Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Aprel 2014 - №15

 

Dünya ölkələrində ali təhsil

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda ölkəmizdə son illər ali təhsilin inkişafı, xüsusən də ali təhsildə Boloniya Bəyannaməsindən irəli gələn başlıca prinsiplərin tətbiqi, təhsilin bu pilləsinin müasir tələblər səviyyəsində modernləşdirilməsi istiqamətlərində görülmüş işlər xüsusi qeyd olunmuşdur. Sənəddə eyni zamanda yaxın perspektiv üçün əsas strateji hədəflər və tədbirlər də müəyyənləşdirilmişdir. Ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən və rəqabətqabiliyyətli mütəxəssis hazırlığını təmin edən ali təhsil standartlarının tətbiqi, ali təhsil müəssisələrinə təhsilin məzmununun tətbiqi, maliyyə müstəqilliyinin verilməsi və s. kimi hədəflər nəzərdə tutulmuşdur. Yaxın gələcəkdə hər 100000 nəfərə düşən ali məktəb tələbələrinin sayına görə Azərbaycan Respublikası üzrə göstəricilər əhəmiyyətli dərəcədə artırılmalıdır. Əhali təbəqələri və regionlar arasında, xüsusən ali təhsilə çıxış imkanları genişləndirilməlidir.

Bəs bu sahədə dünya ölkələrində vəziyyət necədir? Bir sıra inkişaf etmiş ölkələrdə ali təhsilin vəziyyəti ilə bağlı həmin ölkələrin səfirliklərindən, təhsil nazirlikləri və təhsilə aid qurumlarının rəsmi İnternet saytlarından əldə olunmuş materiallar əsasında aparılmış araşdırmaların nəticələrini təqdim edirik.


 Amerika Birləşmiş Ştatlarında ali təhsil 

Böyütmək üçün şəkili seçinTəhsil sistemi dünyanın ən qabaqcıl tələblərinə cavab verən Amerika Birləşmiş Ştatlarında universitetlər sadəcə ali təhsil müəssisələri deyil, həm də elmin bütün sahələri üzrə qabaqcıl elmi-tədqiqatların aparıldığı və böyük kəşflərin edildiyi elmi-tədqiqat mərkəzləridir.

Ali təhsil

ABŞ-da ali təhsil müəssisəsi anlayışının dəqiq təyinatı mövcud deyil. Orta məktəbdən sonra təhsil verən istənilən təhsil müəssisəsi kollec, məktəb, institut və hətta universitet adlandırıla bilər. Hər hansı təhsil müəssisəsinin statusunu müəyyənləşdirən yeganə meyar orada tədris olunan ixtisasların keyfiyyəti və həyata keçirilən elmi tədqiqatlar ola bilər.

Ali məktəblərə qəbul olunmaq üçün abituriyentlərə qarşı vahid tələblər yoxdur. İkiillik kolleclərə daxil olmaq üçün heç bir qəbul şərtləri və yaş məhdudiyyəti qoyulmur. Abituriyentlərdən sadəcə olaraq orta təhsil haqqında sənəd tələb edilir.

Ali təhsil müəssisəsinin növündən və nüfuzundan asılı olaraq, qəbul olmaq istəyənlərdən müsabiqə imtahanları, müsahibələr və test imtahanları götürülə bilər. Əsasən namizədlərdən aşağıdakı sənədlər tələb edilir:

- orta məktəb nailiyyətləri haqqında sənəd (GPA - Grade Point Average, orta bal);

- SAT (Scholastic Aptitude Test) - təhsil nailiyyətləri testinin nəticələri;

- müəllimlərin zəmanəti;

- yazılı inşa;

- liderlik potensialının olması haqqında və tədrisdənkənar tədbirlərdə (məsələn, məktəb qəzetində, idman komandalarında, yaradıcılıq müsabiqələrində, ictimai işlərdə) iştirakı təsdiqləyən sənədlər.

Amerika ali təhsilində çoxpilləli sistem qəbul edilib. Bu sistemə əsasən ölkədəki ali təhsil müəyyən dövrlərə bölünür.

Bakalavr (Undergraduate) dövrü 4 il davam edir və humanitar (Bachelor of Arts, BA) və ya təbiət elmləri (Bachelor of Science, BS) bakalavr dərəcəsinin alınması ilə başa çatır. Bakalavr kursunun proqramına təxminən 30 tədris fənni daxildir. Onlardan hər biri müəyyən kredit balı ilə qiymətləndirilir. Ümumilikdə, bakalavr dərəcəsini almaq üçün 120 kredit toplamaq lazımdır. Əgər tələbə müəyyən sayda mühazirədə iştirak edibsə (akademik saatlarla ölçülən), laborator işləri yerinə yetiribsə, müstəqil iş (referat, esse, hesabat və s.) yazıbsa, o zaman müvafiq krediti qazanmış hesab olunur.

Amerika təhsil sistemi özünəməxsus çevikliyi ilə fərqlənir. Məsələn, bakalavr proqramı üzrə təhsilin ilk iki ili bir sıra əsas fənlərin icbari qaydada öyrənilməsi nəzərdə tutulur. Növbəti iki ildə isə tələbələr kifayət qədər geniş siyahıdan istədikləri kursu seçə bilirlər.

Magistr (Graduate) dövrü magistr dərəcəsinin (MasterTs Degree) verilməsi ilə nəticələnir. Magistraturada təhsil iki ildir. Sonda məzunlar magistr dissertasiyası yazır və müdafiə edirlər.

Ali təhsil müəssisələri

ABŞ-ın ali təhsil müəssisələrinin sayı 4480-dən çoxdur. Buraya ikiillik və dördillik kolleclər, eləcə də universitetlər daxildir.

Universitetlər proqram seçimində və onların məzmununun müəyyən edilməsində sərbəstdirlər. Bundan əlavə, ölkənin ən yaxşı universitetləri böyük maliyyə sərbəstliyinə malikdirlər. Onların maliyyə mənbələri yalnız tələbələrdən alınan təhsil haqları hesabına deyil, həmçinin elmi-tədqiqat işlərindən, sponsor yardımından əldə edilən gəlirlər hesabına formalaşır.

Ölkənin ən qədim ali təhsil müəssisəsi 1636-cı ildə yaradılmış Harvard Universitetidir. 1693-cü ildən 1749-cu ilədək ABŞ-da daha dörd ali təhsil ocağı - Vilyam və Meri Kolleci (1693, Virciniya ştatı), Yel (1701), Prinston (1746) və Pensilvaniya (1749) universitetləri fəaliyyətə başlayıb. 

Digər universitetlər ərazilərə görə (Orta Qərb, Şimal, Cənub və Qərb bölgələri) bölünürlər. Bu sıraya öz ştatlarının büdcəsindən maliyyələşən dövlət universitetləri, ayrı-ayrı şəxslərin və ya fondların maliyyə vəsaiti hesabına fəaliyyət göstərən özəl universitetlər daxildir.  

Təhsilin sonunda bakalavr, magistr və doktorluq dərəcələri verilir. Kollec və universitetlər veriləcək dərəcələri və onları alacaq tələbələri özləri müəyyənləşdirir.

Amerika universitetləri tədris binaları, laboratoriyalar, kitabxanalar, yataqxanalar, müəllimlər üçün evlər, kafe və yeməkxanalar, idman və mədəni  kampuslar, təhsil şəhərcikləri ilə əhatə olunur. Tədris ili 2 və ya 3 semestrdən ibarətdir.

Mühazirələrdə, adətən, minədək tələbə iştirak edir. Hər tələbənin şəxsi tədris planı olur. Universitetlərdə daimi qruplar yoxdur. Müəllimlər adətən mühazirənin surətini tələbələrə payladıqları üçün konspekt tutmağa ehtiyac olmur. Hər semestrin sonunda imtahan və zaçotlar verilir. Bu zaman nailiyyət qazana bilməyən tələbələr universitetlərdən çıxarılmırlar. Onlara imtahanı bir neçə dəfə yenidən vermək imkanı yaradılır.

Dördillik kolleclər statusuna görə universitetlərə bərabər tutulurlar. Onların bəziləri müstəqil təhsil müəssisələri olsa da, digərləri universitetlərin tərkibində fəaliyyət göstərirlər. Kolleclərlə universitetlər arasında yeganə fərq kolleclərin yalnız bakalavr proqramı əsasında tədris aparmasından ibarətdir. Təhsilini magistraturada davam etdirmək istəyən tələbə universitetin magistr (Graduate) proqramına qəbul oluna bilər.  

Bundan əlavə, ABŞ-da ştatdaxili regional kolleclər də fəaliyyət göstərir. XX əsrin əvvəllərində yaradılan regional kolleclərdən ibarət sistemin əsas məqsədi məktəblə universitet arasında keçid yaratmaqdır. Bu kolleclərdə təhsil 2 il davam edir və Associate degree (Aralıq dərəcə) alınması ilə başa çatır. Bu dərəcə tələbələrə bakalavr dərəcəsi almaq üçün öz təhsillərini universitetlərdə davam  etdirmək  imkanı yaradır.  Regional  kolleclərin özünəməxsusluğu, onların ümumtəhsil proqramları və texniki sahələr üzrə ixtisasartırma kursları təklif etməsindən ibarətdir.

ABŞ-da tibbi təhsil ən bahalı təhsillərdən hesab edilir. Tələbələrin bir hissəsi təhsil haqqı ödəmək iqtidarında olmadıqlarından əsasən təhsil kreditləri hesabına oxuyurlar. Statistikaya əsasən, təhsilin sonunda Amerika Tibb Məktəbi məzunlarının əksəriyyətinin 100 min dollardan artıq borcu olur. Buna baxmayaraq, məzunların təcrübi və tədqiqat fəaliyyətlərinin ilk aylarında aldıqları yüksək məvaciblər təhsilə xərclənmiş vəsaiti ödəmək imkanı yaradır.

ABŞ-ın ən məşhur tibb məktəbləri arasında Oreqon Tibb və Elm Universiteti (Oregon Health & Science University), Miçiqan Dövlət Universiteti Osteopatik Tibb Kolleci (Mich. State U. College. of Osteopathic Medicine), Minnesota Universiteti (University of Minnesota), Con Hopkins Universiteti (Johns Hopkins University), Kolumbiya Universiteti Terapiya və Cərrahiyyə Kolleci (Columbia U. College of Physicians and Surgeons) və digər tədris ocaqlarının adlarını çəkmək olar.

Amerika ali təhsilindən danışarkən biznes təhsilini qeyd etməmək mümkün deyil. Belə ki, dünyada ilk biznes məktəbi - Tak Biznes Məktəbi (TuckTs School of Business) məhz ABŞ-da yaradılıb. Bu gün dünyanın aparıcı biznes məktəblərinin təxminən 60 faizi Amerikadadır. Bu ölkədə alınmış MBA (Master of Business Administration) diplomu bütün dünyada gələcək uğurlu karyeranın zəmanəti hesab edilir.

ABŞ-da 1500-dən artıq təhsil müəssisəsi MBA proqramları təklif edir. Amerikanın ən məşhur biznes-proqramlarına marketinq, maliyyə, beynəlxalq və İnternet biznesi, sahibkarlıq, pərakəndə satış və digər sahələr üzrə proqramlar aiddir. ABŞ biznes-məktəblərində təhsil iki il davam edir. Təhsil haqqı ildə təxminən 50 min dollardır. Amerika biznes məktəbinə daxil olan hər kəs qəbul komissiyasına təhsil haqqını ödəmə qabiliyyətinin olması ilə bağlı zəmanət təqdim etməlidir.

