Mayın
1-də Bakı Dövlət Universitetində (BDU) görkəmli nasir və
dramaturq, xalq yazıçısı, "Şöhrət" ordenli İlyas
Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş respublika
elmi konfransı öz işinə başlamışdır.
AzərTAc xəbər verir ki, konfransda dövlət və hökumət
rəsmiləri, elmi və ədəbi ictimaiyyətin tanınmış
nümayəndələri, universitetin müəllim və tələbələri
iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru, Milli
Məclisin deputatı, akademik Abel Məhərrəmov ölkəmizdə
elm, təhsil və mədəniyyətə dövlət qayğısından
danışmışdır. Bildirmişdir ki, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin xalq yazıçısı İlyas
Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında
2014-cü il 16 yanvar tarixli Sərəncamı bunun əyani
təzahürüdür.
İlyas Əfəndiyevin çətinliklərlə dolu həyatından danışan
rektor demişdir ki, görkəmli ədibin ömür yolu
gənclərimiz üçün əsl nümunədir.
Bildirilmişdir ki, İlyas Əfəndiyev çoxşaxəli yaradıcılıq
yolu keçmiş sənətkarlardandır. Yazıçı eyni dövr ərzində
hekayələr yazmaqla yanaşı, istedadlı bir dramaturq kimi
fəaliyyət göstərmiş, irihəcmli roman və povestlərlə
bərabər, oçerk və məqalələr də qələmə almışdır. Diqqətə
çatdırılmışdır ki, ədəbiyyatımızın və teatrımızın
inkişafında özünəməxsus yeri olan İlyas Əfəndiyevin
yaradıcılığı dövlətimiz tərəfindən yüksək
qiymətləndirilmişdir. Ümummilli lider Heydər Əliyevin
müvafiq Sərəncamı ilə yazıçının xatirəsi
əbədiləşdirilmiş, İçərişəhərdəki küçələrdən birinə və
nüfuzlu "Elitar" Gimnaziyaya İlyas Əfəndiyevin adı
verilmişdir. Ulu öndərin Sərəncamı ilə İlyas Əfəndiyevin
"Seçilmiş əsərləri"nin yeddi, Azərbaycan Prezidenti
İlham Əliyevin Sərəncamı ilə üçcildliyi nəşr edilmişdir.
Sonra İlyas Əfəndiyev haqqında film nümayiş olunmuşdur.
Konfransda bədii ədəbiyyatın bütün janrlarında kamil
sənət nümunələri yaratmış İlyas Əfəndiyevin həyat və
yaradıcılığı barədə məlumat verilmişdir.
BDU-nun professoru Tofiq Hüseynoğlu XX əsr Azərbaycan
ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan İlyas
Əfəndiyevin yaradıcılığının bədii-estetik məziyyətlərini
təhlil etmiş, yazıçının zəngin irsinin ədəbiyyatımızda
yeni mərhələnin təşəkkülünə təsir göstərdiyini
vurğulamışdır. Həmçinin Azərbaycan teatr səhnəsinin
müasir simasının formalaşmasında İlyas Əfəndiyev
dramaturgiyasının özünəməxsus yer tutduğu diqqətə
çatdırılmışdır. Qeyd edilmişdir ki, onun qələmindən
çıxan bütün əsərlər həmişə oxucu məhəbbəti qazanmışdır.
Bu böyük yazıçının yaradıcılığı yaşından asılı
olmayaraq, hər kəs üçün qiymətlidir. Vurğulanmışdır ki,
İlyas Əfəndiyev öz ölməz əsərləri ilə həmişə bizimlə
olacaq qüdrətli sənətkarlardandır.
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına
Dilçilik İnstitutunun direktoru, professor Tofiq Hacıyev
demişdir ki, İlyas Əfəndiyevin yaradıcılığı üçün
səciyyəvi cəhətlərdən biri onun cazibəli, təbii və canlı
bir dildə yazması olmuşdur. Azərbaycan bədii nəsrinin
dilindəki şeiriyyət bu sənətkarın adı ilə bağlıdır.
İlyas Əfəndiyevin "Apardı sellər Saranı" və "Bahar
suları" əsərləri Azərbaycanın ədəbiyyatının nəsr
dilindəki şeiriyyətin ən gözəl nümunələridir.
Universitetin dram dərnəyinin üzvlərinin İlyas
Əfəndiyevin "Unuda bilmirəm", "Xurşidbanu Natəvan" və
digər əsərləri əsasında hazırladıqları səhnəciklər
tədbir iştirakçıları tərəfindən alqışlarla
qarşılanmışdır.
Xalq yazıçısı, Baş nazirin müavini Elçin Əfəndiyev
tədbirdə çıxış edərək atasının xatirəsinə göstərilən
yüksək diqqət və ehtirama görə Prezident İlham Əliyevə
minnətdarlığını bildirmişdir.
BDU-nun və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun
birgə təşkilatçılığı ilə keçirilən konfrans mayın 2-də
işini davam etdirəcəkdir. Bölmə iclaslarında İlyas
Əfəndiyevin yaradıcılığının müxtəlif istiqamətləri üzrə,
eləcə də dilçilik və ədəbiyyatşünaslıqla bağlı məruzələr
dinləniləcək və müzakirələr aparılacaqdır. |