Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2014 - №16

 

Akademik Azad Mirzəcanzadənin və liseyin yubileyinə həsr olunmuş elmi-praktik konfrans

 

Böyütmək üçün şəkili seçinAprelin 29-da Bakı şəhəri 147 nömrəli  texniki-humanitar liseydə görkəmli alim, akademik Azad Xəlil oğlu Mirzəcanzadənin 85, liseyin isə 15 illik yubileyi ilə əlaqədar şagird elmi-praktik konfransı keçirildi. Liseyin direktoru, əməkdar müəllim Həlimə Mehdiyeva giriş sözü ilə konfransı  açıq elan etdi. Məktəb şagirdlərinin ifa etdiyi Azərbaycan Respublikasının Dövlət himni, Azad müəllimin sağlığında çox sevdiyi "Sənsiz"  romansı və  yunan muzalarına həsr olunmuş kiçik səhnəciklər  tamaşaçıların marağına səbəb oldu.

Tədbir iştirakçıları öz çıxışlarında  akademik Azad Mirzəcanzadə ilə bağlı xatirələrindən söz açdılar.

Həlimə Mehdiyeva görkəmli elm xadimi, akademik Azad Xəlil oğlu Mirzəcanzadənin şərəfli ömür yolundan, onunla tanışlığından danışdı. Bildirdi ki, o,  29 sentyabr 1928-ci ildə Bakıda anadan olub. 1944-1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsində ali təhsil alaraq dağ mühəndisi ixtisasına yiyələnib. 1951-ci ildə texnika elmləri üzrə namizədlik, 1957-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 1959-cu ildə  professor adı alıb. 1962-ci ildə  Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilib. Lisey ideyasını respublikamıza, Bakı şəhərinə gətirən  Azad müəllim olub. 

Diqqətə çatdırıldı ki, on beş il bundan əvvəl dünya şöhrətli akademikin,  gəncliyi dünyalarca sevən alimin- Azad Mirzəcanzadənin təşəbbüsü ilə Təhsil Nazirliyinin qərarına əsasən bu məktəb açıldı. Birinci il şagirdləri məktəbə müsahibə yolu ilə qəbul etdik. Azad müəllim  o müsahibədə şəxsən iştirak edərək həm müəllimləri, həm də şagirdləri özü seçdi. İkinci növbədə biz onları test üsulu ilə qəbul elədik. İlk ildə məktəbin 15 nəfər buraxılışından bir nəfər 610, qalan 14 uşaq isə 350-dən 599-a qədər  bal topladı. Beləliklə, elə ilk ildə heç biri  ali  təhsildən kənarda qalmayan məzunlarımız istər respublikadakı, istərsə də  respublikadan kənardakı ali məktəblərə daxil oldular. Bu göstərici  məktəbimizin adını-sanını  yüksəltdi və  bu təhsil ocağına  axın başladı.

Böyütmək üçün şəkili seçinH.Mehdiyeva qeyd etdi ki, yetirmələrimizin səsi dünyanın hər yerindən  gəlir. Məktəb bir ailədir. Mən bu məktəbə Azad müəllimin təkidi ilə gəlmişəm. Fəxr edirəm ki, bir zaman belə bir akademiklə işləmişəm. Onunla birlikdə çalışan yoldaşlar bilir ki, Azad müəllim nə qədər qədirbilən, sadə,  çəkilən zəhmətə qiymətverən olsa da, eyni zamanda həm də çətin, mürəkkəb  xarakterə malik bir  insan idi. Mən hər zaman onun tələbkarlığına dözür və həmişə ondan öyrənməyə çalışırdım. İndi  bu məclisdə iştirak edən Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Eynullayev, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini  Məmmədəli Kəsəmənli  Azad müəllimin yetirmələrindəndir. Məktəbimizin  yetirmələrindən hazırda Amerikada işləyən  dosent Nərgiz Abdurrahmanova (ailə qurandan sonra Muğanlinskaya soyadını daşıyır), İsmayıl Ələkbərov, Tuğra Şükürova, Nicat İmanov, Qorqud Axundzadə, Təbriz Qarayev və başqa məzunlarımızın hər birinin  səsi ən mötəbər idarə və təşkilatlardan eşidilir. Yəni Azad müəllimin verdiyi  tərbiyə,  təhsil nəinki şagirdlərimizin, tələbələrimizin, eyni zamanda biz müəllimlərin də xatirində silinməz  izlər qoyub. Dərin minnətdarlıqla deyirəm ki, Azad müəllim, ruhun şad olsun.

Azad müəllimin özünəməxsus pedaqoji metodlarına toxunan  lisey direktoru vurğuladı ki, onun keçdiyi dərslərdə riyaziyyat, ədəbiyyat, tarix, coğrafiya, həkimlik,  musiqi harmoniyası  vardı. O, auditoriyalarda X-XI sinif şagirdlərinə əlavə dərslər keçər, onlara texniki, fiziki təfəkkür  düşüncəsi aşılayardı.

Ən azı həftədə iki dəfə  məktəbimizə gələrdi. Hər şənbə günü  müəllimlər, hər dördüncü gün şagirdlər üçün mühazirə oxuyar, seminarlar təşkil edərdi. Əksər vaxt  mühazirələrini musiqi sədaları altında aparırdı.

Təhsil Nazirliyi Aparatının rəhbəri Mətin Eynullayev çıxış edərək Azad müəllimi dahi şəxsiyyət kimi səciyyələndirdi. Bildirdi ki, onun Azərbaycanın elminə, təhsilinə, ictimai həyatına verdiyi töhfələr  müqayisəolunmazdır. Belə insanlar  dünyaya çox nadir hallarda gəlirlər. Natiq qürur hissi ilə qeyd etdi ki, biz hamımız- bu liseydə oxuyanlar  qədəmlərimizi  onun təsiri altında qoymağa, bütün həyatımızı onun bizə verdiyi istiqamət əsasında yönləndirməyə çalışırıq. Onun göstərdiyi yol - xalqa xidmət, millətə xidmət, vətənə sevgi- Azad müəllimin liseydə qoymuş olduğu ənənələr əsasında ürəyimizə  nüfuz edib. Biz, onun yetirmələri həmişə onun xatirəsini uca tuturuq. Bu konfransda iştirak etdiyinizə görə hamınıza minnətdarlığımı bildirirəm. Hər iki əlamətdar gün münasibəti ilə başda Həlimə xanım olmaqla  bütün lisey kollektivini təbrik edirəm.

Respublikanın baş uroloqu, alim Südeyf İmamverdiyev çıxışında bildirdi ki, Azad müəllimin ruhu bu məktəbdə yaşamaqdadır. Onun qlobal düşünmək, lokal hərəkət etmək, fəaliyyət göstərmək düşüncəsi ilk  baxışdan  nəzərə çarpır. Azad müəllimin əsas məqsədi geniş savada, əhatəli biliyə malik  olmaq  və bu düşüncələrlə yüksək bilik əldə edərək  vətəni ucaltmaq istiqamətində daim düşünmək idi. Onun tələbələrinə dediyi bir cümlə hələ də yadımdadır: "Mənim plankama çatmağa çalışın, onu öz səviyyənizə salmağa yox".

Qeyd olundu ki, dünyanın hər yerindən  yanına qonaqlar gəlirdi. Xarici dövlətlərdəki  məşhur universitetlərin rəhbərləri Azad müəllimi  təbrik eləmək, ona öz sözlərini çatdırmaq niyyəti ilə bircə günlüyə Bakıya gəlirdilər.

Azad müəllim bütün məziyyətləri  ilə hər bir azərbaycanlı üçün bir iftixar yeridir. Onun düşüncələrində, danışığında əsas  məram o  idi ki, professorun öz xalqı ilə fəxr etməsini hamı bilsin. O, Üzeyir Hacıbəyovdan, Fikrət Əmirovdan, Qara Qarayevdən,  həmçinin tanınmış mütəfəkkirlərimizdən, minilliklərdən gələn şeirimizdən, nəsrimizdən, dünya ədəbi meydanında xüsusi yer tutmağımızdan, onları daha dərindən öyrənmək lazım olduğundan elə tərzdə söhbət açırdı ki...

Hüseyn Cavidin  Azərbaycan xalqı üçün qoyduğu ədəbi irsdən, onun yüksək fəlsəfi fikirlərindən elə danışırdı ki, onu dinləyən hər bir insan Azad Mirzəcanzadəni cavidşünas hesab edirdi. Azad müəllimin xatirəsi hər zaman mənim xatirimdə, düşüncələrimdədir. O öz xalqını belə bir məhəbbətlə sevirdi.

Professor Telman Salavatov "Azad müəllim bizə  çox şeylər aşılayıb" deyərək vurğuladı ki,  artıq əlli ilə yaxındır ki, mən qəlbimdə bu böyük  müəllimi yaşadıram. İmtahan götürəndə bilet olmazdı. O, çap olunmuş proqram əsasında tələbəyə suallar verərdi. O deyirdi ki, ali məktəblə  kifayətlənmək olmaz.  Azad müəllim təhsillə bağlı istənilən problemin həllinə qarışırdı. Bu gün çox sevinirəm ki, Azad müəllimin tələbələri təhsil sahəsində çalışırlar.

Tələbəsi, professor Elmira Ramazanova və professor Əjdər Ağayev Azad müəllimin bir insan kimi nəcib xüsusiyyətlərindən, alim kimi dahiliyindən söz açdılar.  

Ellada UMUDLU,
fotolar

R.ZİYADOVUNDUR ,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov