Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Aprel 2014 - №15

 

Lisey və gimnaziyalarda istiqamət (təmayül) üzrə təhsil özünü doğruldurmu?

 

Ali məktəblərə qəbul imtahanlarının və beynəlxalq olimpiadaların nəticələrinin təhlili nələri üzə çıxardı? 

Böyütmək üçün şəkili seçinÜmumi təhsil sistemində təlimin təmayüllər üzrə təşkili müxtəlif  fənlər üzrə xüsusi istedad və qabiliyyətə malik uşaqların daha da inkişaf etdirilməsi, onlara seçilmiş istiqamətlər üzrə dərin biliklərin verilməsi məqsədinə xidmət edir. Təmayül fənləri üzrə dərinləşdirilmiş proqramlarla tədrisin aparıldığı belə təhsil ocaqları adi ümumtəhsil məktəblərindən bir sıra üstünlüklərə malikdir. Belə ki, təmayüllü lisey və gimnaziyalara şagirdlər xüsusi seçim prosedurları vasitəsi ilə qəbul olunur, onların maddi-texniki bazası daha yüksəkdir, təmayül fənlərinin tədrisinə çox vaxt (saat) ayrılır. Eyni zamanda belə məktəblərə yüksək hazırlıqlı və ixtisaslı müəllimlər cəlb olunur. Təbii ki, bu üstünlüklərinə görə cəmiyyətin təmayüllü məktəblərdən gözləntiləri də çoxdur. Onların məzunları daha hazırlıqlı, seçilmiş təmayül fənləri üzrə yüksək bilikli olmalıdırlar.

Bəs, görəsən, bizim lisey və gimnaziyalarda vəziyyət necədir? Onlar öz profillərini doğrulda bilirlərmi? Suallarımıza cavab tapmaq üçün son 5 ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının həyata keçirdiyi qəbul kampaniyalarının və beynəlxalq fənn olimpiadalarının nəticələri ilə bağlı açıqlanmış rəsmi statistik təhlillər əsasında Təhsil Nazirliyinin birbaşa tabeliyində olan iki lisey və bir gimnaziya üzrə araşdırma apardıq.  

Fizika, riyaziyyat, informatika, yoxsa coğrafiya, ingilis dili təmayüllü lisey?! 

Araşdırmalarımızdan məlum oldu ki, fizika, riyaziyyat, informatika təmayüllü liseydə vəziyyət xüsusilə acınacaqlıdır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali məktəblərə qəbul imtahanlarının nəticələri üzrə apardığı və bu qurumun İnternet saytında da yerləşdirilmiş statistik təhlilə əsasən demək olar ki, son 5 ildə liseyin məzunları bilavasitə təmayül fənləri hesab olunan fizika və riyaziyyatdan heç də yüksək nəticələr göstərməyiblər. Əksinə olaraq, onların digər fənlərdən, xüsusən də coğrafiya və ingilis dilindən nəticələri daha yüksək olub. Fikrimizin sübutu üçün qəbul kampaniyasının nəticələri ilə bağlı bu liseyin məzunlarının imtahan fənlərindən cavablarını əks etdirən cədvəllərə nəzər salmaq kifayətdir. Məzunların ayrı-ayrı fənlər üzrə bilik səviyyələrini xarakterizə edən və onların sayını, liseyin ortastatistik məzununun verdiyi düzgün cavablarının faizi və cari qəbul kampaniyasında liseyin  fənlər üzrə reytinqi haqqında məlumatı özündə əks etdirən həmin cədvəllərdən aydın olur ki, liseyin 2009-cu il məzunları ən yaxşı nəticələri  coğrafiya fənnindən göstəriblər: bu fəndən ortastatistik məzun test tapşırığının 63,42 faizinə düzgün cavab verib. Liseyin əsas profil fənni olan riyaziyyat və fizikadan isə göstəricilər müvafiq olaraq 51,24 və 52,04 faiz olub.

2010-cu və 2011-ci illərdə də liseyin məzunları analoji olaraq, ən yaxşı nəticələri coğrafiya fənnindən  göstərmişlər. 2012-ci ilin qəbul kampaniyasında məzunların ən yüksək nəticələr göstərdikləri fənn dəyişsə də (ingilis dili - 64,14%), əsas profil fənlər olan riyaziyyat və fizika üzrə göstəricilər əvvəlki ildəkindən xeyli azalaraq müvafiq şəkildə 50,14 və 46,34 % olub.

2013-cü ilin qəbul kampaniyasını isə məzunlarının qəbul imtahanlarında əldə etdikləri nəticələrə görə bu liseyin tarixində bəlkə də, ən uğursuz il hesab etmək olar. Belə ki, ötənilki qəbul imtahanlarında liseyin məzunlarının ən pis nəticələri riyaziyyat fənni üzrə qeydə alınıb (45,55%). Fizika üzrə göstərici də son 5 ilin ən aşağı göstəricilərindən olub (47,75%). Məzunların ən yüksək nəticələri isə yenə də, qeyri-ixtisas fənni olan ingilis dili fənnindən olub. Bu göstəriciləri nəzərə alsaq, lisey fizika-riyaziyyatdan daha çox coğrafiya, ingilis dili təmayüllü lisey təsiri bağışlayır.  

Bəlkə, ana dili, biologiya və coğrafiya təmayüllü lisey? 

Təhsil Nazirliyinin tabeliyindəki kimya və biologiya təmayüllü liseyin analoji göstəricilərinə nəzər saldıqda isə bir qədər fərqli mənzərənin şahidi olduq. Belə ki, araşdırma apardığımız 5 illik müddətin son 3 ilində (2011-2013-cü illər) liseyin məzunlarının biologiya fənni üzrə nəticələri qənaətbəxş olsa da, onlar kimya fənnindən olduqca aşağı nəticələr göstəriblər. 2009 və 2010-cu illərdə isə lisey məzunlarının ən yaxşı  nəticələri coğrafiya və ana dili fənlərindən olub. Lakin burada da düşündürücü məqam var. Axı bu lisey, adından göründüyü kimi, həm də kimya təmayüllüdür. Liseyin son 5 ildəki nəticələrinə nəzər salsaq görərik ki, məzunlar kimya fənnindən, konkret desək, heç bir nailiyyət əldə edə bilməyiblər. Ötən il isə liseyin məzunları kimya fənni üzrə 50,79  faiz nəticə göstəriblər. Hətta bu nəticə müəssisənin profilindən uzaq olan bir fəndən - ana dilindən (51,42 faiz) də aşağı olub.

Məncə, bu məsələ üzərində də düşünmək lazımdır.

 Coğrafiya yenə də birincidir 

Araşdırmaya cəlb etdiyimiz üçüncü təhsil ocağının - Təhsil Nazirliyinin tabeliyindəki S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyanın müvafiq göstəriciləri də bizi məyus etdi.

Belə ki, gimnaziyanın məzunları son 5 ildə qəbul imtahanlarında profil fənni üzrə yalnız bir dəfə ən yaxşı nəticə göstəriblər: 2012-ci ildə ortastatistik məzun ingilis dili fənni üzrə test tapşırığının 61,83%-nə düzgün cavab verib. Qalan illərdə isə məzunlar ən yaxşı nəticələri iki dəfə ana dilindən və hərəsi bir dəfə olmaqla tarix və coğrafiya fənlərindən göstəriblər.

Hər üç müəssisənin imtahan nəticələrinin təhlili göstərir ki, bu məktəblərin məzunlarının qəbul imtahanlarında təmayül fənlərindən orta göstəriciləri hətta nadir hallarda belə 70 faizə çatıb. Son 5 ilin statistikasına baxsaq, bu göstəriciləri ölkənin ucqar bölgələrində yerləşən, lazımi təhsil şəraiti olmayan yüzlərlə adi məktəbin nəticələrində də görə bilərik. Bəs onda bu fənn təmayüllü liseylər nə üçündür? 

Beynəlxalq olimpiadaların nəticələrinin təhlili daha acınacaqlıdır 

Hər üç tədris ocağının fənn olimpiadaları üzrə nəticələri ilə də maraqlandıq. Beynəlxalq fənn olimpiadalarının obyektivliyinə heç kimin şübhə etmədiyini əsas götürüb son 5 ildəki nəticələri nəzərdən keçirdik.

Təhsil Nazirliyinin rəsmi saytından əldə etdiyimiz məlumatdan aydın oldu ki, burada da nəticələr acınacaqlıdır. Belə ki, "istedadlarla" işləyən, öz profilləri üzrə ən istedadlı şagirdləri seçib götürən və bu istedadları daha da "inkişaf" etdirən hər üç təhsil ocağı üzrə  bir şagirdin belə adı beynəlxalq olimpiadaların qalibləri sırasında yoxdur. Nəticələrə baxdıqca  bizdə  maraq  doğuran  suallar  yarandı. Əgər Sumqayıtda yerləşən adi bir məktəbin (22 nömrəli məktəbin) 2 şagirdi beynəlxalq olimpiadanın qalibi olursa, onda istedadlarla işləyən bu lisey və gimnaziyaların heç bir yetirməsinin bu mühüm yarışlarda nəticə əldə edə bilməməsini necə qiymətləndirmək olar? Əgər ölkənin təhsil infrastrukturunun paytaxtla müqayisədə aşağı olduğu Lənkəran, Quba, Şəki kimi bölgələrindəki məktəblərdən son 5 ildə beynəlxalq olimpiadaların 20-yə yaxın qalibi olursa, ölkənin mərkəzində, hər cür maddi-texniki avadanlıqlarla təchiz olunmuş təmayüllü məktəblərin bu istiqamətdə fəaliyyətsizliyini nə ilə izah etmək olar?

Nəzərə alsaq ki, təhlil kifayət qədər böyük müddət (son 5 il) üzrə aparılıb və bu müddət ərzində lisey və gimnaziyalarda təmayül fənlərindən göstəricilər yüksək olmayıb, onda onların profili üzərində düşünməyə əsas yaranır.

Əlbəttə, bu nəticələr hər birimizi məyus edir. Xüsusilə də, övladlarını fizika, riyaziyyat, kimya, biologiya və xarici dil fənləri üzrə yetişdirmək istəyi ilə bu təhsil müəssisələrinə üz tutacaq valideynləri. Amma yəqin ki,  mütəxəssislər bu barədə düşünməli, müəyyən tədqiqat, təhlillər aparmalı, bunun əsil səbəblərini aydınlaşdırmalıdırlar.

Bu gün Təhsil Nazirliyinin ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsi üzrə genişmiqyaslı iş apardığı, keyfiyyətə ciddi nəzarət olunduğu bir dövrdə təhsil müəssisələri öz üzərlərinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirməli, yüksək təlim nəticələri əldə etməlidirlər. Riyaziyyat, fizika, informatika, kimya, biologiya fənləri üzrə beynəlxalq olimpiadalara, bilik yarışlarına hazırlıq mərkəzi kimi fəaliyyət göstərməli olan bu liseylərin hazırkı durumu və nəticələri isə yalnız təəssüf doğurur.

Yəqin ki,  təhsilimizin inkişafı ilə bağlı Təhsil Nazirliyinin atdığı sərt və cəsarətli addımlar bu müəssisələrə rəhbərlik edənləri də qəflət yuxusundan ayıldacaq. Axı dövlət bu müəssisələrdə istedadlı uşaqların inkişafı üçün hər il milyonlarla vəsait xərcləyir! 

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov