Mayın
1-də Təhsil Nazirliyində növbəti mətbuat konfransı
keçirilib.
Nazirliyin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət
Valehov, İnsan resursları şöbəsinin müdir müavini İlham
Nağıyev, həmçinin Xaricdə təhsil və əcnəbi tələbələrlə
iş sektorunun müdiri Həsən Həsənlinin iştirak etdiyi
mətbuat konfransında kütləvi informasiya vasitələrinin
nümayəndələrinə təhsil sahəsində baş verən yeniliklər
haqqında məlumat verilib.
"Təhsil müəssisələrində şagirdlərin sinifdən sinfə
keçirilməsi haqqında" Müvəqqəti Qaydalar barədə məlumat
verilərək bildirilib ki, yeni qaydalara əsasən, dörd və
daha artıq fəndən illik "qeyri-kafi" qiymət alan, habelə
dərs məşğələlərinə gəlmədiyi üçün biliyi
qiymətləndirilməyən V, VIII və X sinif şagirdləri təkrar
sinifdə saxlanılacaq. Üç fəndən illik "kafi" qiymət alan
V, VIII və X sinif şagirdlərinə isə həmin fənlərdən yay
tapşırıqları veriləcək. Belə şagirdlər avqustun 25-dən
sentyabrın 10-dək təkrar imtahan verməklə növbəti sinfə
keçə biləcəklər, əks halda onlar sinifdə qalacaqlar.
İbtidai sinif şagirdlərinin təkrar sinifdə saxlanılması
üçün isə yeganə əsas uzunmüddətli xəstəlik və yaxud
məktəbdən yayınma halı hesab edilir. Bundan başqa,
ikinci yarımildə bu və digər fəndən "qeyri-kafi" qiymət
alan şagirdə həmin fəndən müsbət illik qiymət verilə
bilməz. Özlərindən asılı olmayan səbəblərdən xarici dil,
informatika, fiziki tərbiyə, musiqi nəğmə, rəsmxətt
fənləri üzrə şagirdlərin biliyinin qiymətləndirilməməsi
isə onların yuxarı sinfə keçməsinə təsir etməyəcək.
Mətbuat konfransında orta məktəblərdə aparılan
araşdırmalar barədə də məlumat verilib. Bildirilib ki,
Laçın rayon Ağgöl kənd ümumi orta məktəbində aparılan
araşdırma zamanı müəllimlərin dərs planlarının düzgün
tərtib etmədiyi, davamiyyət jurnallarında ciddi səhvlərə
yol verdiyi üzə çıxıb. İşinə səhlənkar yanaşdığına və
təlim-tərbiyə işinin təşkilində yol verdiyi nöqsanlara
görə məktəbin direktoru vəzifəsindən azad edilib. Tərtər
rayon Evoğlu kənd məktəbinin direktoru da analoji
nöqsanlara görə vəzifəsindən çıxarılıb. Bundan başqa,
Siyəzən Rayon Təhsil Şöbəsinin müdirinə, böyük
məsləhətçisinə və metodistinə işdə yol verdikləri
nöqsanlara görə töhmət verilib.
Dövlət sifarişi ilə bakalavriat və magistratura
səviyyələrinə qəbul planında da dəyişikliklər var. Belə
ki, ötən tədris ilinin faktiki qəbuluna nisbətən
Azərbaycanda fəaliyyət göstərən ali təhsil
müəssisələrinə cari tədris ili üçün qəbul planı 12,9
faiz çoxaldılıb. Qiyabi təhsil forması üzrə plan 2
dəfədən çox azaldılaraq bu yerlərin hesabına əyani
tələbə qəbulu planı artırılıb.
Özəl ali təhsil müəssisələrinə qiyabi təhsil forması
üzrə qəbul isə dayandırılıb, Azərbaycan İctimai Siyasi
Universitetinə və Azərbaycan Müəllimlər İnstitutunun 4
filialına pedaqoji ixtisaslar üzrə qəbul planı
verilməyib. Pedaqoji ixtisaslar üzrə qəbul planı yalnız
Qafqaz, Xəzər və Bakı Qızlar universitetlərinə verilib.
Ali təhsil müəssisələrində magistratura səviyyəsi üzrə
qiyabi təhsil forması nəzərdə tutulmayıb.
Qiyabi təhsil forması üzrə kolleclərə tələbə qəbulu
planı əvvəlki tədris ilinə nəzərən 4,1 dəfə azaldılıb,
"ibtidai sinif müəllimliyi" və "informatika müəllimliyi"
ixtisasları isə qəbul planından çıxarılıb. Kolleclərə
"məktəbəqədər təlim və tərbiyə" ixtisası üzrə qəbul
yerləri əvvəlki tədris ilinə nisbətən 38 faiz az
planlaşdırılıb.
Təhsil müəssisələrinin maddi-texniki təminatı
yaxşılaşdırılıb. Nazirlik ilk peşə-ixtisas təhsili
müəssisələri üçün 37 ədəd yeni maşın və avadanlıqlar
alıb.
Mətbuat konfransında jurnalistlərin çoxsaylı sualları
cavablandırılıb. |