İlk MBA məktəbləri olan Harvard, Stenford və Barton məktəbləri uzun illərdir ki, dünya universitetlərinin reytinq siyahısında ilk üç pilləni tuturlar. Bəzən onlar reytinq siyahısında bir-birini əvəz edirlər.

Onu da qeyd edək ki, ABŞ-da 16-24 yaşlılar arasında təhsilini yarımçıq qoyanlar 2009-cu ildə 8,1 faizə qədər azalıb. Tələbələr arasında qızların sayı (10,9 milyon) oğlanlardan (8,3 milyon) çoxdur. Bütün tələbələrin 11,9 milyonu əyani təhsil, 7,2 milyonu isə qiyabi təhsil alır.

Əcnəbi tələbələr

ABŞ universitet və kolleclərdə təhsil alan əcnəbi tələbələrin sayına görə dünya lideridir. Tələbələrin Amerikanı seçməsinin bir sıra səbəbləri var. Amerikada geniş ixtisas seçimi və güclü elmi-tədris bazası mövcuddur. Amerika universitetləri sadəcə ali təhsil müəssisələri deyil. Onların hər biri elmin müxtəlif sahələri üzrə qabaqcıl tədqiqatların aparıldığı və kəşflərin edildiyi mərkəzlərdir.

ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri üzrə Bürosunun dəstəyi ilə Beynəlxalq Təhsil İnstitutunun  (Institute of International Education, IIE) hazırladığı illik hesabatına əsasən 2009-2010-cu tədris ilində ABŞ universitetlərinə 202 mindən çox əcnəbi tələbə qəbul olunub. Ümumilikdə, 2009-2010-cu tədris ilində ABŞ universitetlərində 700 minə yaxın əcnəbi tələbə təhsil alıb ki, bu da 2008-2009-cu ilin tədris ili ilə müqayisədə 2,9 faiz çoxdur.

Beynəlxalq Təhsil İnstitutunun  (Institute of International Education, IIE) məlumatına görə, 2008-2009-cu tədris ilində Amerikadan olan 260 mindən artıq tələbə xarici ölkələrdə təhsil alıb. Bu ölkələr arasında liderliyi Böyük Britaniya (12 faiz), İtaliya (10,5 faiz), İspaniya (9,3 faiz), Fransa (6,5 faiz) və Çin (5,3 faiz) tutur. Xarici dövlətlərdə oxuyan amerikalılar əsasən sosial elmlərə, biznes və idarəetmə, humanitar, tətbiqi incəsənət, rəssamlıq, fizika və yer haqqında elmlərə üstünlük verirlər.

Təhsil və yaşayış haqqı

ABŞ universitetlərində təhsil haqqı bir sıra meyarlardan asılıdır. Bu baxımdan təhsil ocağının statusu (dövlət və ya özəl, kollec və ya universitet), nüfuzu və konkret fakültə əsas götürülür. Ən aşağı qiymətlər dövlət kollecləri və universitetlərindədir. İlk ildə təhsilin məbləği orta hesabla 7 min, ikinci il 9-10 min ABŞ dolları ola bilər. Məsələn, Berkli Universiteti kifayət qədər tanınsa da, burada təhsil haqqı ildə təxminən 14-20 min dollar təşkil edir. Özəl ali təhsil müəssisələrində isə (məsələn, Stenford və ya Harvard universitetlərində) qiymətlər 30 min dollardan (qiymətlər tədris ilinə görə fərqlənə bilər) başlayır. Texniki ixtisaslar bahalı laboratoriya avadanlıqlarından istifadəni nəzərdə tutduğu üçün humanitar elmlərə nisbətən daha çox xərc tələb edir. Qeyd etdiyimiz kimi, Amerikada ən yüksək təhsil haqqı tibb ixtisası üzrədir.

Yaşayış qiymətləri isə universitetin yerləşdiyi ərazidən asılıdır. Həyat səviyyəsinə görə ölkənin ən bahalı şəhərləri Nyu-York, Los-Anceles və Çikaqodur. Ən ucuz yaşayış ölkənin kiçik əyalət şəhərlərindədir.

Tələbələrin xərclərinin əsas hissəsini yaşayış xərcləri təşkil edir. Universitet kampusundakı yataqxanalardakı otaqlarda qalmaq ildə 5-12 min dollara (universitetin yerləşdiyi ərazidən asılı olaraq) başa gəlir.

Təqaüd proqramları

ABŞ hökuməti Amerikada təhsil almaq istəyən əcnəbi tələbələr üçün xeyli sayda təqaüd təklif edir. Onların böyük hissəsi magistr və doktor proqramlarının iştirakçıları üçün nəzərdə tutulub. Lakin bakalavrlar üçün də təqaüdlər mövcuddur.

Qlobal Bakalavr Mübadiləsi Proqramı (UGRAD) çərçivəsində təqaüd I-III kurs tələbələrinə verilir. Bu, 1 və ya 2 il ərzində kənd təsərrüfatı, biznes, informatika, pedaqogika, iqtisadiyyat, beynəlxalq əlaqələr və digər istiqamətlər üzrə təhsil almaq imkanı yaradır.

Fulbrayt Proqramı (Fulbright Program) çərçivəsində magistraturada təhsil üçün incəsənət, humanitar və ictimai elmlər, texniki və təbiət elmləri, eləcə də ABŞ tarixi, hüquq, jurnalistika, psixologiya, kinematoqrafiya, teatr və incəsənət, sosiologiya, memarlıq və digər sahələr üzrə təqaüd ayrılır. Eləcə də bu proqram çərçivəsində Amerika universitetlərində magistr (MA- Master of Arts) dərəcəsinin alınması üzrə ikiillik qrantlar təklif edilir. Bundan əlavə, proqram Amerika universitetlərində və arxivlərində namizədlik dissertasiyası üçün material toplamaq məqsədilə elmi-tədqiqat işləri aparmağa birillik qrantlar ayırır.

Fulbrayt Proqramı üzrə təqaüdlər Azərbaycan vətəndaşları üçün də verilir. Bu proqram üzrə təqaüdlərin verilməsi açıq müsabiqə yolu ilə ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən hər tədris ilində həyata keçirilir. Ali təhsili (ən azı bakalavr dərəcəsi) olan, ingilis dilini bilən Azərbaycan vətəndaşları bu proqrama qoşulmaq üçün ərizə verə bilərlər.

ABŞ Konqresi tərəfindən 1992-ci ildə təsis edilmiş Edmund S.Maski Magistr Proqramının (Edmund S.Muskie Graduate Fellowship Program) məqsədi Avrasiya ərazisində iqtisadiyyatın və demokratiyanın inkişafına yardım göstərməkdir. Bu, ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri üzrə Bürosunun  proqramı olsa da, IREX tərəfindən həyata keçirilir. Proqram Azərbaycan, Rusiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukraynadan olan aspirantlara və  mütəxəssislərə ABŞ-da 1 il dərəcəsiz, 1 və ya 2 il müddətində isə dərəcə almaq üçün təhsil təklif edir.

1998-2008-ci illər ərzində təqribən 280-ə yaxın azərbaycanlı gənc bu proqramda iştirak edib. Proqram iştirakçıları magistr dərəcəsi almaqla yanaşı, bitirdikləri universitetdə ixtisasları üzrə 12 həftəlik təcrübə keçmək imkanı da qazanırlar. Ali təhsili (ən azı bakalavr dərəcəsi) olan, ingilis dilini bilən və biznes idarəçiliyi, iqtisadiyyat, hüquq, ictimai idarəetmə, ictimai siyasət, ətraf mühit, beynəlxalq əlaqələr, kitabxanaçılıq, təhsil və jurnalistika ixtisaslarından birinə yiyələnmək istəyən istənilən Azərbaycan vətəndaşı proqram üzrə təqaüd almaq üçün müraciət edə bilər.

Gənc Müəllimlərin İnkişafı Proqramı (JFDP) gənc ali məktəb müəllimləri üçün nəzərdə tutulur. Bu layihə tədris proqramlarının hazırlanması və tədris metodikasının təkmilləşdirilməsi sahələrini əhatə edir. Həmin proqram çərçivəsində müəllimlər ABŞ və Azərbaycanın ali məktəbləri ilə sıx əməkdaşlıq əlaqələri yaradırlar. Birillik akademik proqramda 2 aylıq stajkeçmə də nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, bu proqram elmi dərəcə alınmasını nəzərdə tutmur. 1999-2007-ci illərdə Azərbaycandan 35 nəfər bu proqramda iştirak edib.

Bunlardan əlavə, Amerikada hər universitetin öz təqaüd proqramı mövcuddur. Bir çox hallarda onlar əcnəbi tələbələrə də şamil edilir. Bəzən təhsildə və ya idmanda yüksək göstəricilər qazanmaq təqaüd almaq üçün əsas ola bilər. Adətən, bu cür təqaüdlərin məbləği yüksək olmur və təhsil xərclərinin yalnız bir qismini ödəyir.


Rusiyada ali təhsil  

Böyütmək üçün şəkili seçinKeçmiş SSRİ-nin varisi olan Rusiya Federasiyası Boloniya prosesinə ilk qoşulan ölkələrdəndir.

Ali təhsil

Rusiyada ali təhsil iki pilləyə bölünür: bakalavriat və magistratura. Ali təhsil proqramlarının normativ müddətləri aşağıdakı kimidir:

- bakalavr dərəcəsi almaq üçün təhsilin əyani forması üzrə bakalavriat proqramı - 4 il;

- mütəxəssis dərəcəsi almaq üçün əyani  forma üzrə mütəxəssis hazırlığı proqramı - 5 ildən az olmamaqla;

- təhsilin əyani forması üzrə magistr dərəcəsi almaq üçün magistr  proqramı - 2 il;

- elmi pedaqoji kadrların aspiranturaya (adyunktura)  hazırlığı proqramı - 3   ildən artıq olmamaqla.

Ali təhsilin tədris proqramını uğurla mənimsəmiş və yekun attestasiyadan keçmiş şəxslərə müvafiq qaydada ali təhsil təsnifatları (akademik dərəcələr) verilir. Bakalavriat proqramını mənimsəyənlərə - bakalavr, mütəxəssis hazırlığı proqramını başa vuranlara mütəxəssis, magistratura proqramını mənimsəyənlərə magistr, elmi pedaqoji kadrların aspirantura (adyunktura) hazırlıq proqramını keçənlərə ali məktəb müəllimi və ya tədqiqatçı, dissertasiya müdafiə etmiş şəxslərə isə elmlər namizədi diplomu verilir.

Rusiya hökuməti son illər ali təhsilin inkişaf etdirilməsinə xidmət edən müvafiq dəstək proqramlarının maliyyələşdirilməsi üzrə bir sıra qərarlar qəbul edib. Bu proqramlar çərçivəsində ayrılmış vəsaitlər istedadlı uşaqların dəstəklənməsinə, elmi-tədqiqat institutları yanında distant məktəblərin və federal universitetlərdə istedadlı gənclərin inkişafı mərkəzlərinin yaradılmasına sərf olunur. Bundan əlavə, federal universitetlərin maddi-texniki bazasının yaxşılaşdırılması məsələləri də diqqət mərkəzində saxlanılır.

2010-cu ildə ali təhsil müəssisələrində innovativ infrastrukturun dəstəklənməsi məqsədilə dövlət proqramı qəbul olunub. Bu proqram ali məktəblərdə innovativ mühitin formalaşmasını, təhsil ocaqları ilə sənaye müəssisələri arasında qarşılıqlı əlaqənin inkişaf etdirilməsini nəzərdə tutur.

Xarici ölkələrin tanınmış mütəxəssislərinin Rusiyaya dəvət olunması ali məktəblərə dövlət dəstəyinin bariz nümunəsidir. 2010-cu ildə Rusiya hökuməti "Aparıcı alimlərin Rusiya ali təhsilinə cəlb olunması tədbirləri barədə" qərar qəbul edib. Qərara müvafiq olaraq dövlət büdcəsindən bu tədbirlər üçün 2010-cu ildə 3 milyard rubl, 2011-ci ildə 5 milyard rubl, 2012-ci ildə isə 4 milyard rubl ayrılıb. Ayrılmış qrantlar müsabiqə əsasında hər bir elmi-tədqiqat işinə görə 150 milyon rubl həcmində müəyyənləşdirilib. Rusiya hökuməti yanında fəaliyyət göstərən qrantlar üzrə Şura bu vəsaitlərin ayrılması barədə yekun qərar verir və dövlət dəstəyi göstəriləcək elmi-tədqiqat sahələrinin adlarını da müəyyən edir. Dövlət dəstəyi göstərilən elmi-tədqiqat sahələri sırasına astronomiya və astrofizika, atom energetikası və nüvə texnologiyası, biologiya, biotexnologiya, hesablama maşınları və informasiya texnologiyaları, riyaziyyat, maşınqayırma, tibbi elmlər və texnologiya, kosmik tədqiqatlar və texnologiyalar, mexanika və idarəetmə prosesləri, nanotexnologiya, Yer haqqında elm, materiallar haqqında elm, psixologiya, koqnitiv araşdırmalar, radioelektronika, tikinti və arxitektura, fizika, kimya, ekologiya, iqtisadiyyat, beynəlxalq tədqiqatlar, sosiologiya, energetika və digər istiqamətlərə aid tədqiqatlar daxildir.

Keyfiyyətin aşağı olması Rusiya ali təhsilinin başlıca problemlərindəndir. Gənclərin 80 faizdən çoxunun ali təhsil almasına baxmayaraq, ölkədə mütəxəssis çatışmazlığı hiss edilir, savadlı hüquqşünaslar, iqtisadçılar və digər mütəxəssislər çatışmır.

Ali təhsildəki digər problemin isə orta təhsildən irəli gəldiyinə dair fikirlər səsləndirilir. Artıq Rusiyada orta təhsil müddətinin 12 ilə qaldırılması barədə müzakirələr aparılır. Bildirilir ki, universitetlərin birinci kurs tələbələrinə hələ orta məktəblərdə öyrənməli olduqları biliklər tədris olunur.

Eləcə də məktəbəqədər təhsilə diqqətin artırılması, uşaqların bağçalara cəlb olunma faizinin yüksəldilməsi məsələləri ətrafında müzakirələr aparılır.

Universitetlər

Rusiyada həm dövlət və həm də özəl ali təhsil müəssisələri mövcuddur. Ali məktəblərin filialları və müxtəlif regionlarda nümayəndəlikləri də fəaliyyət göstərir. Hər bir ali təhsil müəssisəsi muxtariyyət hüququna malikdir.

Ali məktəblər müvafiq qaydalara uyğun olaraq akkreditasiyadan (akkreditasiya ali məktəbə bir qayda olaraq attestasiyadan sonra verilir) keçməlidirlər. Ali təhsil müddəti, bir qayda olaraq, 4 ildən 6 ilə kimi davam edir. Ali təhsil əyani, axşam (əyani-qiyabi) və qiyabi formada həyata keçirilir.

Rusiya Federasiyasında ali təhsil müəssisələrinin aşağıdakı növləri mövcuddur:

Federal universitetlər federal dairələrin ərazilərində fəaliyyət göstərən aparıcı ali təhsil müəssisələri, elm və təhsil mərkəzləridir. Artıq Rusiyada 14-ə qədər federal universitet fəaliyyət göstərir.  

Universitetlər müxtəlif sahələri əha

tə edən zəngin tədris proqramlarına malik çoxprofilli təhsil müəssisələridir. Universitetlər unikal elm-təhsil kompleksi kimi xüsusi hüquqi statusa malikdirlər.

Universitetlər arasında yüksək nüfuza malik, Rusiya cəmiyyətinin inkişafında xüsusi əhəmiyyət kəsb edən iki ali təhsil müəssisəsinin - Moskva Dövlət Universiteti və Sankt-Peterburq Dövlət Universitetinin adlarını xüsusi qeyd etmək lazımdır.

Rusiyanın aparıcı və ən böyük ali məktəbi, milli elm və mədəniyyət mərkəzi olan Moskva Dövlət Universitetinin (MDU) tərkibində 9 elmi-tədqiqat institutu fəaliyyət göstərir. MDU-da 40 fakültə və 300-dən artıq kafedra var. Universitetdə 31 mindən artıq tələbə və 7 minə yaxın aspirant təhsil alır. Fakültə və elmi-tədqiqat mərkəzlərində 4 mindən artıq professor və müəllim, 5 minə yaxın elmi işçi çalışır. Universitetin sərəncamında ümumi sahəsi 1 milyon kvadratmetr olan 600-dən artıq bina və tikili var. MDU yalnız Moskvada 205,7 hektar ərazini əhatə edir. 1997-ci ildə MDU-nun Sevastopolda (Ukrayna), 2000-ci ildə Astanada (Qazaxıstan), 2006-cı ildə Daşkənddə (Özbəkistan), 2009-cu ildə isə Bakıda və Düşənbədə (Tacikistan) filialları açılıb. 

MDU-nun elmi kitabxanası ölkənin ən zəngin kitabxanası hesab olunur. Burada müxtəlif sahələrə aid həm rus, həm də xarici dillərdə əksər ədəbiyyatlar cəmləşib. MDU-nun nəzdində 1963-cü ildən ixtisaslaşmış elm-tədris mərkəzi-internat-məktəb fəaliyyət göstərir. Bu məktəb ölkənin ən perspektivli təhsil müəssisələrindən biri hesab olunur.

"World Reputation Rankings" jurnalının dünya universitetlərinin reytinq cədvəlində Rusiya ali məktəblərindən yalnız Moskva Dövlət Universiteti yer alıb. Jurnalın 2010-cu il üzrə tərtib etdiyi reytinq cədvəlində MDU 33-cü yerdə qərarlaşıb.

1724-cü ildə əsası qoyulmuş Sankt-Peterburq Dövlət Universiteti Rusiya ali təhsil müəssisələrinin flaqmanı hesab olunur. Universitet 290 illik fəaliyyəti ərzində ali təhsil sahəsində zəngin ənənələri ilə tanınıb, Rusiya elminin, təhsilinin inkişafına layiqli töhfələr verib. Hazırda universitetdə 32000-dən çox tələbə 20 fakültədə 323-dən çox ixtisasa yiyələnir. Sankt-Peterburq Dövlət Universitetində çalışanların ümumi sayı 14000 nəfərdən çoxdur. Təhsil ocağının professor-müəllim heyəti içərisində tanınmış akademiklər, elm adamları da az deyil. Kifayət qədər tanınmış məzunları olan universitetdə V.İ.Lenin, V.V.Putin, D.A.Medvedev və başqa məşhurlar təhsil alıb.  

Səhifəni hazırladı:
Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov