təhsil daha uzun müddət davam edir. 6 ildən 8 ilədək çəkən tibb təhsilində tələbələr qarşısında daha mürəkkəb tələblər qoyulur. Məsələn, olduqca ciddi seçim imtahanından keçməyən tələbələr ikinci kursda təhsil ala bilmir, müəyyən qədər yaxşı qiymət toplamayanlar müsabiqədən keçmir və ya imtahandan kəsilənlərə yalnız bir dəfə  birinci kursda təkrar təhsil almaq imkanı verilir.

Həkim-terapevt diplomunu tələbələr 8 illik (bunun bir ili təcrübəyə sərf olunur), stomatoloq və əczaçı diplomunu isə 6 illik təhsildən sonra alırlar. Tibbin hər hansı sahəsi üzrə ixtisaslaşmaq üçün ordinaturaya daha 4-5 il sərf etmək lazımdır.

İctimai səhiyyənin Dövlət Məktəbində əcnəbilər üçün də açıq olan müxtəlif təhsil proqramları mövcuddur. 

İxtisaslaşmış ali məktəblər 

Fransada universitetlərlə yanaşı, müxtəlif profilli ali məktəblər də (Grandes Ecoles) mövcuddur. Bu məktəblərə xüsusiləşdirilmiş hazırlıq kursları (ikiillik təhsil) keçdikdən sonra, yaxud olduqca çətin müsabiqələr nəticəsində qəbul olmaq mümkündür. Bu ali məktəblər özünəməxsusluğu ilə fərqlənir və yüksək səviyyəli idarəetmə kadrlarının hazırlanmasında əhəmiyyətli rola malikdirlər.

Bu təhsil ocaqlarında yüksək səviyyəli mütəxəssislər tərəfindən tədris proqramları hazırlanır və dərs keçilir. Burada təhsil alan fransız tələbələr imtahanlara buraxılmazdan əvvəl müəyyən illər ərzində dövlət qulluğunda və dövlət müəssisələrində çalışacaqlarına razılıq haqda iltizam imzalamalıdırlar. Ali məktəbdə təhsil aldıqları dövrdə tələbələr əməkhaqqı alır və əməkdaş-təcrübəçi kimi çalışırlar. Əcnəbi tələbələr də Fransada işləmək və əməkhaqqı almaq hüququ olmadan, könüllü dinləyicilər qismində müsabiqədən keçməklə bu məktəblərə qəbul ola bilərlər. Təbii ki, söhbət ixtisasları ali məktəblərin profilinə uyğun gələn yüksək hazırlıqlı əcnəbi tələbələrdən gedir.

Fransanın nüfuzlu ali məktəbləri arasında ENA-Dövlət İdarəetmə Məktəbi, HEC-Ali Kommersiya Məktəbi (özəl), Ecole Normale Superieure-Ali Pedaqoji Məktəb (müxtəlif profilli ən yüksək səviyyəli pedaqoji və elmi kadrlar yetişdirir), Ecole Polytechnique-Ali Politexnik Məktəb (dövlət qulluğunda texniki vəzifələr tutmaq üçün yüksək səviyyəli hərbi kadrlar və mühəndislər hazırlayır) və ENM-Ali Magistrlər Məktəbi (dövlət qulluğunda çalışmaq üçün hüquq və ədliyyə sahəsi üzrə yüksək səviyyəli kadrlar yetişdirir) daha məşhurdur. Ölkə üzrə təxminən 200 ali xüsusiləşdirilmiş mühəndislik məktəbi mühəndis diplomu vermək hüququna malikdir. Adətən bu məktəblərdə təhsil müddəti 5 il davam edir və əksəriyyəti  polivalent ümumi mühəndislik diplomunun (Licence+Master) alınması ilə başa çatır. İmtahan zamanı tələbələrdən riyaziyyat və fizika üzrə olduqca mükəmməl biliklər tələb olunur. Təhsilə iri sənaye müəssisələrində təxminən 12 ay və ya xaricdə iş təcrübəsi də daxildir. Mühəndislik məktəblərinə xüsusiləşdirilmiş hazırlıq kurslarını keçdikdən sonra və yaxud müsabiqələr yolu ilə (müsabiqə böyükdür) qəbul olmaq mümkündür. Fransada ali ixtisas məktəbləri adətən müvafiq nazirliklərin nəzdində yerləşir və müxtəlif sahələr üzrə ixtisaslı kadrlar hazırlayır.

Universitetlərə daxil olmaq üçün fransız tələbələrin "baccalaureat" diplomuna, yaxud universitetdə təhsili davam etdirmək imkanı verən və orta təhsil məktəbini-liseyi bitirdiklərini təsdiq edən "BAK" diplomuna malik olmaları (Fransada lisey şagirdlərinin orta hesabla 70 faizi "BAK" diplomu ala bilir) əsas şərtdir. Fransa universitetlərində təhsil almaq istəyən əcnəbi tələbələr isə fransız dilinə tərcümə edilmiş və notarial qaydada təsdiq edilmiş aşağıdakı sənədləri təqdim etməlidirlər:

* orta təhsil haqqında attestatın surəti;

* universitetə daxil olmaq üçün test imtahanlarının nəticələri haqqında çıxarışın surəti (xarici ölkələrdə alınmış orta təhsil haqqında attestat imtahansız universitetə qəbul olunmaq hüququ vermir);

* doğum haqqında şəhadətnamənin surəti;

* zaçot kitabçasının surəti (yaxud universitetdə keçilmiş fənləri göstərən akademik arayış);

* məktub-əsaslandırma;

* 3 zərf (namizədin ünvanı göstərilməklə ikisi kiçik formatda və biri böyük formatda) və 2 beynəlxalq kupon-cavab;

* TCF imtahanının (fransız dili üzrə test) cavabları.

Fransız dili üzrə test əsas (şifahi danışığın başa düşülməsi, dilin quruluşu haqda bilgi və yazılı mətnlərin başa düşülməsi) və iki əlavə imtahandan (yazılı vərdişlər və şifahi vərdişlər) ibarətdir. TCF imtahanının verilməsinin ən əlverişli vaxtı yanvarın sonunda keçirilən sessiya hesab olunur. Bu zaman imtahanlara qatılanlar nəticələri martın əvvəlində alırlar ki, bu da onlara sənədlərini hazırlamaq və seçdikləri universitetlərə göndərmək üçün əlavə vaxt qazanmaq imkanı verir.

Onu da qeyd edək ki, əcnəbi tələbələr fransız dili üzrə biliklərini təsdiq edən TCF imtahanında ən azı 350 bal toplamalıdırlar ki, universitetlərə sənəd verə bilsinlər. Onlar TCF imtahanı üzrə nə qədər yüksək bal toplasalar, sənədlərinin universitet tərəfindən qəbul edilməsi şansı da bir o qədər artmış olur. Əcnəbi tələbələr Fransanın nüfuzlu ali təhsil müəssisələrinə qəbul olmaq, eləcə də dövlət təqaüdü almaq istəyirlərsə, əsas imtahan üzrə dördüncü və ya beşinci səviyyəyə (400-500 baldan yuxarı) və əlavə sınaqlar üzrə yaxşı qiymətlərə malik olmalıdırlar.

Birinci və ikinci kurslara daxil olmaq üçün (L1,L2) əcnəbi tələbələr sadəcə TCF imtahanını deyil, eləcə də TCF-DAP imtahanını verməlidirlər. TCF-DAP əsas imtahandan əlavə, müvafiq cədvəlin yazılı qaydada şərh edilməsi və verilən mövzu üzrə inşa işindən ibarət olan yazılı imtahandır.

Bu gün Fransada təxminən 300000 əcnəbi tələbə təhsil alır. Fransanın dövlət universitetlərində ali təhsil pulsuzdur, yəni burada təhsilə görə ödəniş edilmir. Lakin hər təhsil ilinin əvvəlində universitetə qeydiyyat haqqına görə ödəniş etmək (səviyyə və ixtisasdan asılı olaraq məbləğ 150-900 avro arasında dəyişə bilər), eləcə də məcburi illik tələbə sığortasına malik olmaq lazımdır.

Fransanın dövlət universitetlərində təhsil almaq istəyən əcnəbilərin illik xərci 6000-10000 avro (qalmaq, yemək, yol, dərs vəsaitləri üçün xərc) arasında dəyişə bilər.

Özəl universitetlərdə isə illik təhsil haqqı 3000-7000 avro civarındadır. Təhsil müəssisəsindən asılı olaraq bəzən bu məbləğ daha da arta bilər. 

Səhifəni hazırladı:
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

Ölkələrin səfirliklərindən, təhsil nazirliklərinin və təhsilə aid digər qurumlarının rəsmi İnternet saytlarından əldə olunan materiallar əsasında.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov