Universitetin
tələbəsi və birgünlük rektoru Nurlan İbrahimovla söhbət
Bu il aprelin 25-də Azərbaycan Dövlət İqtisad
Universitetində birgünlük "Tələbə rektor" layihəsinə
start verilib. Səsvermə yolu ilə "tələbə rektor"
seçilmiş universitetin kommersiya fakültəsinin IV kurs
tələbəsi Nurlan İbrahimov bir iş günü ərzində ADİU-nun
rektoru ilə birgə onun fəaliyyətini icra edib. Qeyd edək
ki, universitetin rəhbərliyinin bilavasitə təşəbbüsü ilə
həyata keçirilən bu layihənin məqsədi "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"ndan irəli gələn vəzifələrin icrası -
şəffaf və səmərəli idarəetmə mexanizmlərinin
yaradılması, ali təhsil müəssisəsində tələbə
özünüidarəetmə sisteminin təşkili, tələbə gənclərdə
idarəetmə bacarıqlarının inkişaf etdirilməsi, yeni
demokratik kommunikasiya vasitəsinin yaradılmasıdır.
"Tələbə rektor" layihəsinin universitetdə ayda bir
dəfə keçirilməsi nəzərdə tutulur.
Universitetin IV kurs tələbəsi Nurlan İbrahimovun
birgünlük "tələbə rektor" kimi fəaliyyətini, onun həmin
günlə bağlı təəssüratlarını, fikirlərini bizimlə
bölüşməsi, düşünürük ki, oxucularımız üçün də maraqlı
olar.
-
Nurlan, universitetinizin tarixində ilk dəfə keçirilən
"Tələbə rektor" layihəsində uğurlu iştirakınla tələbə
yoldaşların arasında bir ilkə imza atdın. Birgünlük
"tələbə rektor" kimi vəzifəni icra etdin. Tələbələrin
böyük maraqla qarşıladıqları, eyni zamanda onların
ürəyincə olan bu layihə haqqında bir qədər ətraflı
məlumat verməyini xahiş edirik.
- Rektorumuz Ədalət Muradovun təşəbbüsü ilə
universitetimizdə "Tələbə rektor" layihəsinin həyata
keçiriləcəyini biləndə biz tələbələr çox sevindik. Onu
da qeyd edim ki, universitetimizdə Tələbə Həmkarlar
İttifaqı Komitəsi, Tələbə Elmi Cəmiyyəti və Tələbə
Gənclər Təşkilatı fəaliyyət göstərir. Universitet
rəhbərliyi tərəfindən belə qərara gəlindi ki, ayda bir
dəfə bu təşkilatların üzvü olan fəallığı, intellektual
səviyyəsi ilə seçilən tələbələr layihədə iştirak etsin.
Bu dəfə layihədə Tələbə Həmkarlar İttifaqı Komitəsinin
üzvü olan fəal gənclər iştirak etdi. Mən özüm artıq neçə
illərdir ki, kommersiya fakültəsinin tələbə həmkarlar
ittifaqı bürosunun sədriyəm. Gələn dəfə isə layihədə
yuxarıda adıçəkilən təşkilatların fəalı olan digər
tələbələr iştirak edəcəklər.
Öncə onu deyim ki, Tələbə Həmkarlar İttifaqı Komitəsi
olaraq onun fəal üzvləri kimi biz də bu layihəyə olduqca
məsuliyyətlə və ciddi yanaşmışdıq. Belə ki, "Tələbə
rektor" layihəsində iştirak etmək üçün Tələbə Həmkarlar
İttifaqı Komitəsi tərəfindən təkliflər hazırlandı. Bu
layihədə tələbələrin iştirakının təmin edilməsi
məqsədilə seçim mərhələsi keçirildi. Tələbə Həmkarlar
İttifaqı Komitəsinin üzvü olan 83 fəal gəncdən 5 namizəd
seçilərək növbəti mərhələyə keçdi. Həmin namizədlərdən
biri də mən oldum. Biz bir həftə ərzində öz
platformamızı hazırladıq. Universitetin Həmkarlar
İttifaqı Komitəsinin genişləndirilmiş iclasında öz
seçicilərimizi hazırladığımız platformalar ilə tanış
etdik. Sonda səsvermə keçirildi və mən 5 namizəd
arasından 51% səslə "tələbə rektor" seçildim. Tələbə
yoldaşlarımın mənə göstərdiyi etimada görə özümü xoşbəxt
sanıram.
-
"Tələbə rektor" kimi birgünlük iş günün necə keçdi?
- Bu il aprelin 25-də bir iş günü ərzində ADİU-nun
rektoru ilə birgə onun fəaliyyətini icra etdim. İlk
növbədə, mən bu vəzifənin nə qədər çətin və məsuliyyətli
olduğunu anladım. Həmin gün çox həyəcanlı idim.
Universitetimizin rektoru Ədalət Muradovun mənimlə
səmimi ünsiyyətini, doğmalığını görəndə bu vəzifədə
özümü bir qədər rahat hiss etməyə başladım, daha
doğrusu, ürəkləndim. Mən rektorla birlikdə fəaliyyətimi
həmin günün iş qrafikinə uyğun qurdum. Belə ki, "tələbə
rektor" kimi ilk işim qabaqcadan tələbələrin təhsili və
həyatı ilə bağlı mövcud vəziyyəti təhlil edərək konkret
problemləri müəyyənləşdirərək sistemləşdirib onların
həlli istiqamətində və universitetin inkişafı üzrə
hazırladığım təklifləri, tövsiyələri rektora təqdim
etdim. Hörmətli rektorumuz bu təklifləri və tövsiyələri
diqqətlə nəzərdən keçirdi və həmin vaxt bir sıra
məsələlər elə yerindəcə öz həllini tapdı. Sonra rektorla
birlikdə universitetimizə Böyük Britaniyadan gəlmiş
təhsil üzrə beynəlxalq ekspertlərdən ibarət nümayəndə
heyəti ilə keçirilən görüşdə iştirak etdik. Görüşdə
tərəflər arasında gələcək əməkdaşlıq məsələləri müzakirə
edildi. İş qrafikinə uyğun olaraq rektorla
universitetimizin əməkdaşlarını qəbul etdik. "Tələbə
rektor" kimi ali təhsil ocağımızda görkəmli oftalmoloq
alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının
91 illiyi ilə bağlı keçirilən "dəyirmi masa"da iştirakım
mənim üçün qürurverici bir hadisə idi. Günün sonunda isə
rektorumuz Ədalət Muradovla mən universitetin tələbə
yeməkxanasında çay süfrəsi ətrafında tələbələrlə
görüşdük. Onlarla fikir mübadiləsi, həmçinin gəncləri
narahat edən digər məsələlərin həlli istiqamətində birgə
müzakirələr apardıq. Onu da xüsusu vurğulayım ki,
tələbələr bu görüşdən olduqca razı qaldılar. Maraqlı,
eyni zamanda böyük zəhmət və məsuliyyət tələb edən
birgünlük iş günüm beləcə başa çatdı.
Aprelin
25-i mənim həyatımın ən gözəl və yaddaqalan bir günü
oldu. Tələbə yoldaşlarım, elə özüm üçün əlçatmaz olan
bir arzu xoşbətlikdən mənim həyatımda gerçəkləşdi. Onu
da xüsusi vurğulayım ki, birgünlük "tələbə rektor" kimi
fəaliyyətim zamanı rektor olmağın nə dərəcədə
məsuliyyətli və gərgin zəhmət tələb edən bir iş olduğunu
bir daha dərk etdim.
- Rektorla birgə fəaliyyətiniz nəticəsində nələrin
həllinə nail olmağa çalışdınız, hansı problemləri
diqqətə çatdırdınız?
- Qeyd etdiyim kimi, rektorla birgə fəaliyyətim zamanı
tələbələri maraqlandıran sualları birlikdə müzakirə
etdik, müəyyən məsələlərin ətraflı şəkildə
araşdırılmasına, bəzilərinin isə yerindəcə həll
olunmasına nail olduq. Rektorumuza dərs prosesinin
gedişatı, tələbələrin biliyinin qiymətləndirilməsi,
kollokvium, imtahan prosesi, tələbə yeməkxanasındakı
qiymətlər və gənclərimizi narahat edən digər
məsələləri çatdırdım. Bunların arasında elələri oldu ki,
onlar artıq demək olar ki, həll edilib. Xüsusilə sosial
təminatı olduqca aşağı, ailə vəziyyəti acınacaqlı olan
(ailə başçısının biri vəfat edib, digəri isə II qrup
əlildir) III kurs tələbəsinin təhsil haqqından azad
olunması məsələsinə rektorumuz tərəfindən həssaslıqla
yanaşılması, onun maddi durumunun, eləcə də vəziyyətinin
hüquqi cəhətdən araşdırılaraq tələbənin xeyrinə həll
olunmasına çalışılması mənim üçün sevindirici bir hadisə
oldu.
- Sizcə, "Tələbə rektor" layihəsi tələbələrin həyatında
nə kimi rol oynayacaq? Layihənin həyata keçirilməsi
hansı məsələlərin həllinə yardımçı olacaq?
- Mənim və eyni zamanda tələbə yoldaşlarımın fikrincə,
"Tələbə rektor" layihəsi müəllim-tələbə, rəhbərlik-
tələbə münasibətlərinin daha anlaşıqlı və səmimi
olmasında mühüm rol oynayacaqdır. Bu layihə tələbənin
rektora və həmçinin rektorun tələbəyə daha da
yaxınlaşmasına imkan verəcək. Tələbənin yoldaşları
arasından lider kimi seçilərək ona etimad göstərən
gənclərin fikir və təkliflərinin rəhbərliyə birbaşa
çatdırılmasına, onları narahat edən məsələlərin birlikdə
çözülməsinə şərait yaradacaq.
Düşünürəm ki, layihə gələcək karyeramızın qurulmasında,
idarəetmə bacarığımızın formalaşmasında öz müsbət
təsirini göstərəcək. Şəxsən mən özüm "tələbə rektor"
kimi birgünlük fəaliyyətimi gələcək karyeramın
başlanğıcı hesab edirəm.
Fürsətdən istifadə edərək onu da xüsusi vurğulamaq
istəyirəm ki, biz tələbələr Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin diqqətini hər zaman öz
üzərimizdə hiss edirik. Təhsil aldığımız ali təhsil
müəssisəsində yaradılan əlverişli təlim mühiti,
universitetin rəhbərliyi tərəfindən bizə göstərilən
yüksək etimadı bu diqqət və qayğının təzahürü kimi
dəyərləndiririk.
Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi" |