Aprelin 26-da Bakı Slavyan Universitetində ümummilli
lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə
həsr edilmiş "Müasir Azərbaycan Heydər Əliyev ideyaları
işığında" mövzusunda XI şagird-tələbə elmi konfransı
keçirilib.
Konfransın açılışında universitetin rektoru, professor
Asif Hacıyev çıxış edərək ulu öndər Heydər Əliyevin
Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət
xadimi, ümummilli lider və xalq məhəbbətini qazanan
öndər kimi qaldığını vurğulayıb.
Rektor konfransda Bakı şəhərinin qabaqcıl lisey və
məktəblərini təmsil edən istedadlı şagirdlər və bir sıra
ali məktəblərin tələbələri ilə yanaşı, respublikamızın
müxtəlif bölgələrində yerləşən Xocalı, Zəngilan,
Cəbrayıl, Ağdam, Şuşa rayonlarının qaçqın məktəbləri
şagirdlərinin iştirakını müsbət hal kimi dəyərləndirib.
O, BSU professor-müəllim heyətinin bundan sonra da həm
qaçqın, həm də respublikamızın ayrı-ayrı ümumtəhsil
məktəblərinin şagird kontingenti və pedaqoji
kollektivləri ilə sıx əməkdaşlıq edəcəyini bildirib.
BSU Məktəb-Lisey Kompleksinin direktoru, professor
T.Cəfərov konfransın bölmələrdə işi barədə məlumat
verib. Bildirilib ki, konfransın təşkilat komitəsinə 330
şagird və tələbənin məruzəsinin tezisləri təqdim edilib
və onlardan 143-ü seçilərək kitab şəklində çap olunub.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə
Verdiyeva, Heydər Əliyev adına Müasir Təhsil
Kompleksinin direktoru Nasim Abışov, Xocalı şəhər 3
nömrəli məktəbin direktor müavini Eldəniz Məhərrəmov,
BSU Məktəb-Lisey Kompleksinin şagird elmi cəmiyyətinin
sədri Rüfət Qasımzadə ulu öndərin şərəfli ömür yolundan,
dövlətçiliyimizin möhkəmləndirilməsində əvəzsiz
xidmətlərindən danışıblar.
Sonra konfrans işini "Dil, ədəbiyyat və mədəniyyət",
"İctimai elmlər", "Təhsil, idman və gənclər",
"İqtisadiyyat", "İnformasiya və kommunikasiya
texnologiyaları", "Elmi layihələr" bölmələrində davam
etdirib.
Konfrans çərçivəsində BSU Məktəb-Lisey Kompleksi,
BDU-nun nəzdində "Gənc istedadlar" liseyi, Heydər Əliyev
adına Müasir Təhsil Kompleksi, Bakı Avropa Liseyi,
akademik Zərifə Əliyeva adına Lisey, "Tərəqqi"
texniki-humanitar liseyi, Bakı şəhər 190 nömrəli tam
orta məktəb, Sumqayıt şəhərini və Abşeron rayonunu
təmsil edən məktəblərin və digər təhsil ocaqlarının
fərqlənən şagirdlərinə, ali məktəb tələbələrinə, eləcə
də qaçqın məktəblərindən olan istedadlı şagirdlərə
diplom, sertifikat və hədiyyələr təqdim olunub.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |