Ali təhsilin bakalavriat və magistratura səviyyələrinə
2014-2015-ci tədris ili üzrə tələbə qəbulu planında bir
sıra mühüm yeniliklər tətbiq olunub.
Dövlət sifarişi ilə (yəni, tələbələr üçün ödənişsiz)
bakalavriat və magistratura səviyyələrinə qəbul planı
ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı ayrı-ayrı
ixtisasların prioritetliyi nəzərə alınmaqla tərtib
edilib. Qəbul planında "Azərbaycan Respublikasında
təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na müvafiq
olaraq, ali təhsil müəssisələrinin maddi-texniki və
tədris laboratoriya bazalarının mövcud vəziyyəti, elmi-pedaqoji
potensialı, TQDK və İqtisadiyyat və Sənaye Nazirliyi
tərəfindən müəyyən olunmuş prioritet ixtisaslar nəzərə
alınıb.
Ötən tədris ilinin faktiki qəbuluna nisbətən
Azərbaycanda fəaliyyət göstərən ali təhsil
müəssisələrinə cari tədris ili üçün qəbul planı 12,9
faiz çoxaldılıb. Qiyabi təhsil forması üzrə plan 2
dəfədən çox azaldılaraq bu yerlərin hesabına əyani
tələbə qəbulu planı artırılıb.
Özəl ali təhsil müəssisələrinə qiyabi təhsil forması
üzrə qəbul dayandırılıb, Azərbaycan İctimai Siyasi
Universitetinə və Azərbaycan Müəllimlər İnstitutunun 4
filialına pedaqoji ixtisaslar üzrə qəbul planı
verilməyib. Pedaqoji ixtisaslar üzrə qəbul planı yalnız
Qafqaz, Xəzər və Bakı Qızlar universitetlərinə verilib.
Təhsil, texniki və texnoloji, eləcə də kənd təsərrüfatı
ixtisaslarına dövlət sifarişi yerləri artırılıb. Kənd
təsərrüfatı ixtisasları qrupuna daxil olan ixtisaslara (torpaqşünaslıq
və aqrokimya, aqronomluq, zootexniklik, baytarlıq,
aqromühəndislik, balıqçılıq və balıqçılıq təsərrüfatı
işi, su bioehtiyatları və akvobitkilər) qəbul yalnız
dövlət sifarişi əsasında aparılacaqdır.
Ali təhsil müəssisələrində magistratura səviyyəsi üzrə
qiyabi təhsil forması nəzərdə tutulmayıb. Bakalavr
buraxılışı olmayan ixtisasların magistratura səviyyəsinə
plan yerləri ayrılmayıb.
Orta ixtisas təhsili müəssisələrində son illərdə real
tələbata əsaslanmadan artırılmış qəbul yerlərinin sayı
keçən tədris ilinə nisbətən azaldılaraq, 15667 yerdən
11266 yerə endirilib.
Qiyabi təhsil forması üzrə kolleclərə tələbə qəbulu
planı əvvəlki tədris ilinə nəzərən 4,1 dəfə azaldılıb, "ibtidai
sinif müəllimliyi" və "informatika müəllimliyi"
ixtisasları qəbul planından çıxarılıb. Kolleclərə "məktəbəqədər
təlim və tərbiyə" ixtisası üzrə qəbul yerləri əvvəlki
tədris ilinə nisbətən 38 faiz az planlaşdırılıb. Texniki
istiqamətli kolleclərdə isə müəllimlik ixtisasları
tələbə qəbulu planından çıxarılıb.
www.edu.gov.az
|