Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2014 - №16

 

Dövlət İdarəçilik Akademiyasında Latviyanın sabiq prezidenti xanım Vayra Vike-Freyberqa ilə görüş keçirilib

 

Böyütmək üçün şəkili seçinAprelin 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında  Latviyanın sabiq prezidenti, Madrid klubunun üzvü və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri xanım Vayra Vike-Freyberqa ilə görüş keçirilib.

Tədbirdə akademiyanın professor-müəllim heyəti, tələbələr iştirak ediblər.

Görüşü Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov açaraq qonağı rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən məmnunluq hissi keçirdiyini bildirib. Rektor xanım Vayra Vike-Freyberqanın Latviya Respublikasının 6-cı prezidenti kimi səkkizillik fəaliyyəti ərzində (1999-2007) ölkəsinin yüksək inkişafa nail olmasını, bu gün də beynəlxalq siyasətdə xüsusi fəallığı ilə seçilən, BMT-nin baş katibinin xüsusi elçisi olduğunu qeyd edib. Akademik görüşün "Səmərəli dövlət idarəçiliyi"  mövzusuna həsr olunduğunu söyləyib. Urxan Ələkbərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən son dövrlərdə aparılan səmərəli islahatların və görülən tədbirlərin ölkəmizdə dövlət idarəçiliyinin inkişaf etdirilməsini, dövlətin idarə edilməsində biliyə əsaslanan cəmiyyətin qurulması istiqamətində həyata keçirilən siyasəti, beynəlxalq təşkilatların qəbul etdiyi statistik faktları əyani vasitələrlə qonağın diqqətinə çatdırıb.

Respublikamızın yüksək inkişaf tempi, beynəlxalq arenada əldə edilən nailiyyətlər, elm və humanitar sahədə qazanılan uğurlar haqqında məlumat verən natiq davamlı inkişaf strategiyasının tələblərinə cavab verən insan potensialının formalaşması, ölkəmizin zəngin təbii ehtiyatlarından olan "qara qızılın" insan kapitalına çevrilməsi, bu sərvətin formalaşdırılması və idarə edilməsinin əsasında elm və təhsilin dayandığını qeyd edib. O, ölkəmizdə sağlam, yüksək bilik və bacarığa malik olan yeni nəslin formalaşmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu xatırladıb.

Xanım Vayra Vike-Freyberqa öz növbəsində görüş iştirakçılarını salamlayıb və onların qarşısında "Səmərəli idarəçilik" mövzusunda mühazirə ilə çıxış edib. O, dövlət idarəçiliyinin  yeni paradiqması kimi səmərəli idarəçiliyin mahiyyətini şərh edib. Qonaq Avropa və dünya miqyasında bu prinsiplərin tətbiqi sahəsində görülən və görülməli olan işlərə dair öz baxışlarını izah edib. Çıxışda daha sonra səmərəli idarəçilik prinsiplərinin tətbiqi istiqamətində  Azərbaycan Respublikasının əldə etdiyi müsbət nəticələrin  beynəlxalq təşkilatlar tərəfindən  yüksək qiymətləndirildiyi, dünya arenasında ölkəmizin nüfuzunun durmadan artdığı xüsusi qeyd olunub. Xanım Vayra Vike-Freyberqa  belə bir fikri vurğulayıb  ki, səmərəli idarəçilik üçün iki mühüm şərt  vardır: birincisi, güclü siyasi liderin olması,  ikincisi, bu iradənin reallaşmasını təmin edə biləcək  effektiv idarəçilik sisteminin olması.  Onun fikrincə, Azərbaycanda bu şərtlərin hər ikisi mövcuddur və bu da ölkənin gələcək uğurlarının təminatçısıdır.

Sonda xanım Vayra Vike-Freyberqa görüş iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.  

Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov