Aprelin
24-də Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq
Sarayının Təsviri və Tətbiqi Sənət Salonunda "Hollandiya
- güllər ölkəsinə səyahət" mövzusunda keçirilən rəsm
sərgisinə yekun vurulub. Azərbaycanda Hollandiya günləri
çərçivəsində təşkil olunan sərgidə Bakı şəhər
məktəblilərinin ümumilikdə 300-ə yaxın rəsm işi nümayiş
etdirilib.
Tədbirdə Niderland Krallığının ölkəmizdəki fövqəladə və
səlahiyyətli səfiri Robert Jan Qabrielse, Azərbaycan
Respublikası Təhsil Nazirliyinin əməkdaşları iştirak
edib. Holland rəssamlarının da iştirak etdiyi yekun
mərasimində məktəblilərə Niderland Krallığının
ölkəmizdəki səfirliyinin sertifikatı və xatirə
hədiyyələri təqdim olunub. Rəsm işləri arasında ən yaxşı
3 əsərin müəllifi xüsusi hədiyyə ilə mükafatlandırılıb.
Xüsusi qabiliyyəti ilə seçilən şagirdlərə isə holland
rəssamları tərəfindən ustad dərsləri keçiriləcək.
Qeyd edək ki, sərgidə seçilmiş 26 rəsm işi "İçərişəhər"
Dövlət Tarix-Memarlıq Qoruğunda təşkil olunacaq
"Avrokənd" mədəni-kütləvi tədbirində nümayiş
etdiriləcək. |