Baş redaktordan
Artıq daha bir tədris ilini başa vurmaq ərəfəsindəyik.
Kütləvi informasiya vasitələrinin, aparıcı media
orqanlarının təhsil sahəsində baş verən ciddi
dəyişikliklərə, yeniliklərə olan həssaslığı göstərdi ki,
bu sferada atılan hər bir addım Azərbaycan cəmiyyətinin
maraq dairəsindədir. Ölkə Prezidenti cənab İlham
Əliyevin təhsilin inkişafı ilə bağlı imzaladığı çoxsaylı
fərman və sərəncamlar bu sahənin daim dövlət rəhbərinin
diqqət mərkəzində olduğunu bir daha sübut etdi. Ən əsası
isə, ölkə başçısının imzaladığı sərəncamla ilk dəfə
olaraq Azərbaycan təhsilinin inkişaf strategiyası, əsas
hədəfləri müəyyənləşdirildi. Başa vurmaqda olduğumuz
tədris ili daha çox Təhsil Nazirliyinin məktəblərdə baş
verən neqativ hallara, saxta diplom satan saxtakarlara
qarşı sərt və barışmaz mövqeyi ilə yadda qaldı. Təhsilin
inkişafı, keyfiyyətin yüksəlməsi, təhsilalanların və
təhsilverənlərin hüquqlarının qorunması istiqamətində
tutarlı addımlar atıldı. Attestat ala bilməyən,
universitetlərin qapıları üzlərinə ömürlük qapadılmış
gənclərə özlərini sınamaq üçün daha bir şansın verilməsi
bəlkə də son illərin ən humanist addımlarından biri
oldu. Təhsilin inkişafında əsas sima hesab edilən
müəllimlərin seçim proseduruna xüsusi yanaşmalar tətbiq
edildi. Nazirliyin müəyyənləşdirdiyi əsas kriteriyalara
sahib olmayanların, keçid balını qazana bilməyənlərin,
aşağı nəticə göstərənlərin müəllimlik fəaliyyəti
yasaqlandı. 6 yaşı tamam olmayan, istedadlı uşaqların
seçim prosedurları nizamlandı. Ölkənin ucqar dağ
kəndlərindən hər il övladlarının istedadlı olduğunu
düşünən yüzlərlə valideynin problemləri öz yaşadıqları
ərazilərdə yaradılmış seçim komissiyalarında həll
edildi. Tədris ilinin uğurlarından danışarkən texniki
peşə təhsili sahəsində həyata keçirilmiş nəhəng
layihələri, ali təhsildə tam yeni bir addım olan
"SABAH" qruplarının yaradılmasını, "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
Dövlət Proqramı"nın uğurla davam etdirilməsini, təhsil
sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində atılmış ən mühüm addımları da xatırlatmaq
yerinə düşər.
Əlbəttə, biz bir yazı ilə Təhsil Nazirliyinin son bir
ildə gördüyü işlərə qiymət vermək niyyətində deyilik.
Yaddaş tipli bu tezislərlə bizə məlum olan addımları bir
daha nəzərdən keçirmək istədik. Ancaq məqsədimiz
Azərbaycan təhsilində son bir ildə baş vermiş
yeniliklərlə bağlı ayrı-ayrı mütəxəssislərin,
ekspertlərin, nüfuzlu ictimaiyyət nümayəndələrinin,
valideynlərin fikirlərini öyrənməkdir. Ona görə də bu
sayımızdan başlayaraq qəzetimizdə həmin şəxslərin qeyd
olunan məsələlərlə bağlı fikir və düşüncələrini
oxucularımıza çatdırmağa çalışacağıq.
Tanınmış təhsil eksperti təhsillə bağlı görülmüş işləri
yüksək qiymətləndirdi
Hələ
bir neçə ay bundan əvvəl yeni təhsil nazirinin
fəaliyyətə başlamasının 100 günü ilə bağlı mənə sual
verilmişdi. Mən bildirmişdim ki, qiymətim ümidvericidir.
Yəni, bir sıra məsələlərə Təhsil Nazirliyinin yeni
rəhbərliyinin yeni yanaşmaları təhsildə müəyyən
dəyişikliklərin olacağına ümid verirdi. Düşünürdüm ki,
təhsil sahəsində yeniliklər, atılan addımlar daha böyük
səmərə verəcək. İndi, artıq bir illik fəaliyyətin ortada
olduğu bir şəraitdə isə deyə bilərəm ki, həqiqətən də o
ümidlər artıq özünü doğrultmağa başlayıb. Görülən
tədbirlərin müəyyən bəhrəsi özünü göstərməkdədir.
İlk növbədə, mən ölkə Prezidentinin 2013-cü il 24
oktyabr tarixli sərəncamı ilə "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nın qəbul olunmasını yüksək qiymətləndirir
və İşçi qrupu tərəfindən 2011-ci ildə mənim də
iştirakımla hazırlanmış bu sənədin qəbul olunmasını
Təhsil Nazirliyinin uğuru hesab edirəm. Əminəm ki,
Təhsil Nazirliyi tərəfindən görülən və görüləcək
tədbirlər mütləq öz müsbət bəhrəsini verəcəkdir.
Ən vacib məsələlərdən biri kimi təhsil sistemindəki
neqativ halların aradan qaldırılması ilə bağlı
əzmkarlıqla aparılan mübarizəni qeyd etmək istərdim.
İctimaiyyət arasında olan bir adam kimi deyə bilərəm ki,
bu fəaliyyət çox bəyənilir. Xüsusən də, yerində olmayan
bəzi ali və orta məktəb rəhbərlərinin dəyişdirilməsi çox
müsbət qarşılanmışdır. Digər addımlar da ictimaiyyətdə
rəğbət doğurub.
Mən uzun illər deyirdim ki, yay tətilinin üç ay yarım
olması orta təhsil üçün düzgün olmayan haldır.
Çıxışlarımda dəfələrlə vurğulayırdım ki, dərs ilinin
müddəti məsələsində dəyişikliklər olmalıdır. Bu sahədə
indi gedən müzakirələr, məndə olan məlumatlar göstərir
ki, Təhsil Nazirliyi tədris müddətinin artırılması
istiqamətində məqsədyönlü işlər aparır və bu,
təhsilin inkişafı üçün çox yaxşı addım olacaqdır.
Xüsusi istedada və yüksək təlim göstəricilərinə malik
tələbələrlə görülən işlər, ali təhsil müəssisələrində
xüsusi qrupların yaradılması, həqiqətən də ölkənin
strateji maraqları baxımından və şəxsiyyətin daha da
inkişaf etdirilməsinə yönəlmiş addımlar kimi çox
təqdirəlayiqdir.
Prezidentin
sərəncamı ilə qəbul olunmuş xüsusi Dövlət Proqramı
çərçivəsində xarici ölkələrdə ali təhsil almaq üçün
göndərilən tələbələrin, gənclərin sayının artmasını da
mən ürəkdən bəyənirəm. Bu gün bizim istedadlı gənclər nə
qədər çox beynəlxalq təhsil təcrübəsinə yiyələnsələr,
nüfuzlu ali məktəblərdə təhsil alsalar Azərbaycanın
sosial-iqtisadi inkişafına bir o qədər yaxşı töhfələr
verə bilərlər.
"Ən yaxşı müəllim" və "Ən yaxşı ümumtəhsil məktəbi"
müsabiqələrinin Təhsil Nazirliyinin təşəbbüsü ilə yeni
məzmun və yanaşmalar əsasında aparılacağını da çox
yüksək dəyərləndirirəm. Çünki ən vacib məsələ budur ki,
biz ilin müəllimini, məktəbini qiymətləndirərkən onların
cari fəaliyyətləri ilə bərabər innovasiya yönümlülüyünü
daha aydın müşahidə edə bilək, bununla da həmin
innovasiyaların məktəblərdə tətbiqi ilə bağlı tədbirlər
həyata keçirək.
Çox yaxşı haldır ki, yeni nəsil məktəb direktorlarının
hazırlığına nazirlik xüsusi diqqət yetirir. Müsabiqə
yolu ilə 50 nəfər seçilib və onlara xüsusi proqram üzrə
təlim keçilir. Mənim iki dəfə həmin kurs müdavimləri ilə
görüşüm olub və deyə bilərəm ki, onların arasında ümumi
təhsilin inkişafına töhfə verəcək lider pedaqoqlar az
deyil.
İlk peşə-ixtisas təhsilində ciddi islahatların
aparıldığını da xüsusi vurğulamaq istəyirəm.
Azərbaycanın sosial-iqtisadi inkişafında bu ən geridə
qalmış təhsil sahəsinin yenidən qurulması çox böyük
əhəmiyyət kəsb edir.
Əlbəttə, görülmüş işlərlə bərabər qarşıda duran
vəzifələr də həddən artıq çoxdur. "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası" konkret islahat istiqamətlərini, onların
həyata keçirilməsi yollarını müəyyənləşdirir. Bütün
bunların reallaşdırılması sahəsində Təhsil Nazirliyinə
və nazirə uğurlar arzulayıram.
Asif CAHANGİROV,
əməkdar müəllim, tanınmış təhsil eksperti |