Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2014 - №16

 

Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin nümayəndə heyəti MDU-nun Bakı filialında olub

 

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) iqtisadiyyat fakültəsinin nümayəndə heyəti bu ali təhsil ocağının Bakı filialında olmuşdur.

AzərTAc xəbər verir ki, MDU-nun iqtisadiyyat fakültəsinin dekanı, iqtisadiyyat elmləri doktoru Aleksandr Auzanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı filialında iqtisadiyyat fakültəsinin tələbələri ilə görüşmüşdür.

MDU-nun Bakı filialının rektoru, professor Nərgiz Paşayeva qonaqları salamlayaraq, filialda iqtisadiyyat fakültəsinin 2012-ci ilin sentyabrından açıldığını, burada 47 tələbənin təhsil aldığını bildirmişdir. Rektor diqqətə çatdırmışdır ki, fakültə iki istiqamət üzrə fəaliyyət göstərir: iqtisadiyyat və menecment.

Tələbələrlə səmimi şəraitdə keçən görüşdə qeyd edilmişdir ki, Bakı filialında iqtisadiyyat fakültəsinin yaradılması bu istiqamətdə təhsilin bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılması məqsədini daşıyır. Görüşdə Bakı filialının iqtisadiyyat fakültəsinin inkişaf perspektivləri, tədris prosesinin və elmi tədqiqat işlərinin keyfiyyətinin daha da yaxşılaşdırılması yolları müzakirə olunmuşdur.

Filialda tədris prosesi, tədris korpusu, laboratoriyalar, həmçinin tələbələr və müəllimlər üçün yataqxana ilə tanış olduqlarını deyən moskvalı qonaqlar filialda yaradılan yüksək şəraiti qeyd etmiş, bu ali təhsil ocağının maddi-texniki təchizatı ilə bağlı məmnunluqlarını ifadə etmişlər.

MDU-nun iqtisadiyyat fakültəsinin dekanı, Rusiya Prezidenti yanında İqtisadi Şuranın üzvü Aleksandr Auzan fakültənin gələcək inkişafı ilə bağlı planlardan danışmış, tələbələrin suallarını cavablandırmışdır. O bildirmişdir ki, bu, tələbələrlə ilk görüşüm deyildir. Mən bir il əvvəl də buraya gəlmişdim. Onlar hələ bir il bundan əvvəl mənim xoşuma gəlmişdilər. Amma indi görürəm ki, onların gələcəyə maraqları oyanmışdır. Doğma ölkələri Azərbaycanda öz biliklərindən necə istifadə edəcəklərini, nə ilə faydalı olacaqlarını düşünürlər. İqtisadiyyat fakültəsində magistraturanın açılmasına gəlincə isə bu məsələ filialın rektoru, professor Nərgiz Paşayeva ilə danışıqların mövzularından biridir. MDU-nun iqtisadiyyat fakültəsində 15 magistr proqramı vardır. Onların hər biri azərbaycanlı tələbələri qəbul etməyə hazırdır. Düşünürəm ki, əgər sıx işləsək, 2015-ci ildə həm Bakıda, həm də Moskvada, eyni zamanda təhsil almağa imkan yaradan magistraturanı açmaq mümkün olacaqdır.

Görüşdə Bakı filialının tələbələri təhsillərinin xaricdə davam etdirilməsi imkanlarını müzakirə etmişlər.

MDU-nun beynəlxalq əlaqələr üzrə dekan müavini Vladimir Eçenike Bakı filialının tələbələrinin tələbə mübadiləsi proqramına daxil olmaq imkanlarının nəzərdən keçirildiyini söyləmişdir. 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov