Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə
Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatında
Binəqədi rayonundakı orta ümumtəhsil məktəblərinin
Azərbaycan və rus bölmələrinin şagirdləri üçün "Heydər
Əliyev irsinin öyrənilməsi" mövzusunda növbəti seminar
keçirilib.
Rayondakı bir neçə tam orta məktəbin Xl sinif
şagirdlərinin iştirak etdiyi tədbirdə BŞTİ-nin Binəqədi
rayonu üzrə komissiyasının sədri Vəzifə Məmmədova və
həmin komissiyanın metodisti Lidiya Mustafayeva çıxış
edərək seminarın əhəmiyyətindən danışıblar. Natiqlər
qeyd ediblər ki, seminarın keçirilməsində məqsəd gənc
nəsli ulu öndər Heydər Əliyev ideyaları ruhunda, onun
zəngin irsi işığında yeni üsul və metodlarla tərbiyə
etmək, onun irsinin dövlətçilik, azərbaycançılıq,
bəşərilik konsepsiyasını, idarəçiliyini öyrətmək, təbliğ
etmək, bu ideyalardan faydalanmaq, həyatımızda istifadə
etməkdir.
Seminarın Azərbaycan bölməsində 248 nömrəli tam orta
məktəbin tarix müəllimi Nərgiz Məmmədovanın
"Müstəqilliyimiz uğrunda mübarizə" mövzusunda məruzəsi
dinlənilib.
Məruzədə 1969-cu il iyulun 14-də Azərbaycanda dönüş
mərhələsinin təməlinin qoyulmasından, ümummilli lider
Heydər Əliyevin həmin gün Azərbaycan Kommunist Partiyası
Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə
respublikanın tarixində yeni siyasi mərhələnin
başlanmasından bəhs olunub.
Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev rəhbərliyə
başladığı ilk gündən bütün varlığı ilə sevdiyi xalqının
intibahı və xoşbəxt gələcəyi naminə böyük fədakarlıqlar
göstərmişdir. Çağdaş tariximizin 40 ili ulu öndərimizin
adı ilə bağlı olmaqla, xalqın taleyində şanlı və parlaq
səhifəyə çevrilmişdir.
Daha sonra diqqətə çatdırılıb ki, sovet dövründə ulu
öndər Heydər Əliyev hər il minə yaxın azərbaycanlı gənci
SSRİ-nin nüfuzlu ali məktəblərinə təhsil almağa
göndərirdi.
Seminarın rus bölməsində məruzə ilə çıxış edən 100
nömrəli tam orta məktəbin tarix müəllimi İradə Əliyeva
bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycana
rəhbərliyinin birinci dövrü - 1969-1982-ci illər
ölkəmizin quruculuq salnaməsinə ən parlaq səhifə kimi
daxil olmuşdur. Baş verən dəyişikliklərin miqyasına
iqtisadi və sosial sahələrdə aparılan dərin struktur
islahatlarının xarakterinə, xalqın maddi-rifah halının
keyfiyyətcə yeni mərhələyə keçməsinə görə bu dövr
Azərbaycanın yeni tarixinə qızıl hərflərlə yazılmışdır.
Xalqın təkidli tələbi ilə ikinci dəfə - 1993-cü ilin
iyununda hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev
siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi
sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən və
ictimai-siyasi pərakəndəlikdən qurtarmış, cəmiyyətimizi
vahid məfkurə ətrafında birləşdirmişdir.
Məruzədə vurğulanıb ki, ulu öndər Heydər Əliyevin
Azərbaycan rəhbərliyinə qayıdışı ilə əsas qayəsi
müstəqillik, azərbaycançılıq, dövlətçilik,
respublikaçılıq, ədalətlilik, demokratiya, milli
tərəqqi, dünyəvilik dəyərlərini özündə ehtiva edən yeni
bir ideologiyanın əsası qoyulmuşdur.
Sonra dinlənilən məruzələr ətrafında fikir mübadiləsi
aparılıb.
***
Ölkənin digər rayonları kimi, Ağstafada da fevral-may
ayları ərzində ümumtəhsil məktəblərinin XI sinif
şagirdlərinə dərsdənkənar vaxtlarda müstəqil
Azərbaycanın tarixinə aid seçilmiş mövzular tədris
olunur.
"Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu
və memarıdır" və "Ümummilli lider Heydər Əliyevin
ideyaları müasir Azərbaycanın sosial-iqtisadi
inkişafının təminatçısıdır" mövzuları üzrə may ayının
6-dək davam edəcək məşğələlərə rayonun 34 tam orta
məktəbinin Xl sinfində təhsil alan 772 nəfər şagirdinin
cəlb ediləcəyi nəzərdə tutulub. Bu günədək dərslərdə 461
nəfər şagird iştirak edib.
Müəllimlər dərslərin gedişi zamanı ulu öndər Heydər
Əliyevin həyat və fəaliyyətini, 1993-cü ilin iyununda
xalqın təkidi ilə Bakıya gəlişini,1993-cü il oktyabrın
3-də Azərbaycan Respublikasının Prezidenti seçilməsini,
1994-cü il sentyabrın 20-də "əsrin müqaviləsi"nin
imzalanmasını, ordu quruculuğu sahəsindəki fəaliyyətini,
xarici siyasətdəki, təhsil, mədəniyyət və idmanın
inkişafı sahəsindəki uğurlu fəaliyyətini və s. məqamları
əks etdirən video görüntülərdən məqsədyönlü şəkildə
istifadə edirlər.
Bütün bunlarla yanaşı, məşğələlərin müəyyən hissəsi
Heydər Əliyev Mərkəzindəki Heydər Əliyev muzeyində
keçilir və şagirdlərin həmin muzeydəki eksponatlarla
tanış olmaları təmin edilir.
Dərslərdə ulu öndər Heydər Əliyevin siyasi kursunun
möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən
uğurla davam və inkişaf etdirilməsi xüsusi olaraq
şagirdlərin diqqətinə çatdırılır.
Hicran ƏKBƏROVA,
"Azərbaycan müəllimi" |