Təhsil Nazirliyinə Siyəzən Rayon Təhsil Şöbəsi, Tərtər
rayon Evoğlu kənd tam orta məktəbi və Laçın rayon Ağgöl
kənd ümumi orta məktəbinin fəaliyyətindəki nöqsanlarla
bağlı daxil olmuş məlumatlar operativ araşdırılıb.
Belə ki, Siyəzən Rayon Təhsil Şöbəsinin müdiri Rəfail
Hacıyevin zəif nəzarəti nəticəsində tabeliyində çalışan
işçilər vəzifə funksiyalarının icrası zamanı
qanunvericiliyin tələblərinə tam şəkildə riayət etməyib
və fəaliyyətlərini müasir tələblər səviyyəsində qura
bilməyiblər. Bütün bunları nəzərə alaraq, Təhsil
Nazirliyi tərəfindən Siyəzən Rayon Təhsil Şöbəsinin
müdiri Rəfail Hacıyevə, böyük məsləhətçi Vahid Məmmədova
və metodist Şəhla Əliyevaya töhmət verilib.
Tərtər rayon Evoğlu kənd tam orta məktəbinin direktor
müavini Y.Məhərrəmovun şikayəti əsasında tədris ocağında
araşdırma aparılıb. Aparılmış araşdırma zamanı məlum
olub ki, məktəbin direktoru Natiq Kazımov fəaliyyətində
ciddi nöqsanlara yol verib. Belə ki, IX-XI sinif
şagirdlərinin dərsə davamiyyəti olduqca aşağı olsa da,
bu barədə jurnallarda heç bir qeydiyyat aparılmayıb.
İşçilərə əsassız əməkhaqqı hesablandığına və digər bu
kimi nöqsanlara görə məktəbin direktoru Natiq Kazımov
tutduğu vəzifədən azad edilib.
Laçın rayon Ağgöl kənd ümumi orta məktəbində aparılan
araşdırmaların nəticələrinə əsasən müəyyənləşdirilib ki,
müəllimlərin dərs planları düzgün tərtib edilməyib,
sinif jurnallarında və şəxsi işlərdə ciddi səhvlərə yol
verilib, əmək intizamına düzgün riayət olunmayıb. İşinə
səhlənkar yanaşdığına və təlim-tərbiyə işinin təşkilində
yol verdiyi nöqsanlara görə məktəbin direktoru Hidayət
İbrahimov tutduğu vəzifədən azad edilib.
Təhsil Nazirliyi tərəfindən vətəndaşların müraciət və
şikayətlərinin bundan sonra da operativ araşdırılması və
müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır.
www.edu.gov.az
|