Müsahibimiz
BDU-nun cinayət hüququ və kriminologiya kafedrasının
müdiri, hüquq elmləri doktoru, professor Firudin
Səməndərovdur
Firudin Yusif oğlu Səməndərov 1939-cu il aprelin 12-də
Saatlı rayonunun Molday kəndində anadan olub. 1948-ci
ildə S.Vurğun adına Saatlı qəsəbə orta məktəbində
birinci sinfə gedib. 1958-ci ildə həmin məktəbi gümüş
medalla başa vurub. 1958-1961-ci illərdə ordu
sıralarında hərbi xidmətdə olub. 1961-ci ildə Azərbaycan
Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsinə
daxil olub. 1966-cı ildə ali təhsilini başa vurduqdan
sonra elə həmin fakültədə cinayət hüququ kafedrasında
aspirant saxlanılıb. 1970-ci ildə namizədlik, 1995-ci
ildə doktorluq dissertasiyalarını müdafiə edib. 1969-cu
ildən ADU-nun cinayət hüququ kafedrasında müəllim,
dosent vəzifələrində çalışıb. 1997-ci ildən həmin
kafedranın professorudur. 1985-1989-cu illərdə ADU-nun
hüquq fakültəsinin dekanı, 1992-1993-cü illərdə BDU-nun
rektoru olub. Ailəlidir, iki övladı, iki nəvəsi var.
10-dan artıq dərsliyin, dərs vəsaitinin və
monoqrafiyanın, 60-dan artıq elmi məqalənin müəllifidir.
1995-ci ildən Azərbaycan Respublikası Prezidenti yanında
Hüquqi islahatlar komissiyasının, eyni zamanda
Respublika Ali Məhkəməsi yanında Elmi Məsləhətlər
Şurasının, Respublika Prokurorluğu yanında Elmi-metodik
Şuranın üzvüdür, Azərbaycan Respublikası Təhsil
Nazirliyinin hüquq üzrə Elmi-Metodiki Şurasının
sədridir.
- Tərcümeyi-halınızdan məlum olur ki, sadə ailədə
böyümüsünüz. Bəs sizi elmə, təhsilə kim həvəsləndirib?
- İlk növbədə, müəllimlərim. İnanın ki, mənim o dövrdəki
müəllimlərim, yəni əllinci illərin müəllimləri müqəddəs
insanlar idi. Çox vaxt o müəllimlərimi mən göz
yaşlarımla xatırlayıram. O nəsil təmənnasız bir nəsil
idi, dünyaya gəldilər və silinməz izlərini
yaddaşlarımıza yazıb getdilər. Bu gün də hər il mart
ayının on yeddi-on səkkizi gedirəm rayona,
doğmalarımın, müəllimlərimin hamısının məzarlarını
bir-bir ziyarət edirəm, üstünə gül qoyuram. Çünki, o
müəllimlər qeyri-adi insanlar idi.
- Əvvəldən hüquqşünas olmağı qərarlaşdırmışdınız?
- Xeyr. Arzum jurnalist olmaq idi, 1958-ci ildə orta
məktəbi gümüş medalla bitirib jurnalistika fakültəsinə
imtahan verdim. Dedim, gənclik arzularımdır da, imtahan
verirəm, ya qismət. Qiymət aldım, kəsilmədim, amma
müsabiqədən keçə bilmədim. Sonra çıxdım getdim orduya.
- Uşaqlıq illərinizi necə xatırlayırsınız?
- 1958-ci il idi. Mən də müharibənin şinelindən çıxmış
adamam. Gözümü dünyaya açar-açmaz müharibə gördüm, faciə
gördüm, dəhşətlər gördüm. Bundan başqa bir şey görmədim.
Atam fin müharibəsində iştirak edib, xəstə olduğu üçün
dörd aydan sonra tərxis olunmuşdu. 1941-ci ilin
yanvarında xəstəlikdən rəhmətə getdi.
Atam vəfat edəndə bacım anamın bətnində olub, atamın
ölümündən bir neçə ay sonra doğulub. Bacım da, mən də
qalmışıq ana ümidinə. Anam çox mərdanə bir qadın idi. Ən
azı beş qadının işini görərdi. Bir də görürdük, beş
kiloqram arpa və ya buğda anama mükafat veriblər.
Yadıma düşür ki, anam bir dəfə çox qiymətli bir
qolbağını, acından ölməyək deyə, beş kiloqram arpaya
dəyişdi. Səkkiz-doqquz il olar ki, anam dünyasını
dəyişib. Həmişə mənə elə gəlir ki, nə anama, nə də
nənəmə heç nə eləyə bilməmişəm. Anam mənim ona qayğı
göstərməyimə də qıymırdı. Deyirdi ki, ailən var,
uşaqların var, mənə etmək istədiyini ailən üçün elə. Hər
il rayona gedib anamın da, nənəmin də məzarlarını
ziyarət edirəm.
Atam dünyasını dəyişəndən sonra əmim bizi çəkib
qanadına. 1945-ci ilə qədər o baxıb bizə. Mən çox
sonralar bildim ki, o mənim babam yox, əmimdir.
Dünyasını dəyişənə qədər mən ona əmi yox, baba dedim.
Onu da deyim ki, mənim çox gözəl bir nənəm vardı. Adı
Qumru xanım idi. Qeyri-adi insan idi, nənəm-əslində baba
dediyim əmimin həyat yoldaşı idi. O qədər mehriban,
gözəl insandı ki... Mən onun himayəsi altında böyüdüm.
İndi də nənəmi gözümün qarşısına gətirəndə kövrəlirəm.
Nənəm 70-ci illərin ortalarına qədər yaşadı.
Vəziyyət o qədər ağır idi ki... Rayonumuzda 1943-1944-cü
illərdə uşaq evi açmışdılar. Kənddə 80-90 ev vardı.
Onun altmışının, yetmişinin qapısı sahibsizlikdən
bağlanmışdı. Çünki evlərdəki başıpapaqlılar həlak
olmuşdular. Analar, uşaqlar isə aclıqdan, məhrumiyyətdən
bir-bir qırılırdı. Rayonda uşaq evinin açılması
kimsəsiz uşaqlar üçün böyük bir xilas yolu oldu. Onların
geyimi, qidalandırılması bizlərdən çox fərqli idi. Hətta
biz ev uşaqları hərdən onlara həsəd də aparardıq. Bir
gün anama dedim ki, ana, onsuz da dolana bilmirik, məni
də apar qoy uşaq evinə. Anam çox fikirləşdi, götürdü
apardı məni uşaq evinə. Qapını döydü, açan olmadı. Anam
qayıtdı dedi ki, bala, bilirsən nə var, mən qəti olaraq
istəmirəm səni uşaq evinə verim, acından ölsən də,
mənimlə birgə öləcəksən. Beləcə, anam qaytardı gətirdi
məni evə.
Mən Qumru nənəmə "ana" deyirdim. Öz anam isə bir dəqiqə
dayanmaq bilmirdi, elə gecə-gündüz hey çalışırdı ki,
bizi dolandıra bilsın, ehtiyaclarımızı ödəsin. Kişi
qohumlarımızdan kənddə demək olar ki, heç kim
qalmamışdı. Ya müharibədə idilər, ya da həlak
olmuşdular. Altı-yeddi yaşım olardı. Bir gecə təzə
yatmışdım. Bir də gördüm, qoca nənəm gəldi ki, dur
gedək, baban səni istəyir. Mənim atam dünyasını
dəyişəndə əmim ona deyibmiş ki, rahat uyu, nə qədər
canımda can var, mən qoymayacam ki, sənin o bircə dənə
nişanən yetimçilik çəksin, mən onu böyüdəcəyəm. Nə isə.
O gecə nənəm məni oyadıb apardı babamın yanına. Babam
məni aldı qucağına. Gördüm babam həm xırıldayır, həm də
od kimi yanır. Dedi, ay Qumru, bu uşaq bizim nəslin
sonbeşiyidir, ondan başqa heç kəsimiz yoxdur. Səni
Allaha tapşırıram, onu da sənə. Sən Allah bu uşaqdan
muğayat ol. Sonra da dedi ki, mən Yusifə söz vermişdim
ki, qoymayacam Firudun yetim kimi böyüsün. Amma görünür
taleyin məsləhəti beləymiş. Mən babamın bu söhbətindən
heç nə başa düşmədim. Nənəm məni apardı uzandırdı
yerimə. Səhər oyananda gördüm həyətdə çoxlu adamlar
var, heç demə, babam gecə rəhmətə gedib. Babam hörmətli
kişiydi. Kənddə kim vardısa hamı, eşidən-bilən tökülüb
gəlmişdi. Yerimdən qalxıb qaçdım babamın yatdığı otağa.
Gördüm babam yoxdu. Oturdum yatağın bir tərəfində,
başladım ağlamağa. Nənəm gəldi. Qucaqladı məni, dedi ki,
bala, təmkinli, ol, hamımız nə vaxtsa öləcəyik.
- İkinci Dünya müharibəsindən az qala 70 il ötüb keçsə
də, siz sanki hələ də o müharibənin əzablarından
qurtulmamısınız.
- Doğrudan da elədir. Üstəlik ən zəif yerim uşaq
evləridir. Bayramlarda həmişə sovqat aparırdım o
uşaqlara. Az qala oradakı uşaqların hər birinin
tərcümeyi-halını bilirdim. Sonra 2012-ci ildə Təbrizdə
qəzaya uğradım, uzun müddət Bakıda xəstəxanada yatdım.
- Quş qanadlı arzular...
- Müharibə illərində o qədər yoxsulluq içində yaşamışam
ki, istəyirəm vətəndaşı olduğum respublikada bir nəfər
belə yoxsul, imkansız adam olmasın. Mənim uşaqlığım
olmayıb. Çətin illər idi. Hərə bir ovuc duzu götürüb
çıxardı çölün düzünə, ot-əncər, yemlik, gəlinbarmağı
yığıb yeyərdi... Gözümün qabağına gələn ən böyük faciə
qadınların bitib-tükənməyən əziyyətləri idi. Bütün
kişiləri müharibəyə getmiş kəndin qadınları yer
şumlayırdılar, taxıl əkirdilər, ən ağır işlər
onların çiyinlərində idi.
- Kəndinizdə məktəb var idi?
- Öz kəndimizdə məktəb yox idi. Elə həsrət çəkirdim ki,
kaş məni də məktəbə aparan olaydı. Düz səkkiz yaşım
olanda birinci sinfə getmişəm. Qonşu Saatlı kəndində
böyük klub vardı, onun binasını məktəb eləmişdilər, mən
o məktəbdə oxumuşam. Ordudan qayıdanların əksəriyyəti
müəllimlik edirdi. Mən onda gördüm ki, onlar necə
vicdanlı adamlar idi. Ancaq əsas peşəkar, ixtisaslı
müəllim nəsli əllinci illərdən sonra gəldi. 1954-1955-ci
illərdə məktəbə elə insanlar gəldi ki, bizim
dünyagörüşümüz dəyişdi, baxışlarımız dəyişdi...sanki
qeyri-adi aləmə düşdük. Çox tələbkar müəllimlər idi,
amma çox da ədalətli idilər. Bir riyaziyyat müəllimimiz
vardı- Məmməd müəllim. Onun yaşadığı kəndlə məktəbimizin
arasındakı məsafə beş kilometr idi. O hər gün yay-qış
sübh tezdən durub o yolu piyada məktəbə, dərs deməyə
gələrdi. Bir dəfə də olsun biz onu dərsə gecikən
görmədik. Bir Əliağa müəllimimiz vardı, məktəbimizin
direktoru idi. Özü Azərbaycan Dövlət Universitetini
bitirmişdi. Ənvər Məmmədxanlının "Buz heykəl" hekayəsini
necə danışmışdısa, səsi bu gün də qulağımdadır.
Nizaminin "İskəndərnamə"sini elə danışırdı ki, biz
sanki, əsrlərin əvvəlinə qayıdıb o aləmə düşürdük. Bir
gün bizə "Payız" şeirini əzbərləməyi tapşırmışdı.
Hamımız dərsə hazırlıqlı gəlmişdik. Şeiri əzbərdən
söyləsək də, müəllim heç birimizdən razı qalmadı. Dedi
ki, hamınız bir şeyi unutmusunuz. Bu "Payız"da incə bir
kədər var. Siz heç biriniz o kədəri duymamısınız. Sanki
şeirdə təbiət də İskəndərə yas tutur.
- O illərdən ən çox nə qalıb yadınızda?
- 1950-ci illər idi. Anam möhkəm xəstələnmişdi. O vaxt
kolxoz işindən qalmaq cinayət sayılırdı. Ona görə də həm
anamın yerinə çalışır, həm də dərslərimə ciddi
fikir verirdim.
Bir gün kolxoz üçün səhərə qədər ot daşıdıq. Birdən
ayaqlarıma gürzə dolaşdı. Çox möhkəm qorxdum. Yaxınımda
da kimsə yoxdu. Hava şehli idi. Deyirlər, hava şehli
olanda ilanlar mürgülü olurlar. Doğrudan da ilan
ayağımdan açılıb getdi...
- Sizi hüquq fakültəsinə gətirən amillər?
- Hərbi xidmətdə olanda fəlsəfə kursuna getməyim
dünyagörüşümün zənginləşməsində çox mühüm rol oynadı.
Nümunəvi xidmətimə görə məni ordudan iki ay tez
buraxdılar evə. İki yoldaş idik. Mən Azərbaycan Dövlət
Universitetinə imtahan verdim. O biri yoldaşım isə tibb
universitetinə. Əynimizdə əsgər paltarı. Özümüz də
hərbiçilərin gözləmə zalında gecələyirdik. 524 nəfər
sənəd verən abituriyentdən 25 nəfər qəbul edildi. Onun
biri mən idim. Həmişə deyirəm ki, o tələbə ki, ali
təhsil almağın həsrətini çəkir, onun gələcəyi var. Kimsə
kiminsə xatirinə ali təhsil alırsa, çətin ki, o elm
adamı ola. Ali məktəbə qəbul olunanların siyahısında öz
adımı görəndə çox təsirləndim. İllərlə həsrətini
çəkdiyim arzuma artıq çatmışdım. Sevindiyimdən ağladım.
Universitetdən yavaş-yavaş piyada düşdüm Bakı Sovetinə
sarı. Bir də gördüm arxadan kimsə bir adam məni səslədi.
Baxıb gördüm ki, orta məktəb müəllimimdi. Məni evinə
qonaq apardı.
- Tələbəlik illəriniz necə keçdi?
- İlk semestrdə bir qədər çətinliyim oldu. Çünki təqaüd
almırdım. Hələ əsgər paltarımı da soyunmamışdım...Bir
müddət gecələr gözətçi işlədim.
O illərdə təqaüdümüzün məbləği 18 manat idi. Amma deyim
ki, bu 18 manat çox bərəkətli pul idi. Pul təzə
dəyişmişdi, əməlli-başlı dəyəri vardı. Hər şey çox ucuz
idi.
İkinci kursdan vəziyyətim yaxşılaşdı. Çünki yaxşı
oxuduğum üçün əlaçı təqaüdü alırdım, onun da məbləği 70
manat idi.
- Bəs necə oldu ki, həyatınızı ömürlük BDU-ya
bağladınız?
- Ali təhsilimi bitirdikdən sonra aspirantura təhsili
almaqdan ötrü getdim Moskvaya. İl yarım orada oxudum,
sonra qayıtdım Bakıya, elmi işimi müdafiə elədim.
1969-cu ilin dekabrından bu günə kimi mən Bakı Dövlət
Universitetinin divarları arasındayam. Bakı Dövlət
Universiteti mənim ikinci evimdir. Yəni cavanlığım da
burada keçib, gəncliyim də, qocalığım da... İndi də üzü
səksənə yol gedirəm.
- Müəllimlik ən şərəfli bir işdir deyənlər yanılmır...
- Mən ilk dəfə müəllim kimi fəaliyyətə başlayanda
auditoriyalarımız Nizami küçəsi, 49 ünvanında
yerləşirdi. Böyük arzu ilə müəllimlik etmişəm.
Tələbələrim mühazirəmə qulaq kəsiləndə, zəhmətimin hədər
getməməsinə sevinmişəm. 46 ildir ki, auditoriyada tələbə
qarşısındayam. Tələbələrim çoxdur. 47 nəfər elmlər
namizədi, 3 nəfər elmlər doktoru yetirməm var.
- Bu divardakı şəkillər kimlərdir?
- Burada mənə dərs deyən müəllimlərimin şəkillərini
divara vurdurmuşam. Başda Vahid Qəhrəmanov, Tofiq
Qafarov olmaqla, Allah hamısına qəni-qəni rəhmət eləsin.
Həmişə onların xatirəsini böyük ehtiramla yad edirəm.
- Bir an belə unutmadığınız müəlliminiz?
- Qələm tutmağı, yazı yazmağı mənə öyrədən ilk müəllimim
Qəmbər müəllim olub. Mən onu bu gün də unutmuram.
- Deyəsən, təbiətcə çox kövrəksiniz...
- Elədir. Bu kövrəklik də mənə çətinliklə keçən uşaqlıq
illərimdən yadigardır.
- Tələbələrlə münasibətinizi hansı prinsiplər üzərində
qurursunuz?
- Tələbələrimlə elə münasibət qurmuşam ki, məni pedaqoq
kimi yox, bir valideyn kimi qəbul edirlər. Əsl müəllim
əslində tələbə üçün ikinci valideyndir.
- Azərbaycanda hüquqşünaslıq...
- Dünya sivilizasiyasında hüququn əsas iki sahəsi var:
Biri mülki hüquqdu, o biri cinayət hüququdur. Cinayət
hüququ vətəndaş hüququdur. O ölkədə ki cinayət az baş
verir, o ölkədə əmin-amanlıqdır, xalqın rifahı yaxşıdır.
Mən sabaha həmişə ümidlə baxıram ki, hər halda hər şey
yaxşı olacaq. Ölkə rəhbərliyinin son iyirmi ildə
götürdüyü xətt dinc yaşamağımıza imkan yaradır. Amma
bizi istəməyən qüvvələr də az deyil. Qarabağ probleminin
kökündə məkrli planlar dayanır. 1992-1993-cü illərdə
əyani şöbədə oxuyan tələbələrimdən hər ay 30 nəfər
Qarabağa döyüşə göndərilirdi. Mən hərbi kafedranın
rəhbərinə göstəriş verdim ki, hərbi hazırlıq keçməyən
heç kim cəbhəyə göndərilməsin. Tələbələrimi ön cəbhəyə
yola salandan sonra oturub uşaq kimi ağlayırdım. O
illərdə səkkiz nəfər tələbəm qayıtmadı, şəhid oldu,
onların xatirəsi hər zaman ürəyimi göynədir. Hamısı
əyani şöbənin tələbələri idi. Deyirdilər ki, vətənimizi
dardan qurtaraq, təhsili ondan sonra da gəlib ala
bilərik.
- Firudin müəllim! "Azərbaycan müəllimi" redaksiyasının
kollektivi adından sizin 75 illik yubileyinizi təbruk
edirik, sizə sağlam ömür arzulayırıq.
- Çox sağ olun, minnətdaram. Mənə olan bu diqqətə görə
həm Təhsil Nazirliyinin rəhbərliyinə, həm də qəzetinizin
kollektivinə təşəkkür edirəm.
Bu 75 illik ömür əslində mənim cəmiyyətə verdiyim bir
hesabatdır. Yaşadığım ömrün 50 ilinin hesabatı: mən bu
əlli ildə nə işlər görmüşəm, cəmiyyətə hansı xeyri
vermişəm. Ömür karvanı mənzil başına yaxınlaşdıqca,
düşünürəm ki, ömrümün ən işıqlı səhifələri
tələbələrimdir.
Söhbəti yazdı:
Ellada UMUDLU,
"Azərbaycan müəllimi" |