| 
						
						 Azərbaycan 
						Prezidenti İlham Əliyevdən Ermənistan prezidenti Serj 
						Sarkisyana tutarlı cavab 
						
						Aprelin 24-də Praqada dövlət və hökumət başçılarının 
						iştirakı ilə "Şərq tərəfdaşlığı" proqramının 5 illiyinə 
						həsr olunan sammit keçirilib.  
						
						AzərTAc-a daxil olan məlumata görə, Ermənistan 
						prezidenti Serj Sarkisyan Zirvə görüşünün plenar 
						iclasında öz çıxışını bütünlükdə qondarma "erməni 
						soyqırımı" ilə bağlı mülahizələrə həsr edib. Türkiyənin 
						sammitdə təmsil olunmamasından sui-istifadə edən 
						Ermənistan prezidenti bununla da Zirvə görüşünün plenar 
						iclasının mövzusundan tamamilə kənara çıxaraq qondarma 
						"soyqırımı" məsələsini qabardıb və Türkiyəni əsas tənqid 
						hədəfi kimi seçib. Serj Sarkisyan bir tərəfdən Türkiyəni 
						qondarma "soyqırımı" ilə bağlı konstruktiv mövqe 
						tutmamaqda, digər tərəfdən isə Ermənistanla sərhədlərini 
						açmamaqda əsassız olaraq ittiham edib və bu ölkənin 
						Avropa İttifaqına üzvlüyünün yolverilməz olduğunu deyib. 
						Ermənistan prezidenti çıxışında hər cəhdlə inandırmağa 
						çalışıb ki, Avropa ictimaiyyəti qondarma "soyqırımı" ilə 
						bağlı daha təsirli mövqe tutmalıdır. 
						
						Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV 
						plenar iclasda çıxış edərək demişdir: 
						
						- Təşəkkür edirəm, cənab Prezident. İlk növbədə 
						Prezident Zemana dəvətə və bu əhəmiyyətli tədbiri təşkil 
						etdiyinə, qonaqpərvərliyə görə təşəkkür etmək istərdim. 
						Gözəl Praqa şəhərində yenidən olmağımdan və dialoqumuzu 
						davam etdirməkdən çox məmnunam. Bildirmək istərdim ki, 
						biz Avropa təsisatları ilə daha yaxından əlaqə 
						qurmağımız baxımından son 5 ili çox əhəmiyyətli hesab 
						edirik. Bu 5 il ərzində ölkəmizdə siyasi, iqtisadi və 
						digər sahələrdə islahatlar həyata keçirmişik. Avropa 
						İttifaqının üzvü olan dövlətlərlə əlaqələrimiz çox geniş 
						və konstruktiv olmuşdur. Bu əlaqələrin mahiyyəti, 
						əlbəttə ki, müsbət istiqamətdə dəyişir.  
						
						Biz siyasi islahatlara böyük əhəmiyyət veririk və bu 
						baxımdan Avropa İttifaqı ilə əməkdaşlığımızı önəmli 
						hesab edirik. Demokratik inkişaf, insan hüquqlarının 
						qorunması, qanunun aliliyinin və fundamental 
						azadlıqların təmin olunması bizim əsas 
						prioritetlərimizdəndir. Biz ölkəmizi müasirləşdiririk. 
						Müasir iqtisadi sistem müasir siyasi sistemlə 
						tamamlanmalıdır. Bu baxımdan Avropa İttifaqının nümunəsi 
						yaxşı nümunədir. İqtisadi sahədə biz çox işlər görmüşük. 
						Sizə deyə bilərəm ki, əsasən iqtisadi islahatlar 
						nəticəsində Azərbaycan iqtisadiyyatı son on ildə 
						dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı olmuş, 3 
						dəfədən çox artmışdır. Biz yoxsulluğu, işsizliyi aradan 
						qaldıra bilmişik. Yoxsulluq Azərbaycanda 5 faiz təşkil 
						edir. Xarici borcumuz ümumi daxili məhsulun cəmi 8 
						faizini təşkil edir. Davos Dünya İqtisadi Forumuna 
						əsasən Azərbaycan iqtisadiyyatı rəqabət 
						qabiliyyətliliyinə görə dünyada 39-cu yerdədir. Avropa 
						təsisatları ilə əməkdaşlığımız genişdir, siyasi, 
						iqtisadi, ticarət sahələrini, siyasi islahatlar və 
						əlbəttə ki, enerji təhlükəsizliyi məsələlərini əhatə 
						edir. 2011-ci il bu baxımdan əhəmiyyətli olmuşdur. Həmin 
						vaxt prezident Barrozu və mən Bakıda sıx əməkdaşlıq üçün 
						imkan yaradan enerji sahəsində strateji tərəfdaşlıq 
						memorandumu imzaladıq. Bu qısa vaxt ərzində biz böyük 
						uğurlar əldə edə bildik. Xüsusilə Vilnüs Sammitindən 1 
						ay sonra Avropanın 45 milyard dollar dəyərində ən böyük 
						infrastruktur layihəsi hesab olunan XXI əsrin sazişini 
						imzaladıq. Əsas investisiya Azərbaycan və bizim 
						tərəfdaşlarımız tərəfindən qoyulacaqdır. Nəhəng qaz 
						yatağı olan "Şahdəniz"in işlənməsi, Trans-Anadolu və 
						Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi Avropanın 
						enerji xəritəsini dəyişdirəcəkdir. Bununla da, qarşıdan 
						gələn 4-5 il ərzində Avropa üçün yeni qaz mənbəyi 
						açılacaqdır. Düşünürəm ki, Avropa ilə Azərbaycan 
						arasında güclü tərəfdaşlıq elə davam etdirilməlidir ki, 
						biz qarşılıqlı faydalı olan vacib layihələri həyata 
						keçirə bilək.  
						
						Bu gün təəssüf ki, Ermənistan prezidenti burada 
						fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. 
						Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə 
						nümayəndələri yoxdur. Ancaq mən buradayam və 
						Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə 
						bilərəm.  
						
						Türkiyə ilə Ermənistan sərhədi Azərbaycanın Kəlbəcər 
						rayonunun 1993-cü ilin aprelində işğalından sonra 
						bağlanıb. Bundan əvvəl isə bütün azərbaycanlılar Dağlıq 
						Qarabağdan qovulub, Dağlıq Qarabağ əhalisinin 30 faizi 
						azərbaycanlılar idi. Kəlbəcərdən əvvəl 1992-ci ildə 
						ermənilər Şuşanı və Laçını işğal etdilər. Daha sonra 
						Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl - Dağlıq 
						Qarabağın inzibati sərhədlərindən kənarda olan 
						ümumilikdə, 7 Azərbaycan rayonunu işğal etdilər ki, bu 
						da Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 
						20 faizini təşkil edir.  
						
						Bizim əhali etnik təmizləməyə məruz qalıb və bu işğal 
						BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, Avropa 
						Parlamentinin qətnaməsi və Avropa Şurası Parlament 
						Assambleyasının qətnaməsinə baxmayaraq, bu günədək davam 
						edir. Ermənistan bu qətnamələrə məhəl qoymur və nə 
						tarixən, nə də beynəlxalq hüququn normalarına əsasən 
						onlara aid olmayan ərazinin işğalını davam etdirir. Eyni 
						zamanda, onlar Azərbaycanı qeyri-konstruktiv yanaşmada 
						günahlandırmaqda davam edirlər. Bizim torpaqlarımız 
						işğal altındadır. Helsinki Yekun Aktında ərazi bütövlüyü 
						və öz müqəddəratını təyinetmə prinsipləri çox aydın əks 
						olunub. Öz müqəddəratını təyinetmə  ölkələrin ərazi 
						bütövlüyünün pozulması hesabına əldə olunmamalıdır. 
						Üstəgəl ermənilər artıq öz müqəddəratını təyin ediblər, 
						onların müstəqil Ermənistan dövləti var. Təsəvvür edin, 
						əgər ermənilər hər yaşadıqları yerdə öz müqəddəratını 
						təyin etməyi davam etdirsələr, nə baş verər. Onlar 
						burada- Çex Respublikasında, Gürcüstanda, Rusiyada, 
						Amerikada, yaşadıqları istənilən yerdə eyni yanaşma 
						göstərə bilərlər. Onların öz dövləti var, onlar öz 
						müqəddəratını təyin edib.  
						
						Münaqişənin tez bir zamanda həlli Azərbaycanın 
						marağındadır. Mən əminəm ki, bu, həmçinin Ermənistan 
						xalqının marağındadır, Cənubi Qafqazda əməkdaşlıq 
						baxımından da maraq dairəsindədir.  
						
						Türkiyə-Ermənistan əlaqələrinə gəldikdə, Baş nazir 
						Ərdoğan bir neçə il öncə bəyanatla çıxış edərək 
						Ermənistanın rəhbərliyinə bütün arxivləri açmağı təklif 
						etmişdi ki, tarixçilər iki xalq arasındakı 
						münasibətlərin tarixi məqamlarını nəzərdən keçirsinlər. 
						Ancaq bu təklif adekvat cavabla qarşılanmadı. Dünən isə 
						Baş nazir Ərdoğan erməni əsilli insanlara başsağlığı 
						verdi, ancaq təəssüf ki, buna da Ermənistan tərəfindən 
						müvafiq reaksiya verilmədi.  Baxmayaraq mən bilirəm ki, 
						Birləşmiş Ştatlar və Avropa İttifaqı Türkiyə Baş 
						nazirinin mövqeyini yüksək qiymətləndirdilər, ancaq 
						görünür, bu, Ermənistan hökuməti üçün kifayət deyil. Bu, 
						aydın göstərir ki, regionda sülh istəməyən kimdir. Biz 
						sülh istəyirik, biz ərazilərimizin geri qaytarılmasını 
						istəyirik. Ermənistan Azərbaycanın işğal olunmuş 
						ərazilərindən öz qoşunlarını çıxarmağa başlamalıdır. 
						Bunu etmək çox asandır. Yalnız Ermənistan tərəfindən 
						siyasi iradə olmalıdır.  
						
						Nəhayət, sonuncu məsələ, Azərbaycan xalqı bir sual 
						verir:  Niyə Ermənistana sanksiyalar qoyulmur? Niyə 
						Avropa Şurasındakı Ermənistan nümayəndə heyəti səsvermə 
						və söz hüququndan məhrum edilmir? Onlar digər bir 
						ölkənin ərazilərini işğal ediblər, beynəlxalq hüquq 
						normalarını pozurlar, BMT Təhlükəsizlik Şurasının 4 
						qətnaməsini kobud şəkildə pozurlar və heç bir sanksiya 
						tətbiq edilmir, heç bir cəza verilmir. Qanunsuz, 
						kriminal Dağlıq Qarabağ rejiminin qondarma nümayəndələri 
						Avropa  paytaxtlarına  vizalar alırlar. Bu dözülməzdir 
						və buna son qoyulmalıdır.  
						
						
						AzərTAc  |