Qafqaz Universitetinin sənaye mühəndisliyi bölməsi və
Gənc Mühəndislər İctimai Birliyinin birgə təşkilatçılığı
ilə "Sənaye ili"nə həsr olunmuş "Azərbaycan
müəssisələrinin intensiv inkişafında sənaye mühəndisliyi
və sənaye mühəndislərinin rolu" mövzusunda I
elmi-praktik simpozium keçirilib.
Universitetin rektoru, professor Ahmet Saniç tədbiri
açaraq ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu
inkişaf siyasətini uğurla davam etdirən möhtərəm
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün
sahələrində gedən sürətli inkişafdan danışıb. Qeyd
olunub ki, hazırkı mərhələdə müasir çağırışlar və yeni
təşəbbüslər nəzərə alınmaqla sənayenin
modernləşdirilməsi və qeyri-neft sənayesinin
şaxələndirilməsi məqsədi ilə bir sıra tədbirlərin həyata
keçirilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni
prioritet istehsal sahələrinin, sənaye parklarının
yaradılması, regionlarda sənaye potensialının
gücləndirilməsi, sənayenin innovasiyalar əsasında
inkişafını təmin edəcək imkanların formalaşdırılması
üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin 10 yanvar 2014-cü il tarixli sərəncamına əsasən
2014-cü il Azərbaycan Respublikasında "Sənaye ili" elan
edilmişdir. A.Saniç bildirib ki, 2014-cü ilin "Sənaye
ili" elan olunması ali məktəblərin də üzərinə bir sıra
vəzifələr qoyur. Belə ki, universitetlər də elmi
cəhətdən və yetişdirdiyi mütəxəssislərlə Azərbaycan
sənayesinin inkişafına öz töhfələrini verməlidir.
Qafqaz Universitetinin mühəndislik fakültəsinin dekanı,
dosent Yadullah Babayev çıxışında bildirib ki,
Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu
kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılmış,
sənaye məhsulları istehsalının həcmi 2,7 dəfə artmışdır.
Bu müddət ərzində rəqabətqabiliyyətli müasir sənaye
sahələrinin yaradılması, sənayenin infrastruktur
təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı
layihələr icra edilmiş, yeni iş yerləri açılmış, ölkə
sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Fəaliyyət göstərdiyi gündən etibarən Qafqaz
Universitetinin sənaye mühəndisliyi fakültəsi
yetişdirdiyi kadrlarla ölkəmizin sənayesinə töhfələr
bəxş etmişdir. Belə ki, simpoziumda iştirak edən
məruzəçilərin hamısı Qafqaz Universitetinin sənayenin
müxtəlif sahələrində fəaliyyət göstərən təcrübəli
məzunlarıdır.
Simpozium iştirakçıları "İş dünyasında sənaye
mühəndisinin rolu", "İdarəetmədə sənaye mühəndisinin
rolu", "Neft sektorunda sənaye mühəndisinin rolu",
"İstehsalat və istehsalın planlaşdırılmasında sənaye
mühəndisinin rolu", "Keyfiyyətin idarə edilməsində
sənaye mühəndisinin rolu" mövzularında məruzələr
dinləyiblər. Tədbirin sonunda məruzəçilərə təşkilatçılar
tərəfindən sertifikat və hədiyyələr verilib.
Y.ƏLİYEV,
"Azərbaycan müəllimi" |