AzərTAc xəbər verir ki, Moskva Dövlət Linqvistika
Universitetinin (MDLU) nəzdində fəaliyyət göstərən
Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin yaradılmasının
5 illiyi münasibəti ilə təntənəli tədbir keçirilmişdir.
Mərkəz 2009-cu ildə Bakı Slavyan Universiteti və Moskva
Dövlət Linqvistika Universiteti arasında əməkdaşlıq
haqqında sazişə əsasən yaradılmışdır.
MDLU-nun rektoru, akademik, Ümumrusiya Azərbaycan
Konqresinin Heydər Əliyev adına mükafatının laureatı
İrina Xaleyeva tədbiri açaraq bildirmişdir ki, Mərkəzin
yaradılması Bakı Slavyan Universiteti ilə Moskva Dövlət
Linqvistika Universiteti arasında uğurlu əməkdaşlığın,
BSU-nun keçmiş rektoru, professor Kamal Abdullayevin
hərtərəfli dəstəyinin nəticəsidir. O demişdir:
"Azərbaycan xalqının zəngin tarixi və mədəniyyəti,
müasir Azərbaycanın sürətli inkişafı, Rusiya və
Azərbaycan arasında mehriban qonşuluq münasibətləri və
bir çox digər amillər Azərbaycana, Azərbaycan dilinin və
mədəniyyətinin öyrənilməsinə marağın getdikcə artmasına
səbəb olur". Rektor, həmçinin Mərkəzin rəhbəri, BSU-nun
professoru Bella Musayevanın xidmətlərini xüsusi
vurğulamışdır.
Bakı Slavyan Universitetinin prorektoru Telman Cəfərov
qeyd etmişdir ki, MDLU-da Mərkəzin yaradılması və onun
uğurlu fəaliyyəti MDB-də və Avropanın digər ölkələrində
də bu cür mərkəzlərin açılmasına təkan vermişdir.
T.Cəfərov BSU-nun rektoru Asif Hacıyevin təbrik
məktubunu oxumuşdur.
Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər
üzrə müşaviri Nigar Axundova səfir Polad Bülbüloğlunun
təbrik məktubunu təqdim etmişdir. Məktubda deyilir:
"İngilis-Azərbaycan dilləri bölməsinin tərcümə
fakültəsinin məzunları üçün Nizami, Nəsimi, Füzuli,
Vaqif, Üzeyir Hacıbəyli və Qara Qarayev, Səttar
Bəhlulzadə və Tahir Salahov kimi dahi Azərbaycan
sənətkarlarının adları ensiklopediyadan sətirlər
deyildir. Bu adlar poetik misralar, unudulmaz musiqi və
parlaq palitra ilə assosiasiya olunur. İndi Azərbaycan
onlar üçün təkcə Xəzərin sahilində yerləşən ərazi deyil,
əsl dostların və həmfikirlərin yaşadığı ölkədir".
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar
əlaqələr şöbəsinin rəhbəri Tamilla Əhmədova qeyd
etmişdir ki, Mərkəz bu ilin mayında 10 illik yubileyini
qeyd edəcək Heydər Əliyev Fondu ilə sıx əməkdaşlıq edir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın
rəhbərliyi ilə Fondun Rusiya nümayəndəliyi Rusiya və
Azərbaycan gənclərinin dostluğunun möhkəmləndirilməsi
istiqamətində fəaliyyətə önəm verir. T.Əhmədova
bildirmişdir ki, Azərbaycan xalqı milli sərvəti olan
Azərbaycan dilinə böyük qayğı ilə yanaşır. Azərbaycan
dövləti rus dilinin qorunub saxlanmasına da xüsusi
diqqət yetirir. Ölkəmizdə Moskva Dövlət Universitetinin
filialı, Bakı Slavyan Universiteti, Səməd Vurğun adına
Rus Dram Teatrı və digər müəssisələr uğurla fəaliyyət
göstərir.
Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) icraçı
direktoru Emin Hacıyev Heydər Əliyev Fondunun
vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyevanın
təbriklərini çatdırmışdır. Mərkəzə Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından
Azərbaycan milli geyimi hədiyyə edilmişdir.
Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) icraçı direktoru
İlqar Hacıyev Rusiyada Azərbaycan dili və mədəniyyətinin
təbliğində Mərkəzin önəmli rolunu vurğulamış və ÜAK-ın
prezidenti Məmməd Əliyevin təbriklərini çatdırmışdır.
İ.Hacıyev qeyd etmişdir ki, ÜAK-ın nəzdində açılmış
"Bazar günü" məktəbində Azərbaycan və rus dillərinin
tədrisi həyata keçirilir.
Tədbirdə Rusiyada fəaliyyət göstərən Azərbaycan ictimai
təşkilatlarının nümayəndələri çıxış etmişlər.
Rəsmi hissədən sonra MDLU-nun tələbələrinin ifasında
Azərbaycan şairlərinin şeirləri səsləndirilmiş,
Azərbaycan rəqsləri nümayiş etdirilmişdir. |