Müasir
həyatı enerjisiz təsəvvür etmək mümkün deyil. İnsan
fəaliyyətinin bütün sahələri enerji ilə əlaqədardır.
Sənayenin, nəqliyyatın və bir sıra sahələrin inkişafı
enerjiyə olan tələbatı daha da artırmışdır. Lakin enerji
inkişafımıza xidmət etsə də onun istehsalı və istifadəsi
ətraf mühitə ağır zərbə vurur.
Planetimizi qorumaq, onu gələcək nəsillərə sağlam
çatdırmaq üçün qeyd edilən problemlərə yol açan
səbəbləri mümkün qədər aradan qaldırmaqda iştirak etmək
hamımızın borcudur. Hər birimiz üzərimizə düşən vəzifəni
dərk edərək, enerjidən daha qənaətlə istifadənin
yollarını tapmalıyıq.
Ekoloji böhran barədə dünyanın bir çox nüfuzlu
təşkilatları hər il çoxlu sayda tədbirlər həyata
keçirirlər. Bu tədbirlərin əsas ideyası müasir
cəmiyyətin bütün sahələrində enerjidən daha qənaətlə,
məqsədyönlü istifadənin yollarını araşdırmaq və ekoloji
fəlakətə səbəb olan faktorları minimuma endirməkdən
ibarətdir. Bu məqsədlə son illər ayrı-ayrı təşkilatlar,
cəmiyyətlər tərəfindən məktəbli layihələri də həyata
keçirilir. Belə layihələrdən biri də Norveç Təbiəti
Mühafizə Cəmiyyətinin Enerji və Resurslardan İstifadə
üzrə Beynəlxalq Məktəbli Proqramı (SPARE - School
Project for Application of Resources and Energy)
layihəsidir. Rayonumuz 2007-ci ildən SPARE məktəbli
layihələrində iştirak edir. Ekoloji fəlakətə səbəb olan
faktorlar barədə şagirdlərə məqsədyönlü, elmi surətdə
əsaslandırılmış məlumatlar verir, onlarda enerjidən
qənaətlə istifadə, mühüm həyat amilləri olan torpağın,
suyun və havanın çirklənməsinə səbəb olan fəaliyyət
növlərini minimuma endirmək vərdişləri aşılayırıq.
Ekoloji problemləri törədən səbəblər, onların fəsadları,
insanın sağlamlığına mənfi təsirləri və həmin fəsadların
qarşısının alınması işində hər bir müəllimin,
məktəblinin görə biləcəyi işlər barədə maarifləndirici
tədbirlər, aksiyalar keçiririk.
2007-ci ildən rayonumuzun ümumtəhsil məktəblərinin
müəllim və şagirdləri müxtəlif nominasiyalarda layihələr
işləmiş, diplomlar və qiymətli hədiyyələr qazanmışlar.
Ucar şəhər 4 nömrəli tam orta məktəbin şagirdi Cəlil
Hüseynli 2007-2008-ci dərs ilində hazırladığı maraqlı
modelə görə Beynəlxalq müsabiqə qalibi, şəhər 1, 2, 4, 5
nömrəli, Qazyan kənd 2 nömrəli tam orta məktəbləri isə
SPARE proqramının fəal layihəçi məktəbləri siyahısına
daxil olmuşdur. Bundan başqa 2011-ci ildə rayonun Qazyan
kənd 2 nömrəli tam orta məktəbində SPARE proqramı
çərçivəsində "İstiliyin qorunması, enerjiyə qənaət"
məqsədilə məktəbin damı izolyasiya edilmiş, sinif
otaqlarının xarab olmuş qapı-pəncərələri dəyişdirilərək
yeniləri ilə əvəz edilmiş, sobaların boruları bacalardan
çıxarılmışdır. Hazırda qış mövsümündə həmin sinif
otaqlarında yanacaq əvvəlkindən az sərf olunur, istilik
isə uzun müddət qalır.
Ötən dərs ilində şəhər 2 nömrəli tam orta məktəbdə 2
sinif otağının dam örtüyü dəyişdirilmiş, istiliyin
saxlanması məqsədiylə lazımi işlər görülmüşdür.
Azərbaycan Gənclər İttifaqının, Amerika Birləşmiş
Ştatlarının ölkəmizdəki səfirliyi və Norveç Təbiəti
Mühafizə Cəmiyyətinin dəstəyi ilə həyata keçirdiyi
"Yaşıl məktəbim" layihəsi çərçivəsində Azərbaycan
Respublikası Təhsil Nazirliyi məktəb administrasiyası
üçün 2013-cü ilin noyabr ayında Bakı şəhərində
"Məktəblərdə enerji effektivliyinin təşkili;
nəzəriyyədən praktikaya" adlı təlim keçilmişdir. Həmin
təlimdə rayonumuzun Ucar şəhər 2 və 4 nömrəli tam orta
məktəblərin direktorları, təsərrüfat işləri üzrə məsul
şəxslər və rayon təhsil şöbəsinin əməkdaşı iştirak
etmişlər.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin
əməkdaşlarının 2013-cü ilin dekabr ayında rayonun "Yaşıl
məktəbim" layihəsi iştirakçıları ilə Qazıqumlaq kənd 1
nömrəli tam orta məktəbində görüşü keçirilmişdir.
Görüşdə rayonun Qazıqumlaq kənd 2 nömrəli, Məlikballı,
Qaradağlı, Çiyni kənd tam orta məktəblərinin müəllim və
şagirdləri, rayon təhsil şöbəsinin əməkdaşları da
iştirak etmişlər.
Görüşdən sonra hər iki məktəbdən 2 müəllim və 10 şagird
olmaqla təlim keçirilmiş, layihələr yazılmışdır. Hər
məktəbdən 2 layihə olmaqla 4 layihə münsiflər heyətinə
təqdim olunmuşdur. Şəhər 2 nömrəli tam orta məktəbdən 2,
şəhər 4 nömrəli tam orta məktəbdən isə 1 layihə qalib
olmuşdur. Layihələrin həyata keçirilməsi üçün nəzərdə
tutulmuş işlər başa çatdıqdan sonra 21 fevral 2014-cü il
tarixdə şəhər 2 nömrəli tam orta məktəbdə qalib
layihələrin təqdimatı keçirilmişdir. Təqdimatda şəhər 1,
2, 3, 4, 5 və 6 nömrəli, Qazıqumlaq kənd 1 və 2 nömrəli,
Rəstəcə, Qarabörk, Qazyan kənd 1, 2 və 3 nömrəli tam
orta; Ə.Məmmədxanlı, Ramal kənd ümumi orta məktəblərinin
direktorları, bir qrup müəllim və şagird olmaqla 60
nəfər iştirak etmişdir.
Şəhər 2 nömrəli tam orta məktəbin müəllimləri Afaq
Cəfərova "Yaşıl zona, təmiz qida", Mehriban Qasımova
"İşıq həyatdır, həyatımızı qoruyaq"; şəhər 4 nömrəli tam
orta məktəbin coğrafiya müəllimi Mətanət Hüseynova
"Əşyaların ikinci həyatı" adlı layihələrinin təqdimatını
etmişlər. Toplantı iştirakçıları çıxış edərək ekoloji
problemlərin həllində belə layihələrin əhəmiyyətindən
danışmışlar.
Təqdimatdan əvvəl Azərbaycan Gənclər İttifaqının SPARE
Məktəbli Proqramının Tətbiqi Layihələri üzrə
koordinatoru Mir Abbas Məmmədov qalib layihələr
çərçivəsində görülmüş işlərlə tanış olmuş, şəhər 2
nömrəli tam orta məktəbin şagirdlərinin "Enerjini
qoru!", "Planeti qoru!" adlı rəsm sərgisinə baxmışdır.
Bu nailiyyətlər bizi hədsiz sevindirir və gələcək
uğurlarımıza stimul yaradır.
Təqdimatlarda tullantı materiallarının çeşidlənməsi,
təkrar istehsalı, məişət tullantılarının təbiətə vurduğu
ziyan, insan sağlamlığına ciddi təhlükəsi barədə video
çarxlardan istifadə edərək, müəlliflər maarifləndirici
fikirlərini iştirakçılarla bölüşmüşlər.
Cari dərs ilinin əvvəlindən SPARE Proqramı çərçivəsində
Ucar şəhər 4 və 5 nömrəli, Qazıqumlaq kənd 2 nömrəli tam
orta, Ramal və Ə.Məmmədxanlı kənd ümumi orta
məktəblərinin müəllim və şagirdləri müxtəlif
nominasiyalarda "Enerjini qoru!", "Planeti qoru!"
müsabiqəsində iştirak etdilər. Müsabiqənin yekununda
Qazıqumlaq kənd 2 nömrəli tam orta məktəbinin 10-cu
sinif şagirdi Xəyalə Məmmədova və rayonun Ramal kənd
ümumi orta məktəbinin informatika müəllimi Mətanət
Məmmədova müsabiqənin diplomlarını, qiymətli hədiyyələr,
digər iştirakçılar isə həvəsləndirici sertifikatlar
qazanmışlar.
Müsabiqə iştirakçılarının mükafatlandırılması məqsədilə
rayon təhsil şöbəsində keçirilmiş görüşdə RTŞ müdiri
Fuad İsrəfilov SPARE məktəbli müsabiqəsində rayonun
ümumtəhsil məktəblərinin yaxından iştirak etməsini,
onların diplomlara layiq görülməsini yüksək
qiymətləndirmiş, gələcəkdə də bu layihə və müsabiqələrdə
davamlı iştirak etmələrini arzulamışdır.
Rəna QASIMOVA,
Ucar RTŞ-ın metodisti |