Bülbül adına Orta İxtisas Musiqi Məktəbində bir müəllim
çalışır - Rəsmiyyə Allahverdiyeva. O, ibtidai sinif
müəllimi kimi ömrünün 43 ilini bu məktəbdə musiqi
təhsili alan uşaqların təlim-tərbiyəsinə həsr edib.
Rəsmiyyə Allahverdiyevanın təqribən yarım əsrə bərabər
müəllimlik sənətində qazandığı təcrübəsi onun bu
yaxınlarda çap olunmuş "Ömür yolum" adlı (Bakı, "Elm və
təhsil" nəşriyyatı, 2014) kitabında ümumiləşdirilib.
Kitabı oxuduqca, bir gənc qızın ilk dəfə müəllimliyə
başladığı günlərdən ta nənə olduğu vaxta qədər keçdiyi
ömür yolu, artan təcrübənin, biliyin verdiyi nəticə göz
önündə canlanır.
Hər bir insanın həyatında ən həlledici anlardan biri ilk
müəlliminin ilk sözlərini dinləyərək dərsə necə
başlamasıdır. İnanın ki, bu həlledici zamanda bəlkə də
insanın xarakterini, taleyini, gələcək sənətini
müəyyənləşdirəcək yolların səmti ayırd olunur. İnsan
yetişdirməyin məsuliyyətinə yüklənmiş müəllim həyatının
cəmiyyət üçün əhəmiyyəti də bundadır. Ona görə də
dünyanın bütün qüdrətli millətləri ibtidai təhsilə və
ibtidai sinif müəllimlərinin qabiliyyətinə xüsusi önəm
vermişlər.
Musiqi məktəbində gənc nəslin ibtidai təhsili,
təlim-tərbiyəsi ikiqat məsuliyyətlidir. Çünki başqa
ümumtəhsil məktəblərindən fərqli olaraq burada musiqi
dərindən öyrədilir. Bütün təhsil boyu musiqi istedadının
cilalanmasına, gənc nəslin dünyagörüşünün
formalaşmasına, zəruri estetik biliklərə təməl
yaradılmasına, incəsənət dünyasının bənzərsiz
spesifikasının dərk olunmasına musiqi məktəblərində
xüsusi diqqət verilir. Rasional və emosional təfəkkürün
ahəngdar inkişafı musiqi harmoniyasının dərkində mühüm
şərtlərdəndir. Belə vacib amilləri, incəlikləri nəzərə
alan Rəsmiyyə Allahverdiyeva musiqi mədəniyyətimizin ilk
təhsil ocaqlarından birinə qədəm qoyan bütün
şagirdlərinə elə həssas münasibətlə dərs keçir ki, bu
onların ömründə silinməz izlər buraxır və beləliklə,
gələcəkdə musiqiçi olacaq insanların mənəvi dünyasının
zənginliklərə açılmasına bünövrə qoyulur.
Böyük Üzeyir bəy Hacıbəylinin əsasını qoyduğu, bir sıra
görkəmli musiqiçilərin, o sıradan Nazim Əliverdibəyovun,
Teymur Göyçayevin rəhbərlik etdikləri Bülbül adına Orta
İxtisas Musiqi Məktəbində Rəsmiyyə müəllim Azərbaycan
musiqi mədəniyyəti ənənələrini davam etdirməyə layiq,
savadlı, dünyagörüşlü bir nəslin yetişməsi üçün əlindən
gələni edir. Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin
direktoru, xalq artisti, Qara Qarayev adına Azərbaycan
Dövlət Kamera Orkestrinin dirijoru Teymur Göyçayev
kitaba daxil edilmiş məqaləsində Rəsmiyyə
Allahverdiyevanı "şərəfli insan" adlandırır və göstərir
ki, Rəsmiyyə xanım gənc müəllim həmkarlarına örnəkdir.
Elə kitabın digər portret-məqalələrində də Rəsmiyyə
Allahverdiyevanın bir müəllim kimi nəcib
xüsusiyyətlərindən bəhs edilir. Əməkdar incəsənət
xadimi, fəlsəfə üzrə elmlər doktoru, professor Nigar
Ələsgərova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət
Səfərova, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin
direktor müavinləri Aytən Əhmədova, Nigar Baxşıyeva,
eləcə də Rəsmiyyə müəllimin digər həmkarları, vaxtilə
dərs dediyi, bu gün də onunla doğma münasibətlərini
davam etdirən, çəkdiyi zəhmətin qədrini bilən
mütəxəssislər - Kəmalə Şıxəliyeva, Məhbubə Məmmədova,
Nərmin Mehdiyeva, Cavid Quluzadə, Leyla Əliyeva, Bakı
Musiqi Akademiyasının müəllimləri, sənətşünaslıq üzrə
fəlsəfə doktorları Aynur Xəlilova, Kəmalə Ələsgərli və
Turan Məmmədəliyeva, Milli Konservatoriyanın müəllimləri
Aynurə Məmmədova, Çinarə Mütəllibova, Pərvanə Rzayeva və
Rövşən Qurbanov, Azərbaycan Dövlət Milli Dram Teatrının
aktyoru Anar Heybətov, "Şəhər bağları" və "ClockTower"
komplekslərinin təhlükəsizlik xidmətinin rəisi Sahib
Nəcəfov, bəstəkar-pianoçu, Bəstəkarlar İttifaqının üzvü,
beynəlxalq müsabiqələr laureatı Pikə Axundova, gənc
bəstəkar Etibar Əsədli, həmçinin Rəsmiyyə müəllimin bu
gün təlim-tərbiyəsi ilə məşğul olduğu bacarıqlı
şagirdləri, eləcə də 4-cü sinif şagirdi Hidayət
Sadıqbəyli sevimli müəllim haqqında ən xoş sözləri dilə
gətirir, bu gün də onu özlərinin "arxası, dayağı"
sanırlar.
Bütöv bir musiqiçi nəslinin mənəvi bağbanı olan Rəsmiyyə
Allahverdiyevanın uzun illər münasibətdə olduğu insanlar
haqqında yazdığı kiçik oçerklər və bilavasitə tədris
praktikasının nümunələri kitaba xüsusi dəyər verir.
Çevrəsində olan insanların həmişə rəğbətini qazanan,
sayılıb seçilən, göstərdiyi xeyirxahlıqlarla fəxr edən,
bütün varlığı ilə xalqının köklü mədəniyyətinə, dilinə,
musiqisinə bağlı olan, əxlaqı, mərifəti, paklığı, saf və
məğrur həyat yolu gənc xanımlara və müəllimlərə nümunə
olan Rəsmiyyə Allahverdiyeva bu gün də yorulmadan
çalışır.
Azərbaycan maarifçilərinin təxminən 100-130 il bundan
qabaqkı səylərini, mübarizələrini yadımıza salaq. Onlar
necə arzulayırdılar ki, ölkə məktəblərində heç olmasa
bir azərbaycanlı qadın müəllim olsun. İndi onların sayı
minlərlədir. Böyük ənənələri olan Azərbaycan
maarifçiliyinin idealları, əlbəttə, məhz Rəsmiyyə
müəllim kimi ziyalı xanımlarımızın yüksək qabiliyyəti
sayəsində daha dolğun şəkildə həyata keçir. Müəllimlik
elə bir fenomendir ki, milli təhsil və mədəniyyətin
taleyi bilavasitə onunla bağlıdır. Müəllim şəxsiyyəti
isə təhsil mədəniyyətinin özəyini təşkil edir. Rəsmiyyə
Allahverdiyeva öz şəxsiyyəti ilə Azərbaycanda müəllimlik
sənətinin cəmiyyətimizə necə gərəkli olduğunu bir daha
göstərir.
Rahid ULUSEL,
fəlsəfə üzrə elmlər doktoru, professor